Azərbaycan-Litva XİN nümayəndə heyətlərinin geniştərkibli görüşü keçirilib – FOTO – YENİLƏNİB
30 aprel 2021-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ölkəmizdə işgüzar səfərdə olan Litva Respublikasının xarici işlər naziri Qabrielius Landsberqis ilə görüşüb.
Xarici İşlər Nazirliyindən (XİN) 1news.az-a verilən məlumata görə, nazirlər arasında təkbətək formatda başlanılan görüş, daha sonra hər iki tərəfdən nümayəndə heyətlərinin iştirakı ilə geniş formatda davam edib.
Nazir Ceyhun Bayramov Azərbaycan və Litva arasında mövcud olan siyasi dialoqun yüksək qiymətləndirildiyini bildirib və bunun davam etdirilməsinin əhəmiyyətini qeyd edib. İkitərəfli münasibətlərin bir sıra istiqamətlər üzrə inkişaf etməkdə olduğu və bu əməkdaşlığın genişləndirilməsi üçün böyük imkanların mövcud olduğu vurğulanıb.
Nazir Qabrielius Landsberqis Azərbaycan Respublikasının Prezidenti ilə keçirilən səmimi müzakirələri məmnunluqla qeyd edib. Şərq Tərəfdaşlığı bölgəsinin Litva üçün strateji prioritet kəsb etdiyi və bu xüsusda dost ölkələr, o cümlədən Azərbaycanla dostluq və əməkdaşlıq münasibətlərinin inkişafının əhəmiyyəti vurğulanıb. Cari ildə diplomatik münasibətlərimizin 30 illiyinin qeyd olunduğunu xatırladan nazir Qabrielius Landsberqis əlaqələrin gələcək inkişaf yolunun planlaşdırılmasının önəmini ifadə edib.
Tərəflər iki ölkə arasında müxtəlif sahələrdə, o cümlədən iqtisadi-ticari, humanitar, təhsil sahələrində, habelə beynəlxalq platformalarda əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparıblar.
Görüşdə nazir Ceyhun Bayramov həmkarına bölgədə mövcud olan cari vəziyyət, üçtərəfli bəyanatın həyata keçirilməsi ilə bağlı məsələlər, o cümlədən Ermənistan tərəfindən üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməməsi, bölgədə sülh və təhlükəsizliyə təhdid törədən davranışları və digər məsələlər barədə məlumat verib. Nazir Bayramov, habelə bəzi Avropa ölkələri və beynəlxalq institutlar tərəfindən nümayiş etdirilən ikili yanaşmanın qəbuledilməz olduğunu bildirib və sonuncular tərəfindən Ermənistanda yanlış illüziyalar yaradacaq bəyanatların verilməsi və davranışın sərgilənməsinin bölgədə barışıq və sülh şəraitində birgə yaşayışa xidmət etmədiyini vurğulayıb.
Nazirlər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.
12:41
Nazir Ceyhun Bayramovun Litvalı həmkarı Gabrielius Landsbergis ilə təkbətək görüşü başlayıb.
1news.az-ın verdiyi xəbərə görə, bu barədə Xarici İşlər Nazirliyinin Twitter hesabında paylaşım edilib.
Bildirilib ki, Xarici işlər nazirlərinin başçılığı ilə Azərbaycan-Litva nümayəndə heyətlərinin geniştərkibli görüşü keçirilir.
11:45
Azərabycanın xarici işlər naziri Ceyhun Bayramovun litvalı həmkarı Gabrielius Landsbergis ilə təkbətək görüşü başlayıb.
1news.az-ın verdiyi xəbərə görə, bu barədə Xarici İşlər Nazirliyinin Twitter hesabında paylaşım edilib.