Vətən Müharibəsi ilə bağlı xatirə pul nişanları buraxılacaq
Azərbaycan Mərkəzi Bankı (AMB) Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Prezident İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan ordusunun əzəli torpaqları olan Qarabağın azadlığı uğrunda apardığı və zəfərlə başa vurduğu Vətən Müharibəsinin yaddaşlara həkk olunması, Vətən Müharibəsi qəhrəmanlarının xatirəsinin əbədiləşdirilməsi və işğaldan azad edilmiş şəhər və rayonların tarixinin, milli və mədəni irsinin, flora və faunasının tərənnüm edilməsi və beynəlxalq ictimaiyyətə çatdırılması məqsədilə silsilə xatirə pul nişanlarının tədavülə buraxılmasını planlaşdırır.
Bu barədə 1news.az AMB-yə istinadən xəbər verir. Qeyd edilir ki, hazırda tədavüldə olan milli pul nişanları Azərbaycan Respublikası Prezidentinin 7 fevral 2005-ci il tarixli “Azərbaycan Respublikasında pul nişanlarının nominal dəyərinin və qiymətlər miqyasının dəyişdirilməsi (denominasiyası) haqqında” Fərmanı ilə həyata keçirilmiş denominasiya tədbirlərindən sonra 2006-cı ildə dövriyyəyə buraxılıb. “Müstəqil Azərbaycan” mövzusuna həsr edilmiş bu Konsepsiya pul nişanları ayrı-ayrılıqda müxtəlif alt mövzuları – 1 manatlıq pul nişanı “Mədəniyyət və incəsənət”, 5 manatlıq pul nişanı “Yazı və ədəbiyyat”, 10 manatlıq pul nişanı “Tarix”, 20 manatlıq pul nişanı “Qarabağ”, 50 manatlıq pul nişanı “Təhsil və gələcək”, 100 manatlıq pul nişanı “İqtisadiyyat və inkişaf”, 200 manatlıq pul nişanı isə “Modern arxitektura” mövzusunu əhatə edir.
Tədavüldə olduğu 15 il ərzində bu konsepsiya mövzusuna, estetik görünüşünə və mühafizə sisteminə görə aktuallığını saxlayır.
Bununla belə, beynəlxalq təcrübədən irəli gələrək pul nişanları təhlükəsizlik sistemlərinin gücləndirilməsi və onun saxtalaşdırılmasına qarşı dayanıqlılığının artırılması məqsədilə Pul İslahatı Komitəsinin müvafiq qərarına əsasən onların dizaynı və mühafizə elementlərinin yenilənməsi həyata keçirilir.
Bundan əlavə, yenilənmə zamanı dövriyyədə olan pul nişanları üzərində əks olunmuş və müvafiq nominalın mövzusunu xarakterizə edən əsas dizayn elementləri əsas motiv kimi saxlanılıb. Hazırda beynəlxalq təcrübədə mövcud olan son innovasiyalar nəzərə alınmaqla, yenilənmiş 1, 5 və 50 manatlıqlar cari ilin əvvəlindən tədavülə buraxılıb.
1news.az