1news.az-ın redaksiyasına məktub: Niyə azan səsgücləndirici ilə verilir? | 1news.az | Xəbərlər
Cəmiyyət

1news.az-ın redaksiyasına məktub: Niyə azan səsgücləndirici ilə verilir?

16:17 - 10 / 12 / 2021
1news.az-ın redaksiyasına məktub: Niyə azan səsgücləndirici ilə verilir?

1news.az-ın redaksiyasına Səbinə G. adlı oxucumuz tərəfindən məktub daxil olub. O, azanın yüksək səsindən narahatdır.

“Dünyəvi dövlətdə gecə vaxtı azanın səsgücləndiricilər vasitəsilə verilməsinə icazə verilirmi? Milli Məclisin ərazisində yatmaq mümkün deyil, indiyədək belə bir hal olmayıb”- deyə o, yazır.

Çox həssas mövzu olduğundan ilk növbədə qanunda bu barədə nə yazıldığını öyrənmək qərarına gəldik və öyrənməyə çalışdıq ki, Azərbaycanda ayrıca “Sakitlik haqqında” qanun varmı?

Yeri gəlmişkən, qonşu Rusiyada belə bir qanunun qəbulu müzakirə olunsa da, bu, müvafiq konfessiyaların kanonik tələbləri çərçivəsində dini kultların idarə olunması zamanı həyata keçirilən hərəkətlərə şamil edilməyəcək.

Məsələnin qanuni tərəflərini aydınlaşdırmaq üçün hüquqşünas Əkrəm Həsənova müraciət etdik. O, azan səsinin tənzimlənməsi ilə bağlı ayrıca qanunun olmadığını söylədi:

“Bizdə “Səssizlik haqqında” qanun yoxdur. Amma İnzibati Xətalar Məcəlləsi var ki, orada 521-ci - “Məişət səs-küyünə qarşı mübarizə qaydalarının pozulması” maddəsi var. Həmin maddəyə görə, mənzillərdə, yaşayış evlərinin girişlərində və həyətlərində, küçələrdə, istirahət yerlərində və digər ictimai yerlərdə gecə vaxtı saat 24-dən 7-dək səs-küy salmağa, ucadan mahnı oxumağa, musiqi alətlərini ucadan çalmağa, televizorları, radioqəbulediciləri, maqnitofonları və digər aparatları gur səslə oxutmağa, məişət səs-küyünə qarşı mübarizə tələblərini başqa üsulla pozmağa görə fiziki şəxslər yüz əlli manatdan iki yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir.

O ki qaldı oxucunun sualına, formal şəkildə yanaşsaq, azanın səsinin səsgücləndiricilər vasitəsilə verilməsi bu maddənin altına düşür.

Lakin gəlin əvvəlcə azanın vaxtını müəyyən edək. Hətta işıqlı saatların uzun olduğu yayda belə gecə yarısı azan oxunmur, onun vaxtı axşam saat 22-23 arası olur. Qışda isə azan səsi təxminən saat 19.00-da səsləndirilir.

Yəni, oxucuda mənfi reaksiya yayda azan səsinin erkən, səhər saat 3-4 arasında, qışda isə təxminən səhər saat 6-dan sonra səslənməsi zaman qaynaqlanır. Və belə görünür ki, formal olaraq, azanın belə yüksək səslə oxunması həqiqətən 521-ci maddənin altına düşür, çünki azan səhər 7-dən əvvəl olur.

Eyni zamanda, Azərbaycan Konstitusiyasının “Vicdan azadlığı haqqında” 48-ci maddəsinə əsasən, dini ayinlərin icrası ictimai asayişi pozmadıqda və ictimai əxlaqa zidd olmadıqda sərbəstdir.

Həssas məsələdə də bundan qaynaqlanır: ölkəmizdə insanların əksəriyyəti müsəlmandır və əgər şikayətlərin sayı çox deyilsə, demək azanın yüksək səsi vətəndaşları narahat etmir”.

