Cavanşir Feyziyev: “Qarabağın azad edilməsi türk dövlətlərinin maraqlarına xidmət edən yeni geosiyasi vəziyyət yaradıb” | 1news.az | Xəbərlər
Siyasət

Cavanşir Feyziyev: “Qarabağın azad edilməsi türk dövlətlərinin maraqlarına xidmət edən yeni geosiyasi vəziyyət yaradıb”

Qafar Ağayev17:39 - 01 / 04 / 2021
Cavanşir Feyziyev: “Qarabağın azad edilməsi türk dövlətlərinin maraqlarına xidmət edən yeni geosiyasi vəziyyət yaradıb”

Ötən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının qeyri-rəsmi Zirvə Görüşü onlayn formatda keçirilib.

Zirvə görüşündə bir çox məsələlərə toxunulub. Zirvə görüşündə çıxış edən Prezident İlham Əliyev çıxışında əsas yeri Qarabağ məsələsinə ayırmışdı. Vətən müharibəsində türkdilli dövlətlərin Azərbaycana dəstəyini vurğulayan İlham Əliyev, xüsusilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana təşəkkür edib.

Prezident eyni zamanda Zəngəzur dəhlizi və Naxçıvanla kommunikasiyanın açılmasının türk dünyası üçün əhəmiyyəti barədə də danışıb.

Azərbaycanın torpaqlarının işğalda olduğu vaxtdan danışan İlham Əliyev Ermənistanın təxribatlarından söz açıb. Bildirib ki, Ermənistanın Baş naziri Nikol Paşinyan Şuşada Cıdır düzündə rəqs edərək azərbaycanlıların milli heysiyyatı ilə oynayırdı. Dövlət başçısı çıxışında Ermənistan baş nazirinin “Qarabağ Ermənistandır və nöqtə” bəyanatın və 2020-ci ilin yayında Ermənistanın müdafiə nazirinini yeni əraziləri işğal etmək anonslarını xatırlatdı. Ardıcıl təxribatlara cavab olaraq, 2020-ci il 44 günlük müharibənin baş verdiyini bildirdi.

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının qeyri-rəsmi Zirvə Görüşü ilə bağlı 1news.az-a danışan Milli Məclisin deputatı Cavanşir Feyziyev deyib ki, Türk Şurasının budəfəki iclası Vətən müharibəsindən sonra türk dövlətləri başçılarının ilk toplantısı idi:

Cavanşir Feyziyev
Milli Məclisin deputatı Cavanşir Feyziyev

“Ona görə də Prezident İlham Əliyevin çıxışı əsasən Türk Şurasına üzv dövlətlərin başçılarına son dövrlərin ən önəmli hadisəsi olan Vətən müharibəsində Azərbaycanın qalibiyyəti üzərində qurulmuşdu. Ölkə başçımız müharibədən sonra regionda yaranmış yeni reallıqlar və bu reallıqların türk dünyasına təsiri haqqında öz fikirlərini həmkarları ilə bölüşdü. Azərbaycanın uzun müddət davam edən səyləri və nəhayət öz torpaqlarını işğaldan azad etməsi Cənubi Qafqaz bölgəsində bütün türk dövlətlərinin maraqlarına xidmət edən yeni geosiyasi vəziyyət yaradıb. Prezident bunu bütün türk ölkələrini coğrafi cəhətdən bir-birinə bağlayacaq Zəngəzur dəhlizi ilə bağlayır”.

Deputatın sözlərinə görə, Zəngəzur dəhlizinin açılması bütün Türk dünyası üçün böyük tarixi əhəmiyyətə malikdir:

“Prezidentin də xatırlatdığı kimi vaxtilə, sovet dövrünün ilk illərində Zəngəzurun Azərbaycandan qoparılıb Ermənistana birləşdirilməsi türk dünyasının bütövlüyünü zədələmişdi. Avrasiyanın cənub zolağı boyunca bir-birinə bağlanan türk dövlətlərini bir-birindən ayırmışdı. Bu hadisə qlobal siyasi güclərin türk dünyasını parçalamaq cəhdi idi və ermənilər də həmin vaxt bu fürsətdən istifadə edərək Azərbaycan torpaqlarına yiyələniblər. Sovet dövrü ərzində Zəngəzur dəhlizi işləsə də, sovet türk respublikalarının qardaş Türkiyə ilə əlaqələrinin olmaması və nəticə etibarilə türk respublikalarının İttifaq xaricinə çıxışının olmaması bu dəhlizin əhəmiyyətini heçə endirmişdi. Əksinə, bu dəhliz daha çox Ermənistan-Rusiya və Ermənistan-İran əlaqələrinə xidmət edirdi və o cümlədən, yalnız Azərbaycanın bu dəhliz vasitəsilə öz eksklavı olan Naxçıvanla nəqliyyat əlaqələrini təmin edirdi. İndiki şəraitdə isə bu dəhlizin açılması Azərbaycanın daxili nəqliyyat infrastrukturunu tamamlamaqla yanaşı bütün türk respublikalarının Türkiyə və Türkiyə üzərindən Avropa ilə nəqliyyat əlaqələrini xeyli asanlaşdırmış olacaq. İlk növbədə, türk ölkələri arasında kommunikasiyaların, yükdaşımaların və humanitar əlaqələrin dəfələrlə artmasına səbəb olacaq”.

“Türkiyə tarix boyu Azərbaycanın yanında olub” – deyən, C.Feyziyev əlavə edib ki, tarixin bütün dönəmlərində ən çıxılmaz vəziyyətlərdə Türkiyə Azərbaycana öz qardaşlıq dəstəyini göstərib:

“İlk milli respublikamızın qurulması illərində Azərbaycan dünya imperializmi və ona köpək sadiqliyi ilə xidmət edən ermənilərin təcavüzü ilə üz-üzə qalanda Qafqaz İslam Ordusunun bölgəmizə gəlişi yeni tariximizin ən möhtəşəm hadisəsini reallaşdırmağa – dünyada ilk türk respublikasını yaratmağa imkan verib. Sovet dövründə Türkiyə ilə birbaşa münasibətlərimiz olmasa da, yeganə müstəqil türk dövlətinin – Atatürk Cümhuriyyətinin Sovet İttifaqı tərkibindəki türk respublikalarına mənəvi dəstəyini hər zaman hiss etmişik.

Vətən müharibəsi başlayarkən növbəti tarixi sınaq qarşısında biz yenə də Türkiyənin bütün imkanları ilə Azərbaycanın müdafiəsinə qalxdığını gördük. Ərdoğan höküməti başda olmaqla bütün Türkiyə müharibə ilə bağlı erməni havadarları tərəfindən Azərbaycana edilən təzyiqlərin qarşısında mətanətlə durdu və bu təzyiqləri neytrallaşdırmaq baxımından Azərbaycanın haqq işinə tarixi bir dəstək verdi. Bu bir qardaşın digərinə bəslədiyi təbii doğmalıq və təəssübkeşlik hisslərindən qaynaqlanan bir dəstəkdir və Azərbaycan xalqı bu dəstəyi çox yüksək qiymətləndirir. Vətən müharibəsi zamanı Türkiyənin qətiyyəti Azərbaycanı bir çox ermənipərəst düşmən həmlələrindən kənarda tutdu və həm də gələcək üçün dünyaya bir mesaj oldu. Türkiyə-Azərbaycan münasibətləri Türk Şurasının üzvləri olan digər dövlətlər üçün də faydalı bir örnək rolunu oynadı”.

Deputat bildirib ki, tarixi Azərbaycan ərazilərində türk və müsəlman irsinin məhv edilməsi ən azı iki yüz illik tarixə malikdir:

