Beynəlxalq platformalar vasitəsilə Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması hər zaman diqqət mərkəzində olub
Azərbaycanın xarici siyasətində beynəlxalq təşkilatlarla fəal əməkdaşlıq mühüm yer tutur. Bu istiqamətdə ölkəmiz ötən illər ərzində böyük nailiyyətlər əldə edib. Beynəlxalq platformalar vasitəsilə Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması hər zaman diqqət mərkəzində olub və bu amil öz müsbət nəticələrini verib.
Bunu 1news.az-a açıqlamasında Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, YAP-ın Beynəlxalq əlaqələr şöbəsinin müdiri Sevinc Fətəliyeva deyib.
S.Fətəliyeva bildirib ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi də bu baxımdan vacib beynəlxalq platformadır. Nizami Gəncəvi Beynəlxalq Mərkəzində dövlət və hökumət başçıları olmuş şəxslər, dünyanın nüfuzlu ictimai-siyasi xadimləri təmsil olunur ki, bu da çox önəmlidir. “Onu da qeyd etmək lazımdır ki, Vətən müharibəsi zamanı təşkilatın İdarə Heyəti Azərbaycanın apardığı haqq savaşına öz açıq dəstəyini ifadə etdi, Qarabağ məsələsinin həllində Azərbaycanın ədalətli mövqeyini dəstəklədiyini ortaya qoydu. Bu məqamı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 23-də Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldini videoformatda qəbul edərkən vurğuladı".
Deputat diqqətə çatdırıb ki, dövlətimizin başçısı artıq münaqişənin başa çatdığını qeyd edərək, heç vaxt olmadığı kimi indi beynəlxalq birliyin həqiqətləri bilməsinin vacibliyini bildirdi. Çünki indi xarici diplomatlar, beynəlxalq medianın nümayəndələri işğaldan azad olunmuş əraziləri ziyarət edəndə hesab edirəm ki, onlar işğal nəticəsində bizim tarixi abidələrimizin, mədəni abidələrimizin nə vəziyyətə salındığını görürlər. Bizim əraziləri işğal edənlər hər şeyi məhv ediblər: "Dövlətimizin başçısı ümidvar olduğunu bildirib ki, pandemiyadan sonra Mərkəzin növbəti tədbirində, həmçinin Mərkəzin üzvlərinin də işğaldan azad edilmiş bir sıra əraziləri ziyarət etmək və ola bilsin, orada müəyyən tədbiri təşkil etmək fürsəti olacaq. Təbii ki, bu, erməni vandalizminin dünya ictimaiyyətinə çatdırılmasında əhəmiyyətli rol oynayacaq.
Deputat qeyd edib ki, Mərkəzin həmsədri İsmail Serageldin tərəfindən Azərbaycanın dini mənsubiyyətindən asılı olmayaraq, bütün tarixi abidələri qorumasının nümunəvi addım olmasına dair fikirləri də böyük əhəmiyyət kəsb edir: “Bu, inkarolunmaz həqiqətdir. Çünki Azərbaycanda bütün xalqların, dinlərin nümayəndələri bərabər hüquqlar çərçivəsində yaşayır. Bütün etnik qrupların, dinlərin nümayəndələrinə böyük hörmət göstərilir, müxtəlif dinlərin abidələri dövlət səviyyəsində qorunur. Azərbaycanda multikulturalizm dövlət siyasətidir. Eyni zamanda, Azərbaycan dünyada tolerantlıq mərkəzi kimi tanınır. Bütün bunlar dövlətimizin siyasətində mühüm yer tutur”.