Fantaziyanın sərhədi yoxdur: Cəmil Hüseynovun “Fantazm” sərgisi Bakıda - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Fantaziyanın sərhədi yoxdur: Cəmil Hüseynovun “Fantazm” sərgisi Bakıda - FOTO

16:08 - Bu gün
Fantaziyanın sərhədi yoxdur: Cəmil Hüseynovun “Fantazm” sərgisi Bakıda - FOTO

Bakıda QGallery qalereyasında rəssam Cəmil Hüseynovun “Fantazm” adlı ikinci fərdi sərgisi açılıb. Aprelin 23-də açılışı olan sərgi 28 aprel tarixinədək ziyarətçilər üçün açıq olacaq.

“Fantazm” adı rəssamın yaradıcılığındakı sürrealist xətti və cəsarətli bədii ifadəni özündə cəmləyir. Ekspozisiyada təqdim olunan əsərlərdə fantasmagorik obrazlar vasitəsilə reallıq və təxəyyül arasında incə, bəzən isə qəsdən pozulan sərhədlər hiss olunur.

Qeyd edək ki, Cəmil Hüseynov 24 dekabr 1987-ci ildə anadan olub. İnteryer dizaynı üzrə bakalavr təhsilini başa vurduqdan sonra o, sənətin beşiyi sayılan Florensiya şəhərində yerləşən Charles H. Cecil Studios studiyasında təhsilini davam etdirib. Burada klassik incəsənətin dərinliklərinə yiyələnən rəssam, eyni zamanda böyük ustaların yaradıcılıq ruhunu mənimsəyib.

Dörd illik təhsilini tamamladıqdan sonra Bakıya qayıdan rəssam fəaliyyətini davam etdirərək 2016-cı ildə məhz QGallery qalereyasında ilk fərdi sərgisini təqdim edib.

Sonrakı illərdə onun yaradıcılığı XIX–XX əsr simvolizm və realizm cərəyanlarının təsiri ilə transformasiya olunaraq yeni mərhələyə qədəm qoyub. Bu təsirlər nəticəsində rəssamın işlərində müəyyən metamorfozlar baş verib və apardığı eksperimentlər onu özü üçün belə yeni olan fərqli bir bədii istiqamətə gətirib çıxarıb.

2025-ci ildə Cəmil Hüseynov Heydər Əliyev Fondu tərəfindən Heydər Əliyev Mərkəzi-də təşkil olunan “Mama Mother Nature” sərgisində iştirak edib. Elə həmin il o, beynəlxalq miqyasda tanınan Almenara Art Prize müsabiqəsinin qaliblərindən biri seçilib.

Paylaş:
107

Son xəbərlər

Bütün xəbərlər