Ə.Həsənov oxucuya sualla müraciət etməklə yanaşı, əhalisinin əksəriyyətinin müsəlmanlar olduğu ölkədə yaşadığımızı da xatırladıb:

“Oxucuya belə bir sual vermək istərdim: “Yeni il üçün atəşfəşanlıq ona mane olurmu?” Axı, formal olaraq, bu da 521-ci maddənin pozulması deməkdir, heç bir yerdə müəyyən günlərdə saat 00.00-dan sonra atəşfəşanlıq etmək olar deyə bir müddəa yoxdur. Ona gətirib çıxarıram ki, cəmiyyətin bəzi yazılmamış qaydaları, ənənələri var. Bu halda azan bizim mədəniyyətimizin, adət-ənənəmizin bir hissəsidir və nəzərə almaq lazımdır ki, biz əhalisinin əksəriyyəti müsəlman olan bir ölkədə yaşayırıq.

Bununla belə, mən də inanclı bir insan olmağıma baxmayaraq, belə məsələlərin tənzimlənməsinə ehtiyac olduğunu düşünürəm. Çünki İslam şəriətinin heç bir mənbəsində azanın səsgücləndiricilərlə verilməli olması barədə heç bir söz yoxdur. Hz. Muhəmməd Peyğəmbərin (s.a.s.) dövründə isə səsgücləndiricilər yox idi. Yəni dinin heç bir tələbi yoxdur ki, azan çox yüksək səslə verilsin.

Buna görə də hesab edirəm ki, bu məsələ qanunla tənzimlənməlidir, səsin yüksəkliyinə müəyyən tələblər qoymaq olar. Bu məsələ bələdiyyələrə verilə bilərdi ki, hər bir rayonda fərdi qaydada həll olunsun. Axı əraziyə görə dəyişir, məsələn, kəndlərdə və şəhərdə”.

Dini ekspert Hacı Mirhəmid isə azanın səsgücləndiricilər vasitəsilə verilməsində ciddi bir problem görmədiyini söyləyib:

“Azan səsi müsəlman dünyasının rəmzidir. Min ildən çoxdur ki, dünyanın bir çox ölkələrində azan səsi var və müsəlmanlar da bunu qəbul ediblər. Məscidlər də müsəlmanların Allaha ibadətləri üçün nəzərdə tutulmuş bir məkandır. Biz işğal olunmuş ərazilərdə öz haqqımızı tələb etmək, həmin ərazilərin bizə məxsus olduğunu sübut etmək üçün məhz məscidlərin olmasına istinad edirik”.

Onun sözlərinə görə, bir nəfərə azan səsi xoş gəlmədi deyə və yaxud kiçik bir narahatlığına görə məscidin azan səsini kəsmək mümkün deyil. Dünyanın heç bir ölkəsində belə bir hal baş verməyib:

“Bizdə məscidlər olduğu kimi xristianların yaşadığı ölkələrdə, o cümlədən Avropa ölkələrində kilsələrin zənglərindən istifadə olunur və sakinlər buna artıq öyrəşiblər və heç bir halda buna qarşı öz narazılıqlarını bildirmirlər. Baxmayaraq ki, kilsə zənginin səsi azan səsindən daha güclü gəlir. Əhali başa düşür ki, bu, belə də olmalıdır. Kilsənin zəng səsi, sinaqoqun şeypur səsi olduğu kimi məscidin də azan səsi olmalıdır. Lakin bu heç də o demək deyil ki, insanları narahat edən həddindən artıq güclü səsgücləndiricilərdən istifadə olunmalıdır. Səsin gücü, yüksəkliyi tələb olunan həddi keçməməlidir. İnsanlar da azan səsini normal qəbul etməlidilər.

Onu da nəzərə almaq lazımdır ki, İstanbul kimi şəhərdə demək olar ki, hər məhəllədə məscid olduğu halda, Bakıda məscidlərin sayı elə də çox deyil və cəmi bir neçə məsciddə müsəlmanları namaza çağırmaq üçün səsgücləndirici cihazlardan istifadə olunur. Eyni zamanda Türkiyədə və ərəb ölkələrində gündə beş dəfə azan verildiyi halda Bakıdakı əksər məscidlərdə azan üç dəfə verilir”.

Natali Aleksandrova, Babək Cahandarov

Paylaş:
1031

Son xəbərlər

Bütün xəbərlər