Azərbaycan Prezidenti ilə ABŞ Prezidentinin müşaviri arasındakı telefon danışığı Gürcüstan mətbuatının diqqət mərkəzində olub – FOTO
Gürcüstanın aparıcı “interpressnews.ge” “report.ge” informasiya portalları, eləcə də, “1tv.ge” televiziya kanalı ABŞ Prezidentinin Milli Təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivanın Azərbaycan Prezidenti İlham Əliyevə telefon zənginə dair məqalə dərc ediblər.
1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, rus, gürcü və ingilis dillərində yayımlanan materiallarda qeyd olunub ki, tərəflər arasındakı telefon danışığında ikitərəfli münasibətlər barədə məmnunluq ifadə edilib. Bu münasibətlərin hər iki dövlət və bölgə üçün sülh və təhlükəsizliyin təmin edilməsi baxımından əhəmiyyəti qeyd olunub. Eyni zamanda, Prezident İlham Əliyevin Azərbaycanın bölgədə sülh və sabitliyin təmin olunmasına sadiq qalması barədə fikirləri yer alıb.
Bundan başqa, mətbuatda Prezident İlham Əliyevin Ermənistanın destruktiv mövqeyi barədə fikirlərinə də diqqət çəkilir. Bildirilir ki, Prezident İlham Əliyev Ermənistanın sərhəd gərginliyi ilə bağlı qeyri-adekvat reaksiyasının və bu məsələni beynəlmiləlləşdirmək cəhdlərinin bölgədə gərginliyin artmasına gətirib çıxara biləcəyini qeyd edib və bütün mübahisələrin sülh yolu ilə və danışıqlar prosesi çərçivəsində həllinin vacibliyini vurğulayıb.