Nepalda COVID-19 xəstələri üçün oksigen çatışmazlığı yaranıb | 1news.az | Xəbərlər
Dünya

Nepalda COVID-19 xəstələri üçün oksigen çatışmazlığı yaranıb

09:32 - 06 / 05 / 2021
Nepalda COVID-19 xəstələri üçün oksigen çatışmazlığı yaranıb

Pandemiyanın 2-ci dalğasının müşahidə olunduğu Nepalda COVID-19 virusuna yoluxanların, paralel olaraq ağır xəstələrin sayının çoxalması süni tənəffüs cihazları üçün oksigen ehtiyatının azalmasına səbəb olub.

1news.az AZƏRTAC-a istinadla xəbər verir ki, paytaxt Katmandudakı 2 əsas COVID-19 xəstəxanasında bir neçə günlük oksigen ehtiyatı qalıb. Müvafiq qurumlara problemi aradan qaldırmaq üçün təcili tədbirlər görmək tapşırılıb.

Qeyd edək ki, son günlər Nepalda COVID-19 infeksiyasına gündəlik yoluxmalar sürətlə artır. Ötən sutka COVID-19 infeksiyasına 8 min 605 yoluxma, virus səbəbindən 58 ölüm qeydə alınıb. Bu rəqəmlər pandemiya dövründə Nepalda sutkalıq ən yüksək göstəricilərdir. Son 4 sutkada ölkədə gündəlik yoluxma antirekordları yenilənib.

Bir aydan çoxdur ki, Nepalda gündəlik yoluxma sayı sürətlə artır. Virusun yayılmasını nəzarət altına almaq üçün paytaxt Katmandu və ətrafında 2 həftəlik qapanma rejimi tətbiq olunur. Bundan başqa, bütün daxili uçuşlar, habelə COVID-19 böhranı müşahidə olunan qonşu Hindistanla birbaşa beynəlxalq uçuşlar dayandırılıb. Tibb işçisi çatışmazlığını həll etmək üçün tibb təhsil müəssisələrinin rəhbərliyinə tələbələrin təcili pandemiya ilə mübarizəyə cəlb olunması barədə göstəriş verilib.

Paylaş:
643

Son xəbərlər

Bütün xəbərlər