Mehriban Əliyevanın təşəbbüsü ilə Azərbaycanda 650 min ağacın əkilməsi aksiyası İspaniyada mükafata layiq görülüb – FOTO
“LG Electronics” şirkətinin İspaniya üzrə baş ofisinin Madrid şəhərində yerləşən mənzil-qərargahında ətraf mühitin qorunmasına töhfə vermiş ölkələrin mükafatlandırılması mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, “LG Electronics” şirkətinin İspaniya üzrə baş ofisi Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə 2019-cu ildə Azərbaycanda elan olunmuş “Nəsimi ili” çərçivəsində bir gündə 650 min ağacın əkilməsi aksiyasını yüksək qiymətləndirərək, buna görə ölkəmizi mükafata layiq görüb. Təşkilatçılar Azərbaycan tərəfindən planetimizin yaşıllaşdırılmasına və karbon-dioksid qazının həcminin azaldılmasına verilən töhfəni təqdir ediblər.
Sözügedən mükafatı ölkəmiz adından qəbul edən səfir A.Məhərrəmov mükafata görə “LG Electronics” şirkətinin İspaniya üzrə baş ofisinin prezidenti Xayme de Xaraisə təşəkkür edib. O, respublikamızda ətraf mühitin, fauna və flora ehtiyatlarının qorunmasının əsas prioritet istiqamətlərdən biri olduğunu qeyd edib. Tədbirin təşkilatçılarına və iştirakçılara Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə ölkəmizdə bu sahədə həyata keçirilən layihə və aksiyalar barədə ətraflı məlumat verilib. Bu nəcib aksiyaların qlobal iqlim dəyişikliyinin təsirlərinin azaldılmasına, ölkəmizdə, eyni zamanda, dünyada yaşıllığın artmasına verdiyi əhəmiyyətli töhfədən bəhs edilib.
Mehriban Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondu tərəfindən hələ 2007-ci ildən etibarən ölkəmizdə ətraf mühitin mühafizəsi məqsədilə “Hərəmiz bir ağac əkək!” aksiyasının həyata keçirilməyə başlandığı qeyd olunaraq, sözügedən layihə çərçivəsində ölkə ərazisində bir milyondan çox yeni ağacın əkildiyi diqqətə çatdırılıb.
Respublikamızda ətraf mühitin qorunması ilə bağlı geniş məlumatlandırma kampaniyası aparan, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2011-ci ildə fəaliyyətə başlamış IDEA (Ətraf Mühitin Mühafizəsi naminə Beynəlxalq Dialoq) İctimai Birliyinin ölkəmizin yaşıllaşdırılmasında əhəmiyyətli rolundan bəhs olunaraq, IDEA-nın BMT-nin Ətraf Mühit Proqramı (UNEP) ilə birlikdə “Yaşıl həftə” təşəbbüsünün uğurla həyata keçirildiyi, IDEA tərəfindən müxtəlif ölkələrdən olan gənc ekoloqların şəbəkələşməsinin təmin edildiyi diqqətə çatdırılıb.
Tədbir zamanı Çili və Çex Respublikası da ətraf mühitin qorunmasına verdikləri töhfəyə görə müvafiq mükafata layiq görülüblər.
S.Xankişiyeva