“Yenilməz” romanının təqdimat mərasimi keçirilib – FOTO

Fevralın 5-də Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsində komitənin 25 illik yubileyinə həsr edilmiş “Yenilməz” romanının təqdimatı keçirilib.
1news.az-ın verdiyi xəbərə görə, tədbirdə Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov, yazıçı İlqar Fəhmi, Respublikanın əməkdar artisti Nicat Kazımov, bəstəkar Ruhin Məmmədov və “Motivator Azerbaijan” layihəsinin yaradıcısı Rüfət Həsənov iştirak ediblər.
Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov bildirib ki, Komitənin və Heydər Əliyev Fondunun birgə təşkilatçılığı ilə 2019-cu ilin noyabr ayında keçirilmiş “Yenilməz” beynəlxalq qala təqdimatı romanın və mahnının yazılmasına vadar etdi:
“Yenilməz” layihəsi Vətən müharibəsi qaziləridə daxil olmaqla ölkəmizdə Paralimpiya hərəkatının inkişafına böyük təkan verəcək. Roman əlilliyi olan bir şəxsin həyatından bəhs edir. O, qəza nəticəsində əlil arabasına düşərək bir müddət çox böyük istirablarla, çətinliklərlə üzləşir. Lakin Paralimpiya hərəkatına qoşulandan sonra onun həyatı dəyişir. O yenidən özünü tapır”.
İ.Rəhimov “Yenilməz” romanının yazılması və Komitənin 25 illik yubileyi ilə bağlı işlərdə verdiyi dəstəyə görə bp Azərbaycan şirkətinə minnətdarlığını bildirib.
Komitə prezidenti bildirib ki, 2012-ci ilin yanvar ayında "bp" şirkəti və Azərbaycanın Milli Paralimpiya Komitəsi arasında tərəfdaşlıq sazişi imzalanan gündən, bp Azərbaycan daima Komitənin və idmançıların yanında olub, ölkəmizdə Paralimpiya hərəkatının inkişafına böyük dəstək verib.
“Yenilməz” romanının müəllifi, yazıçı İlqar Fəhmi bildirib ki, əsərin əsas ideyası insanın hər hansı bir çətinlikdə olmasına rəğmən sona qədər həyat uğrunda mübarizə aparması, həyatda öz yerini tapmağa çalışması üzərində qurulub və əsərin gedişatı boyu biz tək baş qəhrəmanımız yox, başqa paralimpiyaçıların da həyatından və yaşadıqları çətinliklərdən , əzab-əziyyətlərdən və paralimpiya sahəsində özlərini təsdiqləməsindən fraqmentlər də görəcəyik.
Daha sonra Milli Paralimpiya Komitəsinin 25 illiyinə həsr edirlmiş “Yenilməzlər” mahnısı və klipinin təqdimatı keçirilmişdir. (sözlərin müəllifi – Nicat Kazımov, bəstəkar – Ruhin Məmmədov)
Qeyd edək ki, görmə məhdudiyyəti olan şəxslər üçün “Yenilməz” romanının audio versiyası buraxılacaq.
Xatırladaq ki, 1996-cı ildə iki idmançı ilə başlanan Azərbaycan Paralimpiya hərəkatına bu gün minlərlə idmançı qoşulub. İdmançılarımız bu günə qədər 6 paralimpiya oyunlarında iştirak etmiş, onlarla medal qazanmışlar. İdmançılarımızdan 7 nəfəri paralimpiya çempionlarıdır ki, onlardan da iki nəfəri ikiqat paralimpiya çempionudur.






S.Xankişiyeva