Polis qanunsuz işləyən idman zalı aşkarladı, 56 nəfər cərimələndi - FOTO
Bakının Nəsimi rayonunda karantin qaydalarını pozaraq işləyən idman zalı aşkar edilib, zaldakı 56 nəfər cərimə olunub.
Daxili İşlər Nazirliyindən 1news.az-a verilən məlumata görə, Nəsimi Rayon Polis İdarəsinin (RPİ) əməkdaşları tərəfindən xüsusi karantin rejimi ilə əlaqədar olaraq həyata keçirilən nəzarət tədbirləri zamanı fəaliyyətinə müvəqqəti icazə verilmədiyi halda müştərilərə xidmət göstərən daha bir obyekt aşkar edilib.
Belə ki, keçirilən profilaktik tədbir zamanı müəyyən edilib ki, rayon ərazisində yerləşən “Anderqraund” adlı idman zalı xüsusi karantin rejiminin tələblərini pozaraq müştəri qəbul edir.
Obyektə baxış zamanı orada olan ümumilikdə 56 nəfər şəxsin karantin rejiminin tələblərini pozması aşkar edilib.
Həmin şəxslərdən “Covid 19” virusunun yoxlanılması məqsədi ilə test nümunələri götürülüb. Onların hər biri barəsində İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə protokollar tərtib edilib və cərimələniblər. Obyektin icarədarı Rafiq Günəşov barəsində isə Nəsimi RPİ-də araşdırmalar davam etdirilir.