Andranikin 1918-ci ildə Zəngəzurda törətdiyi qanlı əməllər
Azərbaycanın Vətən müharibəsindəki qələbəsi və bunun nəticəsi olaraq, regiondakı geosiyasi reallıqların dəyişməsi onun gələcək inkişafı və tərəqqisi baxımından yeni imkanlar yaradır.
Şübhəsiz ki, yaxın perspektivdə əhəmiyyətli nəqliyyat və infrastruktur layihələrinin həyata keçirilməsi baxımından kommunikasiyaların açılması, ilk növbədə, Zəngəzur dəhlizinin açılması məsələsi ön plana çıxır.
Bütün bunlar Azərbaycan, Ermənistan və Rusiya liderlərinin üçtərəfli bəyanatında öz əksini tapsa da, erməni tərəfinin nümayiş etdirdiyi yanaşmalar onun bu prosesi pozmağa çalışdığını göstərir.
Ola bilsin ki, Ermənistanda hökm sürən qorxu Azərbaycanda Zəngəzur tarixi-coğrafi adının istifadə edilməsi ilə bağlıdır, lakin bu onların öz problemidir. 1920-ci ildə Ermənistana verilmiş bu ərazinin tarixən Azərbaycana məxsus olması faktını onlar dəyişə bilməzlər.
Bu qədim Azərbaycan torpağının tarixinə həsr olunmuş məqalələr silsiləsini davam etdiririk. Materialların müəllifi nüfuzlu alim, tarix üzrə fəlsəfə doktoru, dosent İlqar Niftəliyevdir.
Andranikin 1918-ci ildə Zəngəzurda törətdiyi qanlı əməllərdən bəhs edən ikinci məqaləni diqqətinizə çatdırırıq. Birinci məqalə ilə aşağıdakı keçiddə tanış ola bilərsiniz:
Qedim-dovrden-bashlayaraq-Zengezur-tarixi-Biz-onun-haqqinda-ne-bilirik-I-HISSE
Qafqaz təqviminin 1 yanvar 1916-cı il tarixinə olan məlumatına əsasən Rusiya imperiyasının dağılması ərəfəsində Zəngəzur qəzasında əhalinin ümumi sayı 226398 nəfər təşkil edirdi. Onlardan 119705 nəfəri (52,8%) müsəlmanlar, 101055 nəfəri (44,6%) ermənilər, 5638 nəfəri isə (2,6%) digər millətlərin nümayəndələri idi. Belə bir nisbət Çar Rusiyası tərəfindən yüzilliklər boyu bu ərazilərə yadelli erməni əhalinin aktiv şəkildə köçürülməsi nəticəsində meydana gəlmişdi. Müsəlman əhali əsasən qəzanın şərq hissəsində, erməni əhali isə qərb hissəsində yaşayırdı.
1918-ci ilin mayında Cənubi Qafqazın siyasi xəritəsində müstəqil Azərbaycan və Ermənistan dövlətlərinin meydana gəlməsi ermənilər və azərbaycanlılar arasında ilk dəfə olaraq 1905-1906-cı illərdə qeydə alınmış etnik toqquşmalar Ermənistan və Azərbaycan arasında dövlətlərarası münaqişəsi səviyyəsinə çatdı. Bu münaqişənin əsasında Ermənistandakı daşnak hökumətinin Yelizavetpol (Gəncə) və İrəvan quberniyalarının ermənilərin məşkunlaşdığı əzəli Azərbaycan torpaqlarını ələ keçirmək cəhdləri dayanırdı.
1918-ci ilin yayında və payızında Qarabağda və Zəngəzurda Andranik Ozanyanın başçılıq etdiyi erməni silahlı birləşmələrinin fəallığı kəskin şəkildə artdı. Bu erməni başkəsən 1912-1913-cü illərdə baş vermiş Balkan müharibəsi zamanı, həmçinin Birinci Dünya Müharibəsi illərində 1-ci könüllü erməni korpusunun (maraqlıdır ki, könüllülər sırasında A.Mikoyan və X.Baqramyan kimi tanınmış ermənilər də var idi) başçısı kimi rus ordusunun tərkibində Osmanlı Türkiyəsi ərazisində yaşayan dinc müsəlman əhalinin məhv edilməsi ilə bağlı böyük təcrübəyə malik idi. 1917-ci ildə Rusiya Ali Komandanlığı ona general-mayor rütbəsi vermişdi.
