İlham Əliyev: XX əsrdə belə barbarlıq, şəhərlərin və kəndlərin qəsdən məhv edilməsi görünməyib
Siz Ağdamda və Füzulidə olmusunuz, işğalçı qüvvələrin bizim şəhərləri viran qoyduğunu özünüz görmüsünüz. Vaxtilə Qarabağın çiçəklənən, on minlərlə insanın yaşadığı Ağdam və Füzuli şəhərləri tamamilə dağıdılıb. Füzulidə bircə salamat bina yoxdur. Ağdamda da bütün binalar sökülüb, yalnız qismən dağıdılmış məscid qalıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Baş katibi Bağdad Amreyevi videoformatda qəbul edərkən danışıb.
Xarici jurnalistlərin Ağdamı “Qafqazın Xirosiması” adlandırdığını diqqətə çatdıran dövlətimizin başçısı deyib: “Fikrimcə, eyni sözləri Füzuli şəhəri, həmçinin işğal altında olmuş başqa şəhərlər haqqında da demək olar. Zəngilan da, Cəbrayıl da, Qubadlı da praktiki olaraq tamamilə dağıdılıb. Təkcə şəhərlər yox, kəndlər də. Siz Füzuliyə, Ağdama gedəndə yol boyunca yəqin ki, tamamilə dağıdılmış kəndləri görmüsünüz. Bütün bu dağıntılar Birinci Qarabağ müharibəsi başa çatandan sonra törədilib, məhz bu ərazilərdə Azərbaycanın mədəni irsinin izlərini məhv etmək üçün. Həm də ondan ötrü ki, azərbaycanlıların bu ərazilərə qayıtmalarına heç vaxt imkan verməmək üçün, eləcə də sırf oğurluq, qarət üçün”.
Prezident qeyd edib ki, işğal olunmuş bəzi ərazilərdə süni məskunlaşdırma siyasəti aparılırdı, bu, Cenevrə konvensiyalarının ən kobud şəkildə pozulması və hərbi cinayətdir. “Özü də, işğalın ilk illərində Ermənistanın əvvəlki hakimiyyəti bu faktları gizlədirdisə, indiki hakimiyyət bununla fəxr edir, internetdə və özünün kütləvi informasiya vasitələrində Yaxın Şərqin digər dövlətlərinin erməni millətindən olan vətəndaşlarının buraya gəlməsi, Şuşada və digər şəhərlərdə məskunlaşması barədə videoçarxları nümayişkaranə şəkildə dərc edir, bununla da həm beynəlxalq hüquq normalarına, həm də insani əxlaq normalarına tam etinasızlıq göstərirdi”, - deyə dövlətimizin başçısı vurğulayıb.
Bəşər tarixində çoxlu müharibələr və dağıntılar olduğunu qeyd edən Prezident İlham Əliyev deyib: “Lakin mənim fikrimcə, XX əsrdə belə barbarlıq, vandalizm və dağıntılar, şəhərlərin və kəndlərin qəsdən məhv edilməsi görünməyib”.
S.Xankişiyeva