Milli Məclisdə gənclərlə görüş keçirilib
Aprelin 29-da Milli Məclis sədrinin müavini, Gənclər və idman komitəsinin sədri Adil Əliyev və deputat Etibar Əliyev ölkəmizin fəal gəncləri və Vətən müharibəsində arxa cəbhədə fəallığı ilə seçilmiş gənclər ilə görüşüblər.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən 1news.az-a bildirilib ki, parlament sədrinin müavini Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuzun qalibiyyəti nəticəsində 30 ilə yaxın əsarət altında olan torpaqlarımızın düşmən işğalından azad edilməsindən, tarixi Qələbəmizdən danışıb. Adil Əliyev bildirib ki, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələri özü yerinə yetirən Azərbaycan ərazi bütövlüyünü bərpa edib.
Milli Məclis sədrinin müavini Vətən müharibəsi zamanı dövlətimizin başçısının “Biz birlikdə güclüyük!” şüarını rəhbər tutan xalqımızın istər döyüş meydanında, istərsə də arxa cəbhədə fəal iştirakını, xüsusilə gənclərimizin həm cəbhədə, həm də informasiya müharibəsində fəallığını yüksək qiymətləndirib.
Adil Əliyev diqqətə çatdırıb ki, Vətən müharibəsindən sonra işğaldan azad edilmiş ərazilərimizin bərpası, habelə şəhid ailələrinin və qazilərimizin qayğı ilə əhatə olunması qarşımızda dayanan əsas vəzifələrdəndir. Söhbət zamanı sədr müavini, eyni zamanda, gənc nəslin təhsilə olan marağının artırılmasının, habelə idmanda kütləviliyin yüksələn xətlə davam etdirilməsinin zəruriliyindən danışıb.
Görüşdə çıxış edən deputat Etibar Əliyev gənclərin Vətən müharibəsində göstərdikləri xidmətləri yüksək qiymətləndirib. O, gənclərimizin bundan sonra da elmə, təhsilə olan maraqlarının artırılması istiqamətində zəruri addımların atılmasının, onların savadlı nəsil kimi yetişdirilməsinin vacibliyini vurğulayıb.
Görüş iştirakçıları səmimi görüşə görə təşəkkürlərini bildirərək, bundan sonra da fəaliyyət göstərdikləri sahələrdə ciddi səylə çalışacaqlarını, ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olmuş hərbi qulluqçuların ailə üzvlərini, qazilərimizi daim diqqət mərkəzində saxlayacaqlarını və ölkəmizin daha da inkişafı üçün əllərindən gələni əsirgəməyəcəklərini diqqətə çatdırıblar.
Sonda görüş iştirakçılarına Vətən müharibəsində arxa cəbhədə göstərdikləri xidmətlərə görə Milli Məclisin Gənclər və idman komitəsinin Fəxri fərmanı və deputat Etibar Əliyevin müəllifi olduğu kitablar təqdim edilib.