1918-ci il mayın sonlarında Ararat Respublikası elan edildikdən sonra Andraniklə yerli hökumət arasında xeyli mürəkkəb münasibətlər yaranmışdı. Andranik 1918-ci il iyunun 4-də erməni hökumətinin Batumidə Osmanlı Türkiyəsi ilə imzaladığı sülh müqaviləsini “xəyanət” adlandırmış və Ermənistandakı daşnak hakimiyyəti ilə əlaqələri kəsərək “türk işçalğılara” qarşı silahlı mübarizəsini davan etdirdiyini bəyan etmişdi. 1918-ci ilin iyunundan etibarən Andranikin dəstələri Naxçıvan və Culfanın müsəlman əhalisinə qarşı bir sıra qanlı əməllər törətdilər. Həmin vaxtın dövri mətbuatında bu hadisələr “Andranikin quldur dəstələri çoxsaylı türk kəndlərini dağıdıblar” kimi işıqlandırılmışdı. 1918-ci il avqustun 15-də Azərbaycan hökuməti general Andranikin Azərbaycan Respublikasının ərazisinə daxil olması ilə bağlı Ermənistan hökumətinə etirazını bildirmişdi.
Bununla əlaqədar olaraq, Ermənistanın Gürcüstandakı diplomatik nümayəndəsi avqustun 17-də bəyan etmişdi ki, “həm general Andranik, həm də onun bütün dəstəsi ayrıca erməni korpusu haqqında əmr əsasında çoxdan Ermənistan qoşunlarının tərkibindən və siyahısından çıxarılmışdır. Bundan sonra onlar Ermənistan hakimiyyətini, onun vəzifəli şəxslərini qəbul etməkdən və onlara tabe olmaqdan imtina etmişlər. Beləliklə, general Andranik və onun dəstəsinin Ermənistanın milli qoşunlarına və orqanlarına heç bir aidiyyatı yoxdur, bu səbəbdən, Ermənistan Respublikası məsuliyyətsiz hərəkətlərə görə heç bir cavabdehlik daşımır”. Bununla Ermənistan hökuməti Andranikin cinayətlərinə görə məsuliyyəti öz üzərindən atmağa çalışırdı, baxmayaraq ki, İrəvan və Yelizavetpol quberniyaları ərazisində etnik təmizləmələrin aparılması siyasətində ondan istifadə edirdi.
Türk qoşunları 1918-ci ilin avqust ayında Naxçıvan və Culfanı aldıqdan sonra Andranik öz qanlı əməllərini Qarabağ və Zəngəzur ərazisinə keçirmişdi. Qarabağın erməni əhalisi arasında separatçılıq əhval-ruhiyyəsinin artması məhz Andranikin hərbi fəallığı ilə əlaqəli idi. Andranikin silahlı dəstələrinin regionun müsəlman əhalisinin sistemli şəkildə məhv edilməsinə yönəlmiş fəaliyyəti həmin dövrdə yerlərdən Gəncə qubernatorunun, Azərbaycan Respublikasının baş nazirinin və daxili işlər nazirinin adına göndərilən çoxsaylı teleqramlarda və raportlarda, habelə həmin vaxtın dövri mətbuatında öz əksini tapmışdır. “Naşe vremya” qəzeti məlumat verirdi ki, 1918-ci il sentyabrın 4-də Sisyana (Zəngəzura) gəlmiş Andranik burada 20-30 yaş arası kişilər arasında səfərbərlik elan etmişdi.
Andranikin dəstələrinin gəlməsi yerli ermənilər arasında ruh yüksəkliyinə səbəb olmuşdu. Zəngəzur qəza rəisi Məlik Namazəliyevin 1918-ci il sentyabrın 11-i və 12-si tarixli raportundan görünür ki, onlar Zəngəzurun müsəlmanların yaşadığı kəndlərinə daha tez-tez hücumlar təşkil edərək əhaliyə böyük zərər yetirirdilər. M.Namazəliyevin sözlərinə görə, qaniçən Andranikin rəhbərliyi altında ermənilər onlarla müsəlman kəndini darmadığın edərək 500-dən çox şəxsi qətlə yetirmişdilər. M.Namazəliyevin məruzəsində vurğulanırdı ki, Andranik kəndləri yerli (Zəngəzur) ermənilərin xahişi ilə tar-mar etmişdi.
1918-ci il oktyabrın 30-da imzalanmış Mudros müqaviləsinə əsasən Osmanlı imperiyası Cənubi Qafqazdakı hərbi hissələrini çıxarmağı öhdəsinə götürdükdən sonra bu regiondakı vəziyyət kəskinləşmiş oldu.
Türk qoşunlarının gedişi Andranikin hərbi birləşmələrinin Zəngəzur ərazisindən Qarabağı nəzarətə almağa cəhd etməsinə şərait yaratdı. “Xalq rəhbər”inin 1918-ci ilin noyabrından etibarən Qarabağın və Zəngəzurun azərbaycanlı əhalisinə qarşı təşkil etdiyi hücumlar sistemli xarakter almağa başladı. 1918-ci il noyabrın 22-də Andranikin quldur dəstələrinin Gorusa gəlməsi ilə qısa müddət ərzində 30 müsəlman kəndi tar-mar edilmişdi.
