Bu il Azərbaycanın xarici siyasət kursu uğurla davam etdirilib - XİN
2021-ci il ərzində Azərbaycan Respublikasının xarici siyasəti ölkənin milli təhlükəsizliyi və sosial-iqtisadi inkişafına töhfə vermək məqsədi ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müəyyən etdiyi istiqamətlərə uyğun olaraq həyata keçirilib.
1news.az-ın verdiyi xəbərə görə, bu barədə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin 2021-ci ilin yekunlarına dair mətbuat buraxılışında qeyd olunub.
Bildirilib ki, ölkənin müstəqil, açıq, praqmatik və milli maraqlara söykənən xarici siyasət kursu il ərzində uğurla davam etdirilib.
"Dövlət başçımızın vurğuladığı kimi, bütün ölkələrlə bərabərhüquqlu, qarşılıqlı hörmət və etimad əsasında münasibətlərin qurulması xarici siyasətimizin başlıca prinsiplərindən olub. Azərbaycan diplomatiyasının bu prinsip əsasında fəaliyyəti onun həm qonşu, həm də regiondan kənarda yerləşən dövlətlərlə münasibətlərinin sabit əsasda inkişafına zəmin yaradıb. Bu kontekstdə, beynəlxalq münasibətlər sistemində gərginliyin artdığı bir dövrdə, Azərbaycan dövlətinin dünyada bölücü deyil, birləşdirici xətləri təşviq etməsi yanaşması xüsusi əhəmiyyət kəsb edib.
2021-ci il ərzində xarici siyasət fəaliyyətimiz dövlətimizin suverenliyi və ərazi bütövlüyünün möhkəmləndirilməsi, Vətən müharibəsində əldə edilmiş qələbənin beynəlxalq diplomatik müstəvidə irəlilədilməsi, işğaldan azad olunmuş ərazilərimizin minalardan təmizlənməsi, bərpası və yenidən qurulması vəzifələrinin həyata keçirilməsi işinə dəstəyin göstərilməsinə yönəlib. Bu xüsusda, dövlətimizin üzv olduğu bir sıra təşkilatlar, eləcə də tərəfdaş dövlətlər tərəfindən Vətən müharibəsinin nəticələrini alqışlayan bəyanatlar verilmiş və işğaldan azad olunmuş torpaqlarımızın minalardan təmizlənməsi, bərpası və yenidən qurulması prosesinə dəstək göstərməyə başlanıb", - buraxılışda qeyd olunub.