Dini konfessiyaların rəhbərləri Şuşada Saatlı və Aşağı Gövhərağa məscidlərində
Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadənin başçılığı ilə Azərbaycandakı dini konfessiyaların rəhbərləri iyulun 10-da Şuşada Azərbaycanın tanınmış şəxsiyyətləri Natəvan, Bülbül və Üzeyir Hacıbəylinin güllələnmiş heykəllərinə baxıb, Saatlı və Aşağı Gövhərağa məscidlərində olublar.
1news.az-ın Trend-ə istinadla verdiyi xəbərə görə, əvvəlcə din xadimlərinə Natəvan, Bülbül və Üzeyir Hacıbəylinin güllələnmiş heykəlləri barədə məlumat verilib.
Bildirilib ki, işğal zamanı ermənilər həmin heykəllərə qarşı vandalizm həyata keçirib, onları Ermənistana apararaq əritmək istəyiblər. Lakin ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə həmin heykəllər Ermənistandan alınaraq Azərbaycana gətirilib və Bakıda İncəsənət Muzeyinin həyətində saxlanılıb. Şuşa erməni işğalından azad olunandan sonra heykəllər Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən əvvəlki yerinə qaytarılıb.
Din xadimləri Şuşa Rayon İcra Hakimiyyətinin binası haqqında da məlumatlandırılıb.
Sonra dini konfessiya rəhbərləri Saatlı və Aşağı Gövhərağa məscidlərində olublar. Onlara dini ocaqların işğal dövründə məruz qaldığı dağıntılar, həmçinin hazırda orada aparılan bərpa işləri barədə məlumat verilib.
Müsəlman din xadimləri Aşağı Gövhərağa məscidində namaz qılıblar.