Azərbaycan Prezidentinin “Maire Tecnimont Group” şirkətinin nümayəndə heyətini qəbul etməsi İtaliya mətbuatı tərəfindən geniş işıqlandırılıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İtaliyanın “Maire Tecnimont Group” şirkətinin sədri Fabrizio Di Amatonun başçılıq etdiyi nümayəndə heyətini videoformatda qəbul edərkən səsləndirdiyi fikirlər bu ölkənin çoxsaylı kütləvi informasiya vasitələri, o cümlədən “İnside Over”, “KmetroO”, “Scenari İnternazionali”, “Notizie Geopolitiche”, “Giornale Diplomatico”, “Agenzia Nova” və digər mətbuat orqanları tərəfindən geniş işıqlandırılıb.
1news.az-a Səfirlikdən verilən xəbərə görə, materiallarda Prezident İlham Əliyevin Vətən müharibəsi dövründə italyan xalqının Azərbaycanla həmrəy olduğu, İtaliya mediasının bu məsələyə obyektiv yanaşdığı, ölkələrimiz arasında münasibətlərin uğurla inkişaf etdiyi, ötən il İtaliyaya dövlət səfərinin bunu bir daha göstərdiyi, bu iki ölkənin strateji tərəfdaşlıq haqqında sənəd imzaladıqları və reallığın da onların strateji tərəfdaş olduqlarını nümayiş etdirdiyi ilə bağlı fikirlərinə yer verilib.
Habelə Prezident İlham Əliyevə istinadla Bakıda İtaliya-Azərbaycan Universitetinin təsis edilməsi istiqamətində işlərin aparıldığı, bu ali təhsil ocağının ölkələrimiz arasında sıx dostluq əlaqələrinin güclənməsinə kömək edəcəyi qeyd olunub.
Eyni zamanda, dövlətimizin başçısını İtaliyanın “Maire Tecnimont Group” şirkətinin Azərbaycanda fəaliyyəti barədə fikirlərinə yer verilib, bu şirkətin ölkəmizdə dəyəri 1,6 milyard avrodan çox olan layihələrə cəlb olunduğu, Sumqayıtda inşa etdiyi zavodun açılış mərasimində İtaliya Prezidenti Sercio Mattarellanın da iştirak etdiyi bildirilib.
Həmçinin SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavodunun modernizasiya və yenidənqurma layihəsi çərçivəsində “Maire Tecnimont S.p.A.” qrupunun törəmələri olan “Tecnimont S.p.A.” və “KT-Kinetics Technology S.p.A.” şirkətləri ilə 2 mühəndislik, təchizat və tikinti (EPC) sazişinin imzalaması da İtaliyanın kütləvi informasiya vasitələrinin diqqət mərkəzində olub. “Il Sole 24 Ore”, “Adnkronos”, “Repubblica”, “Corriere della Sera”, “Il Messaggero”, “Milano Finanza”, “Affari Italiani”, “Sol di Online”, “Finanza Online”, “Borsa Italiana”, “Borse”, “Finanza” və digər mətbuat orqanları bununla bağlı geniş informasiyalar yayıb.
S.Xankişiyeva