"Azad olunmuş ərazilərin bərpası və inkişafı dörd mərhələdə həyata keçiriləcək" - Mikayıl Cabbarov

İşğaldan azad edilmiş torpaqların bərpası və inkişafı konsepsiyası Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq hazırlanıb. Onun hazırlanması və müzakirəsi prosesində iqtisadi şurada bütün rəylər nəzərə alınıb və aidiyyəti üzrə təqdim edilib.
1news.az xəbər verir ki, bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov Prezident İlham Əliyevin sədrliyi ilə 2020-ci ilin yekunlarına həsr olunmuş videoformatda müşavirədə deyib.
M.Cabbarov bildirib ki, işğaldan azad olunmuş ərazilərin bərpası və inkişafı istiqamətində dövlət tərəfindən həyata keçiriləcək tədbirlər və həmin rayonların iqtisadi potensialı ölkəyə, xüsusilə də qeyri-neft sektoruna yeni yerli və xarici investisiyaların cəlb olunmasına zəmin yaradacaq:
"İşğaldan azad olunmuş ərazilərin bərpası və inkişafı ilə bağlı kompleks yanaşmanı təmin etmək üçün dörd mərhələdə fəaliyyətin həyata keçirilməsi nəzərdə tutulur. İlkin mərhələdə idarəetmə və təhlükəsizlik, infrastruktur məsələlərinin həllini, növbəti mərhələlərdə isə sosial xidmətlərin fəaliyyətini, iqtisadiyyatın yenidən qurulması və inkişafı məsələsini özündə ehtiva edir.