İlham Əliyev Rəcəb Tayyib Ərdoğana məktub göndərib | 1news.az | Xəbərlər
Rəsmi

İlham Əliyev Rəcəb Tayyib Ərdoğana məktub göndərib

Qafar Ağayev09:08 - 14 / 01 / 2022
İlham Əliyev Rəcəb Tayyib Ərdoğana məktub göndərib

Prezident İlham Əliyev Azərbaycan və Türkiyə arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi münasibətilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana məktub göndərib.

1news.az dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, məktubda deyilir:

Hörmətli cənab Prezident,

Əziz Qardaşım,

Sizi və qardaş Türkiyə xalqını Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi münasibətilə ürəkdən təbrik edir, ən səmimi arzularımı çatdırıram.

14 yanvar 1992-ci ildə qardaş Türkiyə ilə diplomatik əlaqələrin yaradılması Azərbaycan Respublikasının tarixində əlamətdar hadisə olmuşdur. XX əsrdə ikinci dəfə müstəqilliyə qovuşmuş Azərbaycanın ilk olaraq Türkiyə tərəfindən tanınması və sonra da diplomatik münasibətlərin qurulması əsl qardaşlıq və həmrəylik nümunəsi kimi xalqımızın milli yaddaşına əbədi olaraq həkk olunmuşdur.

Böyük fərəh hissi ilə qeyd etmək istəyirəm ki, ötən dövr ərzində Azərbaycan-Türkiyə münasibətləri möhtəşəm inkişaf yolu keçmişdir. Ölkələrimiz tarixi sınaqlardan şərəflə və başıuca çıxaraq “Bir millət iki dövlət” şüarının ruhuna sadiqliyini təsdiq etmiş, onu yaşatmışdır.

Xalqlarımızın əsrlərdən-əsrlərə keçən birliyi, qardaşlığı və dostluğu kimi möhkəm təməllər üzərində qurulmuş dövlətlərarası münasibətlərimiz bu gün özünün ən yüksək səviyyəsindədir. Qardaş ölkələrimizin istər siyasi, iqtisadi, ticari, mədəni, enerji, hərbi, texnoloji və digər sahələrdə qarşılıqlı faydalı əməkdaşlığı, istərsə də beynəlxalq təsisatlar çərçivəsində uğurlu iş birliyi bizi sevindirir. Gerçəkləşdirdiyimiz nəhəng enerji, nəqliyyat, infrastruktur layihələri ortaq təşəbbüslərimizin və birgə səylərimizin real təntənəsidir. İkitərəfli əməkdaşlıq zəminində əldə etdiyimiz misilsiz nailiyyətlər ölkələrimizin tərəqqisinə, xalqlarımızın rifahına, regionumuzda əmin-amanlığın və sabitliyin bərqərar olmasına töhfə verir.

Keçən ilin iyununda bütün Türk dünyasının qədim mədəniyyət mərkəzi olan Şuşa şəhərində müttəfiqlik münasibətləri haqqında Bəyannamənin imzalanması sarsılmaz birliyimizi bir daha təsdiq edən mühüm tarixi addım idi. Bu sənəd Azərbaycan-Türkiyə əlaqələrinin inkişafının konseptual istiqamətlərini müəyyən edərək, gələcək müştərək müvəffəqiyyətlərimizə yol açan yeni mərhələnin əsasını qoymuşdur.

Əziz Qardaşım,

Dünyada bərabəri olmayan, dostluq və qardaşlığın ən gözəl nümunəsi olan Azərbaycan-Türkiyə münasibətlərinin, müttəfiqliyinin inkişafı və möhkəmlənməsində Sizin xidmətləriniz əvəzsizdir. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi ilə bağlı hər zaman ortaya qoyduğunuz qəti və birmənalı mövqe, haqq işimizə verdiyiniz tərəddüdsüz dəstək bizi daim ruhlandırır və əlavə güc verirdi. Azərbaycan xalqı 44 günlük Vətən müharibəsinin ilk saatlarından son dəqiqələrinə qədər şəxsən Sizin, Türkiyə Respublikasının, qardaş xalqınızın nümayiş etdirdiyi mənəvi dəstəyi, həmrəyliyi heç zaman unutmayacaq. Bu gün də işğaldan azad edilmiş torpaqların əsaslı yenidənqurulması və bərpası işlərində Türkiyə ilə çiyin-çiyinə bir yerdə irəliləməyimiz böyük məmnunluq doğurur. Biz də öz növbəmizdə hər zaman bütün məsələlərdə qardaş Türkiyənin yanında olmağa davam edəcəyik.

Əminəm ki, bu günün reallığı və xalqlarımızın qürur mənbəyi olan nümunəvi Azərbaycan-Türkiyə birliyi və qardaşlığı gələcək nəsillərə strateji yol xəritəsi, əbədi və sarsılmaz miras olaraq qalacaqdır.

Sizi bu əlamətdar tarixi ildönümü münasibətilə bir daha səmimiyyətlə təbrik edir, möhkəm cansağlığı, işlərinizdə uğurlar, qardaş Türkiyə xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram.

Paylaş:
819

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər