ABŞ-də Meta şirkətinə 25 milyard dollar cərimə kəsilib

ABŞ-nin Nyu-Meksiko ştatında məhkəmə istifadəçilərin şəxsi məlumatlarının məxfiliyi ilə bağlı onları yanıltmasına görə Meta şirkətini 25 milyard dollar cərimələyib.
1news.az xarici KİV-lərə istinadən xəbər verir ki, hakim Frensis Metyu sentyabr ayında andlı iclasçılar Meta-nı ştatın istehlakçı hüquqlarının müdafiəsi haqqında qanunlarını pozmaqda təqsirli bildikdən sonra cərimə barədə qərar qəbul edib.
Nyu-Meksiko ştatının baş prokuroru Raul Torres mətbuat konfransında qərarın Silikon Vadisində fəaliyyət göstərən şirkətlərə aydın mesaj verməli olduğunu bildirib.
“Bu qərar Silikon Vadisinə açıq və aydın mesaj olmalıdır”, – deyə o vurğulayıb.
Cərimə təhsil xərclərinə yönəldiləcək
Nyu-Meksiko ştatının Konstitusiyasına əsasən, istehlakçı hüquqlarının müdafiəsi haqqında qanunların pozulmasına görə tətbiq edilən cərimələr ştatın təhsil xərclərinə yönəldilir.
Raul Torres qərarın ştatda məktəblərin tikintisini növbəti 100 il ərzində maliyyələşdirməyə imkan verəcək həcmdə olduğunu bildirib. Bununla yanaşı, o, Meta-nın gözlənilən apellyasiya şikayəti səbəbindən vəsaitdən bir müddət istifadə edilməsinin mümkün olmaya biləcəyini də qeyd edib.
87 milyon istifadəçinin məlumatları satılıb
Məhkəmə işi Facebook-un təxminən 87 milyon istifadəçi profilinə aid məlumatların üçüncü tərəfin hazırladığı şəxsiyyət testi vasitəsilə toplanaraq siyasi konsaltinq şirkəti Cambridge Analytica-ya satılması ilə bağlı məlumatların məxfiliyinin pozulması iddialarına əsaslanır.
Cambridge Analytica qalmaqalı necə baş verib?
Kembric Universitetinin tədqiqatçısı Aleksandr Koqan Facebook vasitəsilə istifadəçilərə təqdim edilən “This Is Your Digital Life” adlı şəxsiyyət testi tətbiqi ilə 87 milyon nəfərin məlumatlarını toplayıb. Həmin məlumatlar 2016-cı ildə siyasi konsaltinq şirkəti Cambridge Analytica-ya satılıb.
Britaniyanın Channel 4 televiziya kanalının üzə çıxardığı qalmaqal zamanı Cambridge Analytica-nın bu məlumatlardan 2016-cı il ABŞ prezident seçkilərində Donald Trampın qələbəsinə kömək etmək məqsədilə istifadə etdiyi məlum olub.
Qalmaqalın ictimailəşməsindən sonra Facebook-un baş icraçı direktoru Mark Zukerberq ABŞ Senatında ifadə verib.