Bu hadisələri təsvir edən ingilis jurnalist Skotland-Liddell 1919-cu ildə yazırdı: “Gorus antitatar (antiazərbaycanlı) təbliğatçıların toplaşdığı ocaqdır. Andranik hələ də oradadır. O isə İrəvandakı erməni hökumətini tanımaqdan imtina edib. Əslində Gorus onun öz dövlətidir. Hətta indiyədək şəhərin yolu kəsilib və ora erməni şurası tərəfindən idarə olunur”. General V.Tomsonun təkidi ilə Andranik “tatar və türklərə qarşı hərbi əməliyyatların dərhal dayandırılması” ilə bağlı Vərəndə, Dizaq, Xaçın və Cavanşir hərbi baş komandanları, bütün komissarlar və erməni əhali üçün 1918-ci il noyabrın 19-u tarixində sərəncam imzalamışdı.
“Azərbaycan” qəzeti ədalətli şəkildə qeyd edirdi ki, bu sənəd bir daha sübut edir ki, “Andranikin quldur dəstələri tərəfindən Qarabağın köməksiz müsəlman əhalisinə qarşı qırğınların törədilməsi heç də təsadüfi, kortəbii halda baş vermir, əvvəlcədən müəyyən edilmiş plana uyğun olaraq həyata keçirilir”.
1918-ci il dekabrın 26-da Gorusda ingilis missiyasının rəhbərliyi altında müsəlman və erməni nümayəndə heyətləri arasında görüş təşkil edilmişdi. Bu görüşün məqsədi hər iki tərəfi dinləmək və barışıq əldə etmək idi. Lakin qırğının qarşısını almaq və müqavilə bağlamaq əvəzinə mayor Gibbon əslində bütün Zəngəzur qəzasının general Andranikə verilməsi haqqında general Tomsonun yuxarıda qeyd olunmuş əmrini açıqlayır. Sonradan mayor Gibbonun qəbuluna düşmüş Azərbaycan parlamentinin üzvü, Zəngəzur qəzasında doğulmuş, ixtisasca aqronom-alim olan Cəlil bəy Sultanov onunla yarım saatlıq müzakirə aparmışdı. Bu görüşün nəticələri və öz müşahidələri haqqında hökumətə yazdığı hesabatında C.Sultanov yazırdı: “İngilislər bizi aldadırlar. Fikrimcə, onlar Andranikin dəstəsinə yardım göstərmək adı altında əslində Zəngəzur qəzasında fəaliyyət göstərən bütün erməni silahlı dəstələrinə məvacib ödəyirlər”.
Sonrakı hadisələr bunu bir daha təsdiq etdi və göstərdi ki, Andranik müsəlmanlara qarşı hərbi əməliyyatların dərhal dayandırılması haqqında əmr imzalayarkən səmimi deyildi. Guya xristian qurultayının və milli şuranın təklifi ilə Zəngəzurda “ali baş komandanın bütün səlahiyyətləri ilə silahlı qüvvələr üzərində baş komandanlığı öz üzərinə götürmüş” Andranik amansızcasına müsəlman kəndlərini viranə qoymaqda davam edirdi. Bütün bu cinayətlər sözdə sülh və sakitliyin təmin edilməsi tərəfdarı kimi çıxış edən ingilis-fransız missiyasının gözləri qarşısında baş verirdi. Zəngəzur qəza rəisi M.Namazəliyevin Azərbaycan Respublikası hökumətinə göndərdiyi 11 dekabr 1918-ci il tarixli növbəti teleqramında Andranikin başçılığı altında ermənilərin Zəngəzur qəzasında törətdikləri yeni vəhşiliklər haqqında danışılırdı. Bununla əlaqədar məlumat verilirdi ki, ermənilərin Zəngəzur qəzasının müsəlman kəndlərinə hücumları nəticəsində “...cinsindən və yaşından asılı olmayaraq əhali vəhşicəsinə qırılır, meyitlər təhqir olunur, dekabrın 9-da 20-dən çox kənd oda qalandı. Hazırda 10 nəfər qadın ermənilərin əlində əsirdir". Regiondakı vəziyyət Azərbaycan Respublikasının parlamentinin 1918-ci il 20 dekabr tarixli iclasında müzakirə edilmişdi.
