İlham Əliyev Müstəqil Dövlətlər Birliyinin Dövlət Başçıları Şurasının iclasında iştirak edib - FOTO - YENİLƏNİB
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 15-də Müstəqil Dövlətlər Birliyinin Dövlət Başçıları Şurasının videokonfrans formatında keçirilən iclasında iştirak edib.
1news.az-ın dövlət başçısının rəsmi saytına istinadən verdiyi xəbərə görə, dövlətimizin başçısı iclasda çıxış edib.
Prezident İlham Əliyevin çıxışı
-Sağ olun, hörmətli Aleksandr Qriqoryeviç.
Onlayn rejimdə bugünkü sammitimizin təşkilinə görə Sizə təşəkkürümü bildirmək istəyirəm.
COVID ilə bağlı çətinlikləri hamımız başa düşürük. Ona görə, bu cür ünsiyyət forması bir növ ənənəyə çevrilir, lakin ümid edirəm ki, yaxın vaxtlarda ölkələrimizdə COVID ilə bağlı vəziyyət daha sabit olanda öz həmkarlarımı görəcəyəm.
Hörmətli Aleksandr Qriqoryeviç, hörmətli dövlət başçıları, həmkarlar. Müharibənin başa çatmasından, Vətən müharibəsində Azərbaycanın Qələbəsindən bir il keçməsi ilə əlaqədar bizim regionda yaranmış vəziyyət barədə sizi məlumatlandırmaq istərdim. Bu bir il ərzində nələr baş verməsi, qarşımızda duran çağırışlar və regional inkişafın perspektivləri barədə informasiyanı sizə təqdim etmək istərdim.
Bütövlükdə postmünaqişə dövrü sakit keçir. Ona görə “postmünaqişə dövrü” deyirəm ki, Dağlıq Qarabağ münaqişəsi keçmişdə qalıb. Azərbaycan öz ərazi bütövlüyünü bərpa edib, BMT Təhlükəsizlik Şurasının işğalçı qüvvələrin Azərbaycan ərazisindən dərhal, qeyd-şərtsiz və tamamilə çıxarılmasını tələb edən qətnamələrini yerinə yetirib və Azərbaycan Ermənistanla münaqişəni hərbi-siyasi yolla həll edib. 2020-ci il noyabrın 9-dan 10-na keçən gecə Rusiya, Azərbaycan prezidentlərinin və Ermənistanın baş nazirinin üçtərəfli Bəyanatı imzalandı. Bu Bəyanat Ermənistan-Azərbaycan münaqişəsinə son qoydu. Hərbi əməliyyatların dayandırılmasında Rusiya Federasiyasının Prezidenti Vladimir Vladimiroviç Putinin xüsusi rolunu bir daha qeyd etmək istərdim. Bu, hər iki tərəfdən minlərlə insanın ölümündən qaçmağa imkan verdi. Üçtərəfli Bəyanata müvafiq olaraq, Ermənistan öz işğalçı qüvvələrini Azərbaycanın Ağdam, Laçın və Kəlbəcər rayonlarının işğal edilmiş hissəsindən çıxardı. Bundan əvvəl Azərbaycan Silahlı Qüvvələri 300-dən çox şəhəri və kəndi döyüş meydanında azad etdi. Beləliklə, artıq qeyd etdiyim kimi, münaqişə hərbi-siyasi yolla həll edildi. Həmçinin üçtərəfli Bəyanata müvafiq olaraq Azərbaycanın Qarabağ regionuna Rusiya sülhməramlıları yerləşdirildi. Nəqliyyat kommunikasiyalarının açılması ilə bağlı məsələlərin həll edilməsi üçün Rusiya, Azərbaycan və Ermənistanın baş nazirlərinin müavinlərinin həmsədrliyi ilə işçi qrup yaradıldı. Azərbaycanın Ağdam rayonunun ərazisində Azərbaycan tərəfi Rusiya-Türkiyə monitorinq mərkəzi yaratdı.
