İqtisadi rayonların yeni bölgüsü hansı zərurətdən irəli gəlir? – TƏHLİL | 1news.az | Xəbərlər
İqtisadiyyat

İqtisadi rayonların yeni bölgüsü hansı zərurətdən irəli gəlir? – TƏHLİL

16:20 - 08 / 07 / 2021
İqtisadi rayonların yeni bölgüsü hansı zərurətdən irəli gəlir? – TƏHLİL

Ölkəmizin şəhər və rayonlarının davamlı və tarazlı inkişafının təmin olunması məqsədilə qəbul edilmiş Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı dövlət proqramlarının uğurlu icrası nəticəsində şəhər, qəsəbə və kəndlərimizin siması köklü şəkildə dəyişib, regionların iqtisadi potensialı artıb, infrastruktur təminatı, əhaliyə göstərilən dövlət xidmətlərinin keyfiyyəti, biznes və investisiya mühiti yaxşılaşmış, əhalinin rifah halı yüksəlib.

Ardıcıl olaraq həyata keçirilmiş məqsədyönlü islahatlar və genişmiqyaslı tədbirlər ölkəmizin iqtisadi və hərbi-müdafiə qüdrətini daha da gücləndirib və 44 günlük Vətən müharibəsində parlaq qələbənin qazanılmasına güclü zəmin yaradıb.

Hazırda işğaldan azad edilmiş ərazilərin bərpası, gələcək inkişafının təmin olunması, zəruri infrastrukturun yaradılması və əhalinin doğma torpaqlarına qayıdışı istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilir. Qeyd edilən ərazilərin zəngin iqtisadi potensialından, təbii sərvətlərindən və geniş turizm imkanlarından səmərəli istifadə etməklə onların bərabər inkişafının təmin edilməsi üçün nəzərdə tutulan bütün işlərin vahid proqram əsasında aparılmasının məqsədəmüvafiqliyi əraziləri işğaldan azad edilmiş rayonların iqtisadi rayonlar üzrə bölgüsünə yenidən baxılmasını şərtləndirir.

Prezident İlham Əliyevin iyulun 7-də imzaladığı “Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında” fərmanı da məhz bu zərurətdən irəli gəlir. Fərmanda bildirilir ki, Zəngəzur dağ silsiləsi ilə əhatə olunan, Laçın və Kəlbəcərdən Naxçıvana qədər böyük bir ərazini tutan Zəngəzur yaylasının şərq hissəsində, Ermənistanla sərhəddə yerləşmiş və eyni coğrafi məkanda, tarixən birlikdə, habelə uzun illər 1861-ci ildə yaradılmış Zəngəzur qəzasının tərkibində olmaları və ənənəvi sosial-iqtisadi, tarixi-mədəni bağlılıqları Zəngilan, Qubadlı, Cəbrayıl, Laçın və Kəlbəcər rayonlarının vahid iqtisadi rayonda birləşdirilməsini zəruri edir.

Ağdam, Şuşa, Füzuli, Tərtər, Xocavənd, Xocalı rayonları və Xankəndi şəhəri, habelə Qarabağ bölgəsinə aid olan Ağcabədi və Bərdə rayonları da daxil olmaqla özünəməxsus zəngin tarixi-mədəni irsə, əsrarəngiz təbiətə malik qədim Qarabağ bölgəsinin bərpası və sürətli inkişafının təmin edilməsi üçün yeni Qarabağ iqtisadi rayonunun da yaradılması vacibdir.

Azad olunmuş ərazilərin ölkəmizin iqtisadiyyatına reinteqrasiyası digər iqtisadi rayonlar, o cümlədən Gəncə–Qazax və Aran iqtisadi rayonları üzrə planlaşdırma işinin səmərəliliyinin artırılmasını, iqtisadi idarəetmədə çevikliyin təmin olunmasını və bu məqsədlə həmin iqtisadi rayonların tərkibinə də yenidən baxılmasını tələb edir.

Fərmana əsasən, Azərbaycan Respublikasının iqtisadi rayonlarının aşağıdakı bölgüsü təsdiq edilib:

- Bakı iqtisadi rayonu (Bakı şəhəri);

- Naxçıvan iqtisadi rayonu (Naxçıvan şəhəri, Babək, Culfa, Kəngərli, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonları);

- Abşeron–Xızı iqtisadi rayonu (Sumqayıt şəhəri, Abşeron və Xızı rayonları);

- Dağlıq Şirvan iqtisadi rayonu (Ağsu, İsmayıllı, Qobustan və Şamaxı rayonları);

- Gəncə–Daşkəsən iqtisadi rayonu (Gəncə və Naftalan şəhərləri, Daşkəsən, Goranboy, Göygöl və Samux rayonları);

- Qarabağ iqtisadi rayonu (Xankəndi şəhəri, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Xocalı, Xocavənd, Şuşa və Tərtər rayonları);

- Qazax–Tovuz iqtisadi rayonu (Ağstafa, Gədəbəy, Qazax, Şəmkir və Tovuz rayonları);

- Quba–Xaçmaz iqtisadi rayonu (Xaçmaz, Quba, Qusar, Siyəzən və Şabran rayonları);

