Qazilərimizin məşğulluq məsələləri həll olunur və bizim çağırışımıza özəl sektor müsbət reaksiya verir - Prezident
İkinci Qarabağ müharibəsində əlil olmuş şəxslərə də dövlət daim qayğı, diqqət göstərir. Qazilərimizin məşğulluq məsələləri həll olunur və mən çox şadam ki, bizim çağırışımıza özəl sektor müsbət reaksiya verir, bu da təbiidir.
1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, bu barədə Prezident İlham Əliyev Xocasən qəsəbəsində şəhid ailələri və müharibə əlillərinə mənzillərin və avtomobillərin təqdim edilməsi mərasimində bildirib.
Dövlətimizin başçısı qeyd edib ki, özəl sektorun inkişafı, sahibkarlıqla məşğul olanların fəaliyyəti üçün dövlət çox böyük işlər görüb. İndi də özəl sektor, sahibkarlar öz sosial məsuliyyətini göstərməlidirlər və göstərirlər.
“Məşğulluq marafonuna 200-dən çox sahibkar qoşulub və 160 qazi artıq işlə təmin olunub. Bu da yenilikdir. Bu kateqoriyaya aid olan insanlar üçün məşğulluq marafonları keçirilməsi əlbəttə ki, həm dövlət siyasətini, eyni zamanda, cəmiyyətimizin yetkinliyini göstərir. Sahibkarlar da bu məsələyə, bu təşəbbüsə böyük həvəslə qoşulublar və əminəm ki, bu təşəbbüsün çərçivələri getdikcə daha da genişlənəcək”, - deyə Prezident İlham Əliyev vurğulayıb.