ABŞ-da iğtişaşlar: ölənlər və yaralananlar var - VİDEO
ABŞ Prezidenti Donald Trampın prezident seçkilərinin nəticələrindən narazı qalan tərəfdarları iğtişaşlar tördiblər.
1news.az xəbər verir ki, bu barədə “NBC News” məlumat yayıb. Bildirilib ki, Konqres binası qarşısında Trampın tərəfdarları ilə polis arasında qarşıdurma baş verib.
Qeyd edək ki, bundan əvvəl ABŞ Konqresində seçkilərin nəticələrinin təsdiqlənməsinə dair etirazlarla bağlı müzakirələr aparılıb. Bir qrup senator Arizona ştatında seçici səsinin təsdiqlənməsinə etiraz edib. Bundan sonra, Konqresin ümumi iclasına rəhbərlik edən vitse-prezident Mayk Pens iclasın qapalı olduğunu, palatalarında etirazları ayrı-ayrılıqda müzakirə edəcəyini və müvafiq səsvermə keçirəcəyini bildirmişdi.
Polisin bütün cəhdlərinə, gözyaşardıcı qaz və səs bombasından istifadə etməsinə baxmayaraq Trampın tərəfdarları ABŞ Konqresinin binasına daxil olublar.
Paytaxt polisinin rəhbəri Robert Kontinin sözlərinə görə, etiraz aksiyaları zamanı ümumilikdə dörd nəfər ölüb, azı beş nəfər yaralanıb.
Son məlumatlara görə, ABŞ-da Kapitoliya hazırkı prezident Trampın tərəfdarlarından təmizlənib, etirazçılar Konqres binasından çıxarılıb.
Kolumbiya polisi ən az 13 nəfərin nəzarətə alındığını açıqlayıb. Bildirilib ki, saxlanılanlar başqa şəhərlərdən gələn şəxslərdir. CNN isə təxminən 20 nəfərin saxlanıldığı barədə məlumat yayıb.
ABŞ-ın yeni seçilmiş prezidenti Cozef Bayden Kapitoliya binası qarşısında polislə Tramp tərəfdarları arasında yaranan qarşıdurma zamanı xalqa təcili müraciət edib. Baydenin müraciəti onun Rəsmi Tvitter hesablarından birində yerləşdirilib.
C.Bayden hazırkı prezident Donald Trampdan televiziyaya çıxmağı və Kapitoliyanın "mühasirəsinə" son qoyulmasına çağırış etməyi tələb edib: “Tramp Konstitusiyanı müdafiə etmək andını yerinə yetirmək üçün dərhal televiziya qarşısına çıxmalı və tərəfdarlarından Konqresin yerləşdiyi Kapitoliyanın “mühasirəsinə” son qoyulmasını tələb etməlidir”.
Bildirilib ki, yeni seçilmiş prezident bundan əvvəl ABŞ paytaxtında baş verənləri "qiyam" adlandırıb.
Vaşinqton meri Müriel Bauzer hazırkı Prezident Donald Trampın tərəfdarları tərəfindən törədilən iğtişaşlar səbəbindən şəhərdəki fövqəladə vəziyyəti daha 15 gün uzadıb. Qərar şəhər administrasiyasının rəsmi veb-saytında yerləşdirilib.
Bauzer verdiyi açıqlamada çoxlarının şiddət və dağıntı yaratmaq məqsədi ilə Vaşinqtona gəldiklərini bildirib. O qeyd edib ki, bu hisslər Trampın keçmiş seçkilərin qanunsuzluğu barədə "nifrət və şiddət" nitqindən məğlubiyyətini etiraf etməməsindən qaynaqlanır. Bununla əlaqədar olaraq şəhərdəki fövqəladə rejim 21 yanvar tarixinə qədər uzadılıb. Beləliklə, yeni seçilmiş prezident Co Baydenin 20 yanvarda keçiriləcək andiçmə mərasimini bu müddətə düşəcək.
Xatırladaq ki, yanvarın 6-da Trampın tərəfdarları Konqres Binasına hücum edib Senat Zalını mühasirəyə alaraq, Senat və Nümayəndələr Palatasının son seçkilərin nəticələrini təsdiqləməyi planlaşdırdığı iclasa müdaxilə ediblər. Tramp tərəfdarlarını dinc hərəkət etməyə və polisi dəstəkləməyə çağırıb. Konqres binası daha sonra etirazçılardan təmizlənib.
1news.az