Azərbaycan vətəndaşlarının 91,2 faizi Prezidentə tam etibar edir - SORĞU
Sosial Tədqiqatlar Mərkəzi Prezident İlham Əliyevin fəaliyyəti ilə bağlı keçirdiyi ictimai rəy sorğusunun nəticələrini açıqlayıb.
1news.az-ın Report-a istinadla verdiyi xəbərə görə, mərkəz tərəfindən ötən dövrlərdəki ənənəyə uyğun olaraq, Prezidentin cari ilin ikinci yarısı üzrə yüksək ictimai-siyasi fəaliyyəti vətəndaş rəyində qiymətləndirilib.
Sorğuda iştirak edən vətəndaşların 91,2 %-i Prezidentə tam etibar etdiyini söyləyib, 6,9 % isə əsasən etibar etdiyi cavabını verib.
Respondentlərin əhəmiyyətli hissəsi Şuşa Bəyannaməsinin Azərbaycan və Türkiyə arasındakı münasibətləri hərbi müttəfiqlik səviyyəsinə qaldıracağını (60,4%), Türkiyə ilə birbaşa hərbi, təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlığı yeni mərhələyə daşıyacağını (61,6%), Azərbaycan və Türkiyənin Türk dünyasının milli maraqları və türk həmrəyliyi üçün örnək rolunu oynayacağını (50,6%) düşünür.
Zəngəzur nəqliyyat dəhlizinin fəaliyyətə başlaması ilə Azərbaycanın öz eksklavı olan Naxçıvanla və qardaş ölkə Türkiyə ilə əlaqələrinin güclənəcəyinə (74%), Türk dünyasında birliyin güclənməsinə xidmət edəcəyinə (54,7%), Naxçıvanın Azərbaycanın əsas ərazisi vasitəsilə Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizlərinə çıxışını (53,5%), Türkiyə və Azərbaycanın Türk dünyasına birbaşa çıxışını təmin edəcəyinə (34,8%) əminlik ifadə olunub.
Respondentlər Füzulidə ilk dəfə beynəlxalq hava limanının açılmasını, Zəngilan və Laçında hava limanlarının inşasının planlaşdırılmasını Azərbaycanın turizm sektorunun inkişafına müsbət təsir (75,9%), regionun iqtisadi inkişafına töhfə (57,3%), Qarabağa səfərlərin vaxt baxımından qısalması (52,7%), məşğulluğa əlavə dəstək kimi (25,5%) şərh edib.
Sorğu nəticələrinə görə, Prezident Qələbənin memarı kimi qlobal platformalarda intensiv çıxışları ilə Zəfər tariximizi uğurla beynəlxalq aləmə tanıdır (93,6%), Zəfərin tarixiləşdirilməsində vətəndaş iştirakçılığını və ümummilli həmrəyliyi stimullaşdırır (85,7%), Azərbaycanın informasiya siyasətində üstünlüyünü təmin edir və bu yöndə fəaliyyətə dair yeni imkanlar açır (85,7%), milli maraqlarımıza zidd cəhdlərə və xarici təsirlərə qarşı müqaviməti gücləndirir (81,9%), qalibiyyəti milli birliyin və uğurlu siyasətin təminatında əsas resursa çevirməyin vacibliyini şərtləndirir (79,8%).
Rəy sorğusu təqvim etibarilə mühüm tarixi məqama, postmüharibə dövrünə, Qarabağın bərpa və quruculuq mərhələsinə təsadüf edir.
"Ötən bir neçə il ərzində dövlət başçısının siyasi iradəsi ilə aparılan genişmiqyaslı struktur və kadr islahatları yeni hakimiyyət quruculuğu kimi xarakterizə olunarkən, İkinci Qarabağ müharibəsindən sonrakı mövcud tarixi keçid qalib dövlət və cəmiyyət həyatında yeni dövrün başlanğıcı kimi səciyyəvidir. Bu baxımdan yeni dövrün siyasi təqvimində tarixi əhəmiyyətə və xüsusi çəkiyə malik olan müxtəlif aktual hadisələr ictimai rəy sorğusunda əhatə olunub. Sorğu Naxçıvan Muxtar Respublikası və azad olunan ərazilər istisna olmaqla bütün regionları əhatə edib. 1162 respondentin rəyi öyrənilib", - mərkəzdən bildirilib.
Keçirilən əvvəlki sorğuların və cari sorğunun nəticələrinin təhlili Prezident İlham Əliyev amilinin Azərbaycan cəmiyyətində, ictimai təfəkkürdə ümummilli maraqlar baxımından birləşdirici, uzlaşdırıcı əsas güc mərkəzi olduğunu göstərir.
Postmüharibə dövrünün ilk ili kimi xarakterizə edilən 2021-ci il dövlət başçısının fəaliyyətində, həmişə olduğu kimi, öz dinamikliyi və aktivliyi ilə xarakterikdir.