Hikmət Hacıyev və Ceyhun Bayramov üç ölkənin XİN rəhbərləri ilə görüşüblər - YENİLƏNİB
Bu gün Avropa İttifaqının (Aİ) üzv ölkələri, Avstriya Respublikasının xarici işlər naziri Aleksandr Şallenberq, Litva Respublikasının xarici işlər naziri Qabrielius Landsberqis və Rumıniya Respublikasının xarici işlər naziri Boqdan Aureskunun rəhbərliyi altında nümayəndə heyətinin ölkəmizə səfəri çərçivəsində nazir Ceyhun Bayramovun qarşı tərəflə görüşü keçirilib.
Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsindən verilən xəbərə görə, görüşdə Azərbaycan tərəfindən, həmçinin Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev iştirak edib.
Görüşdə tərəflər münaqişə sonrası bölgədə mövcud olan vəziyyət ətrafında geniş fikir mübadiləsi aparıblar.
Azərbaycan tərəfi bölgədə mövcud olan cari vəziyyət, azad olunmuş ərazilərdəki dağıntıların miqyası, mina təhlükəsi, həyata keçirilən quruculuq və bərpa işlər barədə məlumat verib. Azərbaycanın üçtərəfli bəyanatın icrası ilə əlaqədar həyata keçirdiyi tədbirlər, o cümlədən humanitar sahədə görülən işlərdən bəhs edilib.
Azərbaycanın dialoqa və beynəlxalq təşkilatlarla əməkdaşlığa hər zaman əhəmiyyət verdiyi vurğulanıb. BMT-nin müvafiq qurumlarının Azərbaycanın azad edilmiş ərazilərinə missiyalarını qəbul etməyə hazır olduğumuz, UNESCO və BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığından bununla bağlı cavab gözlədiyimiz qarşı tərəfin diqqətinə çatdırılıb.
Tərəflər cari vəziyyətdə bölgədə sülh və dayanıqlı inkişafın təmin edilməsi yolları, o cümlədən etimad quruculuğu tədbirlərinin həyata keçirilməsi, birgə əməkdaşlıq layihələrinin həyata keçirilməsi imkanlarını müzakirə ediblər.
Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər regional məsələlər müzakirə edilib.
13:47
Avstriya, Litva və Rumıniya xarici işlər nazirləri Aleksandr Şallenberq, Qabrielius Landsbergis və Boqdan Auresku və Azərbaycanda səfərdə olan Avropa İttifaqı nümayəndə heyətinin digər üzvləri ilə maraqlı fikir mübadiləsi apardıq.
1news.az bildirir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov tvitterdəki paylaşımında bildirib.
"Regional təhlükəsizlik məsələləri, regional əməkdaşlıq perspektivləri və Aİ ilə əlaqələr barədə danışdıq" - deyə nazir vurğulayıb.
1news.az