Redaksiyaya məktub: “Əgər 7 gündən artıq COVID-19 xəstəsiyəmsə, məndən işə qayıtmağımı tələb edə bilərlər?”
Xəbər verdiyimiz kimi, Azərbaycanda koronavirusa yoluxmuş vətəndaşlar üçün karantin müddəti azaldılıb.
Belə ki, Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin birgə yaydığı məlumatda bildirilir ki, yanvarın 24-dən etibarən SARS-CoV-2 PZR test nəticəsi “müsbət” olan şəxslərin və onların müəyyən olunmuş “sıx təmaslı”larının təcrid (karantin) müddəti 14 gündən 7 günə azaldılır.
Bu xəbər bir çox vətəndaşın narahatlığına səbəb oldu. Onlardan bəziləri 1news.az-ın redaksiyasına müraciət ediblər: Koronavirusun simptomları 7 gündən çox davam edərsə nə etməli?
“Yüksək hərarətim yalnız COVID-19 müalicəsinin beşinci günündə yüksəldi və buna görə də yeddinci gündən sonra işə gedə bilməyəcəm. Bu zaman nə etməli?” – oxuculardan biri soruşur.
Səhiyyə Nazirliyindəki mənbənin 1news.az-a verdiyi məlumata görə, müəyyən edilmiş karantin müddəti o demək deyil ki, vətəndaşda xəstəliyin əlamətləri qaldıqda o, işə getməyə məcburdur.
“Qısaldılmış karantin müddəti o deməkdir ki, xəstəliyin gedişatının yeddinci günündən sonra koronavirusa yoluxmuş həmin şəxs başqaları üçün təhlükəli olmur. Yəni qohumları ona baş çəkə bilər, eləcə də onun evdən çıxmaq hüququ var. Ancaq bir şəxsdə xəstəliyin əlamətləri varsa: qızdırma, öskürək, pisləşmə müşahidə olunursa, bu zaman onu müalicə edən həkim xəstəliyə görə məzuniyyətini uzada bilər.
Bundan əlavə, karantin müddətinin azaldılması müalicə müddətinin azaldılması demək deyil. Xəstə vətəndaşda xəstəliyin əlamətləri müşahidə olduğu müddətdə, eləcə də müalicə aldığı həkimdən müvafiq sənədi varsa, işəgötürənin onun işə qayıtmasını tələb etmək hüququ yoxdur”, - deyə Səhiyyə Nazirliyindəki mənbə bizə bildirib.
Beləliklə, heç kimin 7 gündən artıq müddətdə koronavirusdan müalicə alan şəxsin işə getməsini tələb etmək hüququ yoxdur.
“Yeddi günlük karantindən sonra xəstəlik məzuniyyəti ilə bağlı arayış yalnız xəstəliyin heç bir əlaməti müşahidə olmayan vətəndaşlar üçün bağlanır. Bir daha təkrar edirəm: karantin müddətinin qısaldılması heç də müalicə müddətinin qısalması demək deyil”, - deyə Səhiyyə Nazirliyinin nümayəndəsi vurğulayıb.
Mövzu ilə əlaqədar oxuyun:
Nazirlər Kabineti karantin rejimi ilə bağlı qərarlar qəbul edib
Azərbaycanda koronavirusa yoluxanların karantin müddəti azaldılır
İmmunitet sertifikatı test nəticəsindən 7 gün sonra veriləcək
Koronavirusa yoluxan təyyarə ekipajı ilə təmasda olan işçilər test verməyəcək
Azərbaycanda karantin nəzarətinə götürülmə qaydası dəyişib