“Taliban” qadınlara və mətbuata münasibətini açıqlayıb
"Əfqanıstanda şəriət qanunları çərçivəsində qadınların hüquqları təmin ediləcək".
1news.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bunu bu gün Kabildə keçirilən mətbuat konfransında “Taliban” Hərəkatının sözçüsü Zebihullah Mücahit bildirib.
Z. Mücahit deyib ki, qadınlar ictimai həyatda iştirak edə, sağlıq, təhsil və digər sahələrdə çalışa biləcəklər: “Əgər beynəlxalq ictimaiyyət narahatdırsa, biz onlara təminat veririk. Ancaq biz müsəlmanıq və bizi qadınlar da müsəlmanlardır”.
“Taliban” Hərəkatının sözçüsü mətbuata da təminat verdiklərini bəyan edib: “Biz sizi qoruyacağıq. Ancaq bəzi istəklərimiz var. İslam ölkəmizdə çox önəmli bir dəyərdir, heç bir şey islami dəyərlərə zidd olmamalıdır. Media hər zaman islami dəyərləri nəzərə alınmalı, proqramlar hazırlanarkən da bu, düşünülməlidir. Mətbuat müstəqil və tərəfsiz olmalıdır. Təbii ki, bizi tənqid edə bilərsiniz, tənqidlərə açığıq. Lakin mətbuat diqqətli olmalı, milli dəyərlərə qarşı çıxmamalı, ölkənin birliyi üçün çalışmalıdır. Barış və qardaşlıq mühitində bir həyat qura bilməyimiz üçün bu, vacibdir”.
1news.az