Belarusun İstintaq Komitəsinin sədri Azərbaycana gəlib – FOTO
Azərbaycanın Baş Prokurorluğu ilə Belarusun İstintaq Komitəsi arasında işgüzar əlaqələrin daha da möhkəmləndirilməsi məqsədi ilə Belarusun İstintaq Komitəsinin sədri Dmitri Qoranın rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizə səfərə gəlib.
Bu barədə 1news.az-a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.
Noyabrın 16-da Belarusın İstintaq Komitəsinin nümayəndə heyəti Fəxri Xiyabana gələrək Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin əziz xatirəsini ehtiramla yad edərək məzarı önünə əklil qoyub, eləcə də görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarını ziyarət edib.
Şəhidlər Xiyabanına gələn qonaqlar ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olan həmvətənlərimizin məzarı üzərinə tər çiçək dəstələri düzüb, “Əbədi Məşəl” abidəsinin önünə əklil qoyublar.
Daha sonra Azərbaycanın Baş Prokurluğunda ikitərəfli görüş keçirilib.
Qonaqları salamlayan Baş prokuror Kamran Əliyev ölkələrimiz arasında dostluq və əməkdaşlıq münasibətlərinin dövlət başçıları İlham Əliyev və Aleksandr Lukaşenkonun birgə səyləri və siyasi iradələri sayəsində bir çox istiqamətlərdə uğurla inkişaf etdiyini qeyd edib.
Dövlətlərimiz və xalqlarımız arasında zəngin tarixə malik və ildən-ilə daha da dərinləşən münasibətlər, Azərbaycan Prezidenti İlham Əliyevin qətiyyətli siyasi iradəsindən qaynaqlanan və rəhbərliyi ilə ardıcıl olaraq bütün sahələrdə olduğu kimi hüquqi sahədə də aparılan islahatlar, o cümlədən səmərəli dövlət idarəetməsi, əhalinin həyat səviyyəsinin və sosial rifahının yüksəldilməsi üzrə tədbirlər və əldə olunan nailiyyətləri haqda geniş məlumat verilib.
Belarusun Azərbaycanla hüquqi sahədə əməkdaşlığın möhkəmləndirilməsinə xüsusi önəm verdiyini deyən Dmitri Qora iki ölkənin dövlət qurumları arasında münasibətlərin dərinləşməsi üçün böyük perspektivlərin olduğunu bildirərək, qarşılıqlı səmərəli əlaqələrin daha da genişlənməsində ümumi marağın mövcudluğunu vurğulayıb.
Görüşdə hər iki ölkə vətəndaşlarının hüquq və azadlıqlarının qorunması, cinayətkarlığa qarşı mübarizə, o cümlədən internet şəbəkəsindən istifadə edilməklə törədilən cinayətlərin açılması və araşdırılması, bu sahədə qanunvericilik mövzusunda geniş fikir mübadiləsi aparılmış, həm ikitərəfli, həm də beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı fəaliyyətin səmərəliliyindən, hüquqi əməkdaşlıq sahəsində mövcud müqavilə bazasının təkmilləşdirilməsindən danışılmış, tərəfləri maraqlandıran məsələlər müzakirə edilərək, qarşılıqlı münasibətlərin bundan sonra da uğurla davam etdiriləcəyinə əminlik ifadə edilib.
Nümayəndə heyəti daha sonra Baş Prokurorluğun Tarix muzeyi ilə tanış olub. Muzeydə Azərbaycan Prokurorluğunun zəngin tarixi, qardaş ölkələrimiz arasındakı münasibətləri əks etdirən ekspozisiyalar, eyni zamanda, ulu öndər Heydər Əliyevin həyat və yaradıcılığına həsr olunan guşə və eksponatlar qonaqlarda zəngin təəssürat oyadıb.
Səfər çərçivəsində, heyət, paytaxtın Binəqədi rayonu, Dərnəgül yaşayış sahəsində yerləşən Azərbaycanın Baş Prokurorluğunun yeni inzibati bina kompleksində olublar.
Qonaqlar inzibati bina kompleksində prokurorluq əməkdaşları üçün yaradılan iş şəraiti, Vətən müharibəsinə həsr olunan tarixi-memorial qalereya, tədris auditoriyaları və iclas zalları, kitabxana, kriminalistika və istintaq otaqları ilə tanış olublar.
Baş Prokurorluğun İstintaq İdarəsinin fəaliyyəti ilə yaxından tanış olan heyət üzvlərinə cinayətlərin istintaq metodikasına dair məlumatları əks etdirən lövhələr, əyani vəsaitlər təqdim olunmuş, habelə qonaqlara istintaq hərəkətlərinin keçirilməsi üçün müasir tələblərə cavab verən avadanlıq və texniki vasitələr nümayiş etdirilib.Bundan sonra, Azərbaycanın Baş Prokurorluğunun Elm-Tədris Mərkəzi ilə “Belarus Respublikası İstintaq Komitəsinin İxtisasartırma və yenidən hazırlıq institutu” təhsil müəssisəsi arasında qurumlararası əməkdaşlıq əlaqələrinin perspektivlərini müəyyənləşdirən əməkdaşlıq haqqında memorandum imzalanmış və bu istiqamətdə fəaliyyətin davam etdirilməsində əminlik ifadə edilib.
Nümayəndə heyətinin ölkəmizə səfəri davam edir.