“Bunun başlanğıcı XIX əsrin əvvəllərində ermənilərin Cənubi Qafqaza köçürülməsi ilə qoyulub. Bugünkü İrəvan şəhərinin görkəmi bunun parlaq sübutudur. Vaxtilə başdan-başa türk-müsəlman memarlıq ənənələri əsasında tikilmiş İrəvan şəhəri bu gün heç bir tarixi memarlıq nümunələrinə malik olmayan qarışıq və anlaşılmaz tikililərin toplandığı və memari cəhətdən xaraktersiz bir məkana çevrilib. XIX və XX əsrlər ərzində İrəvanın, Göyçənin və Zəngəzurun simasını dəyişmiş ermənilər son 30 il ərzində işğal etdikləri Qarabağ torpaqlarında da türk izlərini silməyə cəhd göstəriblər. Bu gün azad olunmuş torpaqlarımızda gördüyümüz və bütün dünyanın da şahid olduğu mənzərə erməni vandalizminin əyani sübutudur. Lakin onların bu torpaqlarda da bizim mədəni-tarixi irsimizi məhv etmək cəhdlərinin qarşısı 44 günlük Vətən müharibəsindəki qələbəmizlə alındı. Azad olunmuş torpaqlarımıza türk ruhunun qayıdışı və türk mədəniyyətinin bərpa olunması Azərbaycan dövlətinin ən başlıca vəzifəsidir və Prezident İlham Əliyev bu missiyanı da böyük məharətlə yerinə yetirəcək. Qarabağ bütün türkdilli dövlətlərin tarixi, mədəni və mənəvi paytaxtıdır. Bu baxımdan türkdilli dövlətlərin Qarabağ ərazilərinin bərpa olunmasında fəal iştirakı onların hər birinin ortaq tarixi irsimizə göstərdiyi qayğı kimi dəyərləndiləcək. Əminəm ki, bu fəaliyyətdə Türk Şurası da bütün türk dövlətlərinin ali, ortaq bir qurumu kimi öz sözünü deyəcək və öz rolunu oynayacaq”.

Paylaş:
1821

Son xəbərlər

Sabah külək güclənəcək - sarı və narıncı xəbərdarlıq verilibBu gün, 18:22Tovuzdakı partlayışla bağlı FHN məlumat yayıb - Xəsarət alan varBu gün, 17:38Azərbaycanda “Xüsusi nəzarətdə olan dərman vasitələrinin Siyahısı” dəyişibBu gün, 17:35AFFA İntizam Komitəsi II Liqa təmsilçisinə texniki məğlubiyyət veribBu gün, 16:57Tovuzda partlayış olub, xəsarət alanlar var - FOTOBu gün, 16:28Azercell jurnalistlər üçün “Media Texnologiyaları: yeniliklər və trendlər” adlı təlim təşkil etdi - FOTOBu gün, 16:07Bakıda Azərbaycan Milli Revmatoloji Konqresi keçirilirBu gün, 15:29Fuat Oktay: Sülh üçün Zəngəzur dəhlizinin açılması əhəmiyyətlidirBu gün, 14:51Sahibə Qafarova: İkili standartlar, daxili işlərə müdaxilələr müasir dövrdə ölkələrin qarşılaşdığı neqativ hallardırBu gün, 14:22Milli Məclisdə Beynəlxalq Parlament Konfransı keçirilib - YENİLƏNİBBu gün, 14:12Hərbi hissələrdə əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyulub - İki nazirlik məlumat yaydıBu gün, 13:50Sumqayıtda beşmərtəbəli binada yanğın olub, 5 nəfər təxliyə edilib - VİDEOBu gün, 13:45Sabah hava necə olacaq? - ProqnozBu gün, 13:03Müşfiqabad qəsəbəsində 2000-ə yaxın Eldar şamı və zeytun ağacı əkilibBu gün, 12:57Azərbaycan gömrükçüləri külli miqdarda pirotexniki vasitə aşkarlayıbBu gün, 12:14Fuat Oktay: “Şuşa Bəyannaməsi Türkiyə və Azərbaycan dövlətlərinin ortaq bir gələcək qurmaq iradəsinin ən konkret göstəricisi olub”Bu gün, 11:41Binədə qanunsuz tikililər sökülübBu gün, 11:34Ötən gün vətəndaşlardan götürülən silah-sursatın sayı açıqlanıbBu gün, 11:23Spiker: AŞPA və Avropa Parlamenti Azərbaycanın daxili işlərinə müdaxilə etməyə çalışırBu gün, 11:08Düşən yağıntının miqdarı 3 milli metrədək olub - Faktiki havaBu gün, 10:58
Bütün xəbərlər