Bu məsələ ilə bağlı çıxışında hökumət başçısı F.X.Xoyski qeyd etmişdi ki, “Andanikin planı Zəngəzuru və Şuşanı müsəlman əhalidən “təmizləmək” və bu parçaları Azərbaycanın canlı bədənindən qoparmaqdır”. Hökumətin münaqişəni Andraniklə dinc danışıqlar yolu ilə həll etməklə bağlı çoxsaylı cəhdləri barədə deputatları məlumatlandırarkən o, sonuncunun Azərbaycan hökuməti nümayəndələri ilə hər hansı əlaqələr qurmaq istəmədiyini bildirmişdi. Məsələ ilə bağlı müzakirələrin nəticəsi olaraq, xarici təcavüzün qarşısının alınması məqsədilə hökumət tərəfindən hərbi-siyasi kompleks tədbirlərin görülməsi zərurəti haqqında qərar qəbul olunmuşdu.
Andranikin silahlı quldur dəstələrinin Zəngəzur və Qarabağ ərazisində 1918-ci ilin yayından 1919-cu ilin yazınadək fasilələrlə davam etmiş qanlı cinayətlərinə yalnız Azərbaycan Respublikası hökumətinin qərarı və ingilis komandanlığının razılığı ilə 1919-cu ilin yanvarında Qarabağ və Zəngəzur ərazisində X.Sultanovun başçılıq etdiyi ayrıca general-qubernatorluğun yaradılmasından sonra son qoyulmuşdu.
1919-cu ilin aprelində Andranik Zəngəzuru tərk edərək, Azərbaycan hökumətinin ona təqdim etdiyi dəhliz vasitəsilə dəstəsi ilə Ermənistan Respublikası ərazisinə qayıtmışdı. Burada o dəstəsini buraxmış, özü isə Tiflis vasitəsilə mühacirətə getmişdi. Azərbaycandakı Britaniya missiyasının Qarabağ və Zəngəzuru Ermənistana birləşdirmək planlarına dəstək verməməsindən məyus olmuş Andranik digər erməni siyasətçilərlə birlikdə Parisə köçüb getmişdi.
Andranikin quldur dəstələrinin qanlı əməllərinin əsas nəticələri 1918-ci ilin iyulunda yaradılmış və 1920-ci ilin aprel ayınadək fəaliyyət göstərmiş Fövqəladə İstintaq Komissiyasının materiallarında öz əksini tapmışdı. Erməni silahlı quldur dəstələrinin Qarabağda və Zəngəzurda dinc müsəlman əhaliyə qarşı törətdikləri cinayətlərin istintaq komissiyasına xüsusi işlər üzrə müstəntiq N.Mixaylov başçılıq edirdi. Qarabağın 4 qəzasında törədilmiş hadisələrlə bağlı istintaq 1919-cu ilin mayında tamamlanmışdı. Zəngəzur qəzasında baş vermiş hadisələrlə bağlı materiallar 2 cild və 80 səhifədən ibarət idi. Şahidlərin ifadələri və komissiyanın rəsmi sənədləri əsasında müəyyən edilmişdi ki, təkcə 1918-ci ilin yayının sonunda və payızında Zəngəzur qəzasında 115 müsəlman kəndi dağıdılmış və məhv edilmişdir. Qeyd olunan kəndlərdə 3257 kişi, 2276 qadın, 2196 uşaq öldürülmüş və şikəst edilmiş, 1060 kişi, 794 qadın və 485 uşaq yaralanmışdır. Ümumilikdə, bütün qəza ərazisində hər iki cinsdən 10068 nəfər müsəlman əhali öldürülmüş və şikəst edilmişdir.
Zəngəzur qəzasında 100-dən artıq kəndin tar-mar edilməsi, on minlərlə baş iri və xırdabuynuzlu mal-qaranın aparılması, bağ və çöllərin məhv edilməsi qəzanın müsəlman əhalisinin iqtisadi vəziyyətini kökündən sarsıtmış, Azərbaycanın müxtəlif kəndlərinə qaçmış 50000 nəfərədək yoxsul əhali formalaşdırmış və dövlətə ən azı 1 milyard rubladək zərər vurmuşdur. Komissiya üzvləri ədalətli olaraq belə bir qərara gəlmişdilər ki, ermənilərin törətdikləri bütün cinayətlər əzəli Azərbaycan torpaqlarını qəsb etmək və mənimsəmək məqsədilə Ermənistan Respublikasından göndərilmiş general Andranikin başçılığı altında həyata keçirilmişdir.
Zəngəzur qəzasının müsəlman əhalisinə qarşı soyqırım qəzanın sərhədlərinin etnik baxımdan yekun bölünməsini və onun qərb hissəsinin tədricən Ermənistanın nəzarətinə keçməsini müəyyənləşdirmişdir.