- Lənkəran–Astara iqtisadi rayonu (Astara, Cəlilabad, Lerik, Lənkəran, Masallı və Yardımlı rayonları);

- Mərkəzi Aran iqtisadi rayonu (Mingəçevir şəhəri, Ağdaş, Göyçay, Kürdəmir, Ucar, Yevlax və Zərdab rayonları);

- Mil–Muğan iqtisadi rayonu (Beyləqan, İmişli, Saatlı və Sabirabad rayonları);

- Şəki–Zaqatala iqtisadi rayonu (Balakən, Qax, Qəbələ, Oğuz, Şəki və Zaqatala rayonları);

- Şərqi Zəngəzur iqtisadi rayonu (Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın və Zəngilan rayonları);

- Şirvan–Salyan iqtisadi rayonu (Şirvan şəhəri, Biləsuvar, Hacıqabul, Neftçala və Salyan rayonları).

Prezidentin sözügedən fərmanına münasibət bildirən Milli Məclisin deputatı, iqtisadçı ekspert Vüqar Bayramov bildirib ki, yeni yaradılan iqtisadi rayonlar çoğrafi baxımdan fərqlənməklə yanaşı, eyni zamanda iqtisadi potensialına uyğun olaraq qiymətləndirmənin aparılmasına imkan verir. Bu baxımdan yeni təsnifat artıq Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi zəfərdən sonra formalaşmış yeni düzənə, yeni reallıqlara uyğun olaraq həyata keçirilir:

“Artıq biz iqtisadi rayonların sırasında yeni adda - Qarabağ, Şərqi Zəngəzur iqtisadi rayonların adlarının daxil edilməsini müşahidə etdik. Bu, həm strateji, həm iqtisadi, həm də tarixi baxımdan kifayət qədər vacib qərardır. Əvvəlki təsnifatda Yuxarı Qarabağ, Kəlbəcər və Laçın iqtisadi rayonları vardı və yeni təsnifatda Qarabağ bölgəsində yerləşən rayonlar, Qarabağ iqtisadi rayonunda təmsil olunacaq.

Azərbaycanın 20 faizə yaxın ərazisinin 27 ildən çox işğal altında qalması həmin torpaqlarımızın iqtisadi potensialından istifadəsinə imkan verməyib. Əvvəlki təsnifata uyğun olaraq Yuxarı Qarabağ iqtisadi rayonu ötən il 637 milyon 70 min manat, o cümlədən Ağdam 172 milyon 934 min manat, Füzuli 138 milyon 652 min manatlıq məhsul istehsal edib. Dörd rayonu əhatə edən keçmiş Kəlbəcər-Laçın iqtisadi rayonunda isə cəmi 97 milyon 838 min manatlıq məhsul istehsal olunub. Bu istehsal da həmin rayonlardan bəzisinin bizim nəzarətimizdə olan yaşayış məntəqələrində, respublikanın digər bölgələrində məskunlaşan idarə və müəssisələri hesabına baş verib. Qarabağın ölkə iqtisadiyyatının əsas sahələri üzrə məhsul buraxılışında xüsusi çəkisi 0,7 faiz, keçmiş Kəlbəcər-Laçın iqtisadi rayonunun isə cəmi 0,1 faiz olmuşdu. Bu o deməkdir ki, uzun müddət işğal altında qalan ərazilərimizin ümumi iqtisadiyyatda payı tam rəqəmlə də ifadə olunmayıb”.

V.Bayramovun sözlərinə görə, Qarabağ iqtisadi rayonunun mövcud potensialı, xammal və təbii ehtiyatlar və məhsuldar torpaq sahələrinin həcmini nəzərə alsaq, bərpa mərhələsindən sonra qısa zamanda həmin ərazilərimizdə məhsul istehsalının artacağı proqnozlaşdırılır:

“Bu o deməkdir ki, çox qısa zamanda Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında bərpa-yenidənqurma, yeni iş yerlərinin yaradılmasını və güclü iqtisadi inkişafı müşahidə edəcəyik.

Şərqi Zəngəzur iqtisadi rayonu strateji, iqtisadi və ən əsası tarixi baxımdan xüsusi əhəmiyyəti daşıyır. Şərqi Zəngəzur həmin bölgənin iqtisadi potensialının istifadə edilməsi və genişləndirilməsi aspektindən də vacibdir. Qarabağ iqtisadi rayonunun həm sənaye, həm turizm, həm də aqrar sektorda böyük potensialı var. Şərqi Zəngəzur da həm aqrar sahədə, həm də təbii ehtiyatlar baxımından kifayət qədər böyük potensiala malik iqtisadi rayondur. İşğaldan azad olunmuş bölgələrimizin bərpa və yenidən qurulmasını nəzərə alsaq, nəticədə işğaldan azad olunmuş ərazilərimizin, bütövlükdə Qarabağın bərpa, yenidənqurma prosesinin daha sürətli şəkildə həyata keçirilməsi, eyni zamanda iqtisadi inkişafın formalaşmasına daha sistemli və dövlət proqramları çərçivəsində yanaşmanın həyata keçirilməsinə imkan verəcək”.

