Azərbaycan və Rusiya arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə protokol imzalanıb - FOTO
Azərbaycan və Rusiya arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə protokol imzalanıb.
Nazirlər Kabinetindən 1news.az-a verilən məlumata görə, aprelin 27-də Moskva şəhərində Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökumətlərarası Dövlət Komissiyasının 19-cu iclası keçirilib.
İclasda Komissiyanın həmsədrləri - Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayevin və Rusiya Hökuməti sədrinin müavini Aleksey Overçukun rəhbərlik etdiyi nümayəndə heyətləri iştirak ediblər.
Komissiyanın həmsədrləri iclasda çıxış edərək Azərbaycan və Rusiya dövlət başçılarının səyləri sayəsində iki ölkə arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə çatdığını və müxtəlif sahələrdə uğurla inkişaf etdiyini bildirdilər.
İkitərəfli əlaqələrin pandemiya şəraitində də davamlı inkişafını təmin etmək məqsədilə əsas diqqətin 2024-cü ilə qədər Azərbaycan-Rusiya qarşılıqlı fəaliyyətinin əsas sahələrinin inkişafı Planının həyata keçirilməsinə yönəldilməsi xüsusi vurğulandı.
İki ölkə arasında ticarət və investisiya, nəqliyyat potensialının artırılması, rəqəmsallaşma, innovativ inkişaf və rəqəmsal iqtisadiyyat, turizm və humanitar sahələri əhatə edən altı Yol xəritəsi çərçivəsində əməkdaşlığın dərinləşdirilməsi istiqamətində işlərin uğurla davam etdirildiyi bildirildi.
Azərbaycan-Rusiya əmtəə dövriyyəsinin bu ilin birinci rübündə 2 faiz artdığı məmnunluqla qeyd edildi. Əmtəə dövriyyəsi mallarının çeşidinin olduqca geniş olduğu xüsusi vurğulandı.
Tərəflər qarşılıqlı sərmayələrin həcmindən məmnunluq ifadə edərək investisiyaların artırılması üçün geniş imkanların olduğunu bildirdilər. Uğurla həyata keçirilən müştərək investisiya layihələrinin vacibliyi qeyd edildi.
Məmnunluqla bildirildi ki, pandemiyaya baxmayaraq, ötən ildə Azərbaycan ilə Rusiya arasında aqrar-sənaye kompleksi məhsullarının dövriyyəsində 6 faizlik artım qeydə alınıb. Ölkəmizdən Rusiyaya ixrac edilən kənd təsərrüfatı məhsullarının çeşidinin şaxələndirilməsinin vacibliyi vurğulandı. Bu kontekstdə mövcud hüquqi bazanın möhkəmləndirilməsinin önəmi qeyd edildi.
Azərbaycan ilə Rusiya arasında nəqliyyat-tranzit sahəsində əməkdaşlığın inkişafından məmnunluq ifadə edildi. Bildirildi ki, cari ilin birinci rübündə dəmir yolu ilə daşınan yüklərin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 5%-dən çox, avtomobil nəqliyyatı ilə yükdaşımaların həcmi isə 11%-dən çox artıb. Eyni zamanda, Şimal-Cənub və Şimal-Qərb beynəlxalq nəqliyyat dəhlizlərinin uğurla fəaliyyət göstərdiyi bildirildi. Pandemiya ilə bağlı tətbiq edilən məhdudiyyətlərə baxmayaraq, Şimal-Cənub dəhlizinin fasiləsiz fəaliyyəti üçün göstərilən birgə səylərin önəmi vurğulandı. Bunun nəticəsində ötən ildə dəhliz üzrə daşınan yüklərin həcminin 2019-cu illə müqayisədə 15%-dən çox olduğu qeyd edildi. Dəmir yolu ilə yükdaşımaların həcmində 23%-dən çox, avtomobil nəqliyyatı ilə daşınan yüklərin həcmində isə 14%-ə yaxın artım olmuşdur. Eyni zamanda, cari ilin birinci rübündə dəhliz üzrə daşınan yüklərin həcmində 23,5%-lik artım qeydə alınmışdır.
Həmçinin 2020-ci ildə Şimal-Qərb beynəlxalq nəqliyyat dəhlizi ilə yükdaşımaların həcminin 11% artdığı məmnunluqla qeyd edildi.
Hər iki ölkə ərazisində müvafiq yol infrastrukturunun yaxşılaşdırılması və Azərbaycan-Rusiya dövlət sərhədindəki nəzarət-buraxılış məntəqələrinin inkişaf etdirilməsi istiqamətində aparılan işlərin sinxronlaşdırılmasının vacibliyi xüsusi vurğulandı.
İclas zamanı gündəlikdəki məsələlər, həmçinin iqtisadi-ticari, nəqliyyat, energetika, kənd təsərrüfatı, rabitə, humanitar və digər sahələrdə əldə olunmuş uğurlar və əməkdaşlığın perspektivləri geniş müzakirə olundu. Hər iki tərəf Azərbaycan-Rusiya strateji tərəfdaşlığının möhkəmləndirilməsinə, qarşılıqlı faydalı layihələrin davam etdirilməsinə xüsusi önəm verdiyini ifadə etdi.
Eyni zamanda, hər iki ölkədə koronavirus (COVID-19) pandemiyasına qarşı mübarizə istiqamətində mövcud əməkdaşlıqdan məmnunluq ifadə edildi, həyata keçirilən tədbirlər barədə fikir mübadiləsi aparıldı.
Yekun olaraq Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökumətlərarası Dövlət Komissiyasının 19-cu iclasının nəticələrinə dair Protokol imzalandı.