Diasporla İş üzrə Dövlət Komitəsində 15 İyun- Milli Qurtuluş Günü münasibətilə tədbir keçirilib
Diasporla İş üzrə Dövlət Komitəsində 15 İyun - Milli Qurtuluş Günü münasibətilə tədbir keçirilib.
Komitənin mətbuat xidmətindən 1news.az-ın bildiriblər ki, tədbirdə müxtəlif ölkələrdə yaşayan, hazırda Azərbaycanda olan diaspor nümayəndələri, diaspor könüllüləri və Komitə əməkdaşları iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin büstü önünə gül dəstələri qoyublar.
Mərasimdə Azərbaycanın dövlət himni səsləndirilib, Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan Diasporla İş Üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Milli Qurtuluş Günü münasibətilə iştirakçıları təbrik edib, Heydər Əliyev epoxasının çoxəsrlik dövlətçilik tariximizdə müstəsna və bənzərsiz yeri olduğunu, Milli Qurtuluş Gününün Azərbaycan tarixinin ən şanlı və parlaq səhifələrindən biri kimi yaddaşlara həkk olduğunu bildirib. Komitə sədri əlavə edib ki, azərbaycançılıq məhz Heydər Əliyevin müdrik və uzaqgörən idarəçiliyi sayəsində ideologiya kimi formalaşıb, milli birlik, milli maraqlar ən qiymətli mənəvi-ideoloji dəyərə çevrilib.
Tədbirdə 13 ölkədən 15 diaspor təmsilçisi iştirak edib və onların hər biri ayrı-ayrılıqda çıxış edib.
Diaspor nümayəndələri bildiriblər ki, son illər həyata keçirilən layihələr diaspor siyasətinin daha da təkmilləşməsinə, koordinasiyalı fəaliyyətin güclənməsinə gətirib çıxarıb.
Çıxış üçün söz alan ekspertlər Ulu Öndərin ölçüyəgəlməz tarixi xidmətləri barədə danışıb, Ümummilli Liderin dünya azərbaycanlılarının qəlbində silinməz izlər qoyduğunu qeyd edib, görkəmli dövlət xadiminin sərt və çətin sınaqlarından keçərək Azərbaycan xalqının istiqlal ruhunu sönməyə qoymayan dahi lider olduğunu vurğulayıblar.
Qeyd edilib ki, Ulu Öndərin siyasi kursunun layiqli davamçısı olan Azərbaycan Prezidenti İlham Əliyevin yürütdüyü diaspor siyasəti Azərbaycana dost münasibəti bəsləyən ölkələrin və xalqların sayını artırıb, soydaşlarımızın daha mütəşəkkil fəalliyyətinə təkan verib.
Tədbir maraqlı fikir mübadiləsi ilə yekunlaşıb.