Milli Məclisin deputatı Musa Qasımlı Prezident İlham Əliyevin iyulun 7-də imzaladığı “Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında” fərmanı tarixi əhəmiyyət daşıyan bir fərman kimi xarakterizə edib. Onun fikrincə, bu fərman təkcə iqtisadi məna daşımır, eyni zamanda gerçək tarixi keçmişimizi, milli ruhumuzu və qan yaddaşımızı təzələyərək bizi daha geniş üfüqlərə götürür.

M.Qasımlı qeyd edib ki, bir tarixçi olaraq fərmanda diqqətini ən çox cəlb edən iki məsələ oldu:

“Birincisi, Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın və Zəngilan rayonlarından ibarət Şərqi Zəngəzur iqtisadi rayonunun yaradılmasıdır. Məlum olduğu kimi, Zəngəzur etnomədəni və tarixi-coğrafi baxımdan bir tam olaraq tarix boyu Azərbaycana aid olub. Fərmanda da yazıldığı kimi, Zəngəzur dağ silsiləsi ilə əhatə olunan, Laçın və Kəlbəcərdən Naxçıvana qədər böyük bir ərazini tutan Zəngəzur yaylasının şərq hissəsində, Ermənistanla sərhəddə yerləşmiş və eyni coğrafi məkanda, tarixən birlikdə, habelə uzun illər 1861-ci ildə yaradılmış Zəngəzur qəzasının tərkibində olmaları və ənənəvi sosial-iqtisadi, tarixi-mədəni bağlılıqları Zəngilan, Qubadlı, Cəbrayıl, Laçın və Kəlbəcər rayonlarının vahid iqtisadi rayonda birləşdirilməsini zəruri edir.

Bilindiyi kimi, Zəngəzur qəzası o zaman deyildiyi kimi, Yelizavetpol (Gəncə) quberniyasının tərkibində olub. Zəngəzurun qərb hissəsi 1920-ci il dekabrın 1-də Ermənistana verildikdən sonra tam olan bu ərazimiz parçalanıb və Naxçıvanla quru əlaqəmiz kəsilib. Nəinki "Zəngəzur", hətta daha sonra "Şərqi Zəngəzur" və "Qərbi Zəngəzur" terminləri düşünülmüş şəkildə unutdurulub. Cənab Prezidentimizin fərmanı buraxılmış səhvləri düzəldir və bizi özümüzə qaytarır.

İkincisi, fərmana əsasən yaradılan Qarabağ iqtisadi rayonuna Xankəndi şəhərinin də daxil edilməsi hələ xəyallarla yaşayan revanşistlərə ağır zərbədir. Fərmanda Qarabağ iqtisadi rayonu belə ifadə edilir: “Qarabağ iqtisadi rayonu (Xankəndi şəhəri, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Xocalı, Xocavənd, Şuşa və Tərtər rayonları)”.

Ömrümüzə yazılan 44 günlük şərəfli, qürurlu günlərin yenə də davam etdiyini deyən tarixçi deputat fikirlərini bir mahnının sözləri ilə yekunlaşdırıb:

“Gözümüzün önündə dövlət başçımız gözəl bir tarix yaradır. Bir mahnıda deyildiyi kimi: Dünya mərdlər dünyasıdır, ərənləri min yaşasın! Sinəsini tufanlara gərənləri min yaşasın! Nəbzi xalqın ürəyi ilə vurunları min yaşasın! Həqiqətin keşiyində duranları min yaşasın!”.

1news.az

Paylaş:
748

Son xəbərlər

Yevlaxda narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü həbs edilibBu gün, 11:53DYP piyadalara müraciət edibBu gün, 11:33MÜTDA təhsil müəssisələrinin istilik təminatı ilə bağlı məlumat yayıbBu gün, 11:17Abşeronda həyətyanı sahədən sursatlar tapılıb - FOTO - VİDEOBu gün, 11:12Ötən gün yanğınlar zamanı 5 nəfər təxliyə edilibBu gün, 10:27Sabah Xankəndidə tibbi aksiya keçiriləcəkBu gün, 10:20Mingəçevir su anbarında zəlzələ olubBu gün, 10:01BMT “ASAN xidmət”i 4 qitədə təşviq edəcəkBu gün, 10:00Ölkə ərazisindəki bəzi çaylarda sululuq artıbBu gün, 09:46AZAL-dan “Uçuran Cümə” kampaniyası: aviabiletlərə 30%-dək endirimBu gün, 09:39AMB 26 noyabra olan valyuta məzənnələrini açıqladıBu gün, 09:21Bakının sıxlıq olan küçə və prospektləri - SİYAHIBu gün, 09:18Prezident İlham Əliyev Donald Trampa zəng edibBu gün, 09:16Ədalət Verdiyev həbs edildi25 / 11 / 2024, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıb25 / 11 / 2024, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşüb25 / 11 / 2024, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaq25 / 11 / 2024, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanır25 / 11 / 2024, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”25 / 11 / 2024, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdür25 / 11 / 2024, 16:37
Bütün xəbərlər