Hazırda Azərbaycanın qarşısında duran əsas problemlər azad edilmiş ərazilərin minalardan təmizlənməsi və dağıdılmış infrastrukturun, binaların, evlərin, Azərbaycan xalqının tarixi abidələrinin bərpasıdır. Müharibədən sonra 150-dən çox vətəndaş minaya düşərək həlak olub, yaxud ciddi xəsarətlər alıb. Ermənistan minalanmış sahələrin tam xəritələrini bizə verməkdən imtina edir. Azərbaycana verilmiş az sayda xəritələrin dəqiqliyi təqribən 25 faizdir. Azad edilmiş ərazilərdə təqribən 30 illik işğal dövründə demək olar ki, bütün binalar və tarixi abidələr dağıdılıb. Azad edilmiş ərazilərdəki 67 məsciddən 65-i tamamilə dağıdılıb. Qismən dağıdılmış qalan iki məsciddə işğalçılar donuz və inək saxlayır, müsəlmanların heysiyyətini qəsdən təhqir edirdilər. Füzuli şəhərində və Füzuli rayonunun bütün kəndlərində binalar və evlər 100 faiz dağıdılıb. Ağdam şəhərində və Ağdam rayonunda da eyni vəziyyətdir. Ağdam şəhəri “Qafqazın Hirosiması” adlandırılır. Cəbrayıl rayonunda cəmi 2 bina salamat qalıb, orada Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçuları yerləşirdi. Zəngilan, Qubadlı, Laçın və Kəlbəcər rayonlarında da oxşar vəziyyətdir. Şuşa şəhərində işğala qədər mövcud olan 17 məsciddən 16-sı Ermənistan tərəfindən dağıdılıb. Bir məscid “tolerantlıq” nümayiş etdirmək üçün saxlanılıb və İrandan olan qondarma mütəxəssislərin köməyi ilə onu fars məscidi kimi təqdim etməyə cəhd göstərilib. Evlər və ictimai binalar kərpic-kərpic, daş-daş sökülüb, Ermənistana və İrana satılıb. Azərbaycan ərazilərində vandalizmin izləri belədir. Təbiətə çox böyük ziyan vurulub, 60 min hektara yaxın meşə qırılıb, doğranıb, Ermənistana və İrana satılıb. Qızıl yataqları və digər təbii ehtiyatlar qanunsuz istismar edilib. Transsərhəd Oxçuçay çayı bir Avropa şirkətinin iştirakı ilə sistematik olaraq çirkləndirilirdi, bu da artıq nüfuzlu beynəlxalq ekspertlər tərəfindən təsdiq edilmiş ekoloji fəlakətə gətirib çıxarıb. İşğal edilmiş ərazilərdə real mənzərə belədir. Azad edilmiş ərazilərdə bir ildən az müddətdə bir çox ölkələrdən olan minlərlə siyasətçi, diplomat və jurnalist, o cümlədən MDB ölkələrinin nümayəndələri bunları görüblər. Azərbaycan İranla dövlət sərhədinin təqribən 30 il müddətində Ermənistanın nəzarəti altında olmuş 130 kilometrlik hissəsində nəzarəti ötən bir ildə bərpa edib və beləliklə, İrandan Azərbaycanın Cəbrayıl rayonundan keçməklə Ermənistana və daha sonra Avropaya narkotrafik marşrutunu bağlayıb. Azərbaycan-İran sərhədinin digər sahələrində bizim tutub saxladığımız heroinin həcmi əvvəlki illərin müvafiq dövrü ilə müqayisədə iki dəfə artıb. Bu, o deməkdir ki, təqribən 30 il müddətində Ermənistan İranla əlbir olaraq Azərbaycanın o vaxt işğal altındakı ərazilərindən Avropaya narkotrafik üçün istifadə edib.
Mən işğal illərində dəfələrlə bəyan etmişdim ki, işğal olunmuş ərazilərdən narkotrafik məqsədilə və beynəlxalq terrorçuların hazırlanması üçün istifadə edilir. Bu gün bu, sübut edilmiş faktdır. Belə adlandırılan “erməni hərbi əsirlər” məsələsinə də toxunmaq istərdim. Azərbaycan müharibə dövründə tutulub saxlanılmış bütün hərbi əsirləri Ermənistanın azərbaycanlı hərbi əsirləri bizə verməsindən daha əvvəl verib. Üçtərəfli Bəyanat imzalanandan iki həftədən çox sonra, keçən il noyabrın axırlarında 62 nəfərdən ibarət təxribat qrupu Ermənistanın Şirak regionundan Azərbaycan Silahlı Qüvvələrinin arxa hissəsinə, artıq işğaldan azad edilmiş ərazilərdə təxribatlar törətmək üçün göndərilmişdi. Azərbaycan hərbi qulluqçuları həmin qrupu tutaraq tərksilah etdi. Beynəlxalq konvensiyalara müvafiq olaraq bu təxribatçılar hərbi əsir hesab edilə bilməz.
Müharibə və münaqişə tarixdə qaldı. Biz, ərazi bütövlüyünün qarşılıqlı tanınması şərti ilə sərhədlərin delimitasiyasına dair Ermənistanla danışıqlara başlamağa hazırıq, həmçinin Ermənistan ilə sülh sazişinə dair danışıqlara başlamağa hazırıq. Azərbaycan qalib ölkə kimi münasibətləri normallaşdırmağa hazırdır. Ümidvarıq ki, Ermənistan rəhbərliyi bu tarixi şansı əldən verməyəcək.
Diqqətinizə görə sağ olun.
12:43
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 15-də Müstəqil Dövlətlər Birliyinin Dövlət Başçıları Şurasının videokonfrans formatında keçirilən iclasında iştirak edir.
1news.az dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, dövlətimizin başçısı iclasda çıxış edib.