Bakıdan Ağdama qədər: Azərbaycanın futbol arenaları – VİDEO
Azərbaycanda 100-dən çox futbol stadionu var.
Məlumdur ki, 1992-ci ildən bəri təşkil olunan futbol üzrə Azərbaycan çempionatının oyunları ümumilikdə 62 stadionda keçirilib. Tofiq Bəhramov adına Respublika Stadionu, “ASK Arena” və Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu isə daha çox oyun qəbul edib.
Bakıda və ölkənin bölgələrində hazırda zəif fəaliyyət göstərən və ya demək olar ki, heç fəaliyyət göstərməyən bir çox stadion var. Ancaq yeni tikilsə də, artıq yüksək səviyyəli oyunlara ev sahibliyi edən stadionlar da mövcuddur.
Bu gün həmin stadionların bəziləri haqqında məlumat verəcəyik.
AZAL stadionu - 2011-ci ildə inşa edilmiş “AZAL arena” Şüvəlan qəsəbəsində yerləşir. Stadion beynəlxalq görüşlərə ev sahibliyi edib. Eyniadlı klub 2011-ci ildə doğma arenasında Avropa Liqasında çıxış edib. Stadion 3500 tamaşaçı tutumuna malikdir.
AZAL və onun varisi “Şüvəlan” klubları dağıldıqdan sonra stadionun “Zirə” klubunun istifadəsinə veriləcəyi barədə söhbətlər yayıldı.
Binə stadionu - 2012-ci ildə istifadəyə verilib. Heydər Əliyev Fondunun təşəbbüsü ilə AFFA tərəfindən inşa edilib. Arena 600 tamaşaçı tutur və FIFA standartlarına cavab verir. Stadion Binə qəsəbəsinin eyniadlı klubunun iştirakı ilə Birinci divizionun oyunlarını qəbul edib.
Əlincə Arena - 2014-cü ildə Masazır qəsəbəsində 13 min tamaşaçı tutumu olan stadion inşa edildi. Açılışda Prezident İlham Əliyev də iştirak etdi. Əsas arenanın yanında məşq meydançaları da tikildi. “Əlincə” klubu özünü tamamilə uşaq-gənclər futboluna həsr etdi. Son üç mövsümdə arena “Sabah” klubunun sərəncamındadır. 2019-cu ildə arenanın adı dəyişdirilərək “Bank Republika Arena” olub. 2021-ci il Azərbaycan Kubokunun “Keşlə” ilə “Sumqayıt” klubları arasında baş tutan final oyunu bu arenada keçirildi.
Mehdi Hüseynzadə adına stadion (Sumqayıt) - Arena uzaq 1966-cı ildə inşa edilib. Həmin dövrdə Sumqayıtın “Polad” klubu bu stadionda oynayırdı. 1982-ci ildə stadionda ilk beynəlxalq oyun keçirildi - Azərbaycanın gənclər komandası İran yığmasını qəbul etdi.
Müxtəlif vaxtlarda 9 klub stadionu ev arenası kimi istifadə edib. Azərbaycanın gənclər yığması (U-21) da öz oyunlarını burada keçirib. 2019-cu ildə Azərbaycan Prezidenti stadionun yenidən qurulması üçün Sumqayıt şəhər İcra Hakimiyyətinə 5 milyon manat ayırdı. Stadionun təmiri hazırda davam edir.
Heydər Əliyev adına İmişli şəhər stadionu - Stadion 2006-cı ildə köhnə arenanın yerində inşa edilib. 7300 tamaşaçı tutur. 2006-cı ildə arenada ilk beynəlxalq oyun keçirildi. “MKT-Araz” İntertoto Kuboku çərçivəsində Moldova “Tiraspol”unu qəbul etdi. Ancaq 2007-ci ildə klub gözlənilmədən dağıldı. Sonra “Mil-Muğan” adı ilə Birinci diviziona qayıdaraq koronavirus pandemiyasının başlanğıcına qədər yalnız Regional liqada oynadı.
Tovuz şəhər stadionu 1979-cu ildə inşa edilib. Burada ilk qarşılaşma “Məhsul” və “Neftçi” komandaları arasında keçirilsə də, arena hazırda Birinci divizionda çıxış edən “Turan-Tovuz” klubunun ev stadionu hesab olunur.
2021-ci ilin yanvarında FIFA və UEFA-nın maliyyə dəstəyi ilə AFFA tərəfindən tikilən klubun yenilənmiş stadionunun və futbol akademiyasının açılışı oldu. Tovuzda gənc futbolçuların yetişməsi üçün yaxşı şərait yaradılıb.
Gəncə şəhər stadionu - 1959-cu ildə tikilən arena 27 min tamaşaçı tutumuna malikdir. Bu arenada “Kəpəz” üç dəfə Azərbaycan çempionu olub. Azarkeşlərin iştirak rekordu da burada qeydə alınıb. Belə ki, 14 fevral 2016-cı il tarixində 20.400 azarkeş arenada “Kəpəz” – “Qarabağ” oyununu izləyib.
“Xəzər-Lənkəran” stadionu - qeyri-rəsmi adı “Fırtınalar meydanı” – “Xəzər”in hər ev oyununda inanılmaz bir atmosfer yaradan azarkeşlərinə görə stadion belə adlandırılıb.
15 min azarkeş tutumuna malik olan stadion 2006-cı ildə tikilib. Arena 2012-ci ildə Azərbaycanda təşkil olunan 17 yaşadək qızlar arasında dünya çempionatının oyunlarını qəbul edib. Azərbaycan yığması da öz görüşlərini burada keçirib.
Quzanlı stadionu (Ağdam) - Ağdamın “Qarabağ” klubunun daxili arenası erməni işğalından sonra tamamilə dağıdılmış “İmarət” stadionu hesab olunsa da, 2008-ci ildə Quzanlı qəsəbəsində yeni stadion istifadəyə verildi və “Qarabağ” klubu bir müddət öz oyunlarını bu stadionda keçirdi.
Stadion 2 min azarkeş tutur. 2012/2013 mövsümündə “Qarabağ” son oyununu Quzanlıda keçirərək Bakıya köçdü.
VİDEO: Emil Nəsirov