SOCAR benzinin keyfiyyətindən və onun standartlarından danışıb - İbrahim Əhmədovla MÜSAHİBƏ
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat katibi İbrahim Əhmədovun 1news.az-la müsahibəsi zamanı “Avro” standartları, yanacağın keyfiyyəti, Heydər Əliyev adına Neft Emalı Zavodunda (NEZ) aparılan müasirləşdirmə işləri, benzinin qiyməti və Azərbaycan ictimaiyyətini maraqlandıran bir sıra digər məsələlər müzakirə mövzusu olunub.
- Son zamanlar hökumət hibrid avtomobillərinin və elektrokarların idxalını stimullaşdırmaqla ölkənin avtomobil parkını yeniləmək üçün böyük səy göstərir. Lakin bir faktı da nəzərdən qaçırmaq olmaz ki, qeyri-sərnişin daşımalarının böyük hissəsini (böyük yük maşınları, tikinti və kənd təsərrüfatı texnikası və s.) dizel yanacağından istifadə edən maşınlar təşkil edir.
Sirr deyil ki, Azərbaycanda istehsal edilən dizel yanacağının keyfiyyəti beynəlxalq standartlara cavab vermir və avtomobili korlamaqla yanaşı, havanı da çox çirkləndirir. Bu halda, yuxarıda qeyd olunan səylər öz əhəmiyyətini itirir.
Ölkədə istehsal edilən dizel yanacağının keyfiyyətinin artırılması perspektivləri necədir? Nə vaxt ölkəmizdə istehsal edilən layiqli keyfiyyətli yerli dizel haqqında danışa bilərik?
- Dizelin keyfiyyətinin artırılması Azərbaycanın neft emalı kompleksinin strateji məqsədlərindən biridir. Ölkədə istehsal edilən yanacağın ən son beynəlxalq standartlara cavab vermədiyini heç kim inkar etmir və bu səbəbdən son illərdə Heydər Əliyev adına NEZ-in yenilənməsi layihəsi çərçivəsində intensiv işlər aparılır. Artıq bu ildən “Avro-5” standartına cavab verən dizelin istehsalı planlaşdırılır, gələn ildən isə “Avro-5” standartına cavab verən benzin istehsal etmək mümkün olacaq. İlin birinci yarısı NEZ planlı təmirlə bağlı bağlandıqda, yeni dizel istehsalı qurğuları quraşdırılacaq və bu, sözügedən yanacaq növünün keyfiyyətini əhəmiyyətli dərəcədə artırmağa imkan verəcək. “Avro-5” standartı yanacağın tərkibindəki kükürdün və digər zərərli qarışıqların həcmini xeyli azaldır, bu isə ölkədə havanın keyfiyyətinə və ekoloji vəziyyətə müsbət təsir göstərəcək.
Təbii ki, yanacağın xüsusiyyətləri havanın çirklənməsinə təsir edən yeganə amil deyil. Çünki biz hazırda illər öncə istifadə etdiyimiz yanacaqdan istifadə edirik. Bundan başqa, son onilliklər ərzində Azərbaycan stasionar mənbələrdən qaz emissiyanın həcmini əhəmiyyətli dərəcədə azaltmağa nail olub. SOCAR şirkəti Sumqayıtda yerləşən “Azərkimya” neft-kimya kompleksinin operatoru olduqdan sonra şəhərdə havanın çirklənməsinin mənbələrindən biri olan, həmçinin qoyulan xərci ödəməyən istehsalı dayandırıb.
Bununla belə, son onillikdə nəqliyyat vasitələrindən qaz emissiyasının həcmi xeyli artıb. Bu ilk növbədə, 2000-ci illərin neft “bumu” zamanı ölkədə avtomobil sayının kəskin artması ilə bağlıdır. Avtomobil istismar olunduqca, işlənmiş qaz emissiyasının həcmi artır. Ölkənin avtomobil parkı zaman keçdikcə köhnəlir, müvafiq olaraq, ümumi emissiya həcmi də artmış olur. Əlbəttə, son zamanlar aşağı emissiya səviyyəsinə malik və ya emissiyasız hibrid avtomobillərin və ya elektrokarların sayında əhəmiyyətli artım müşahidə olunur. Lakin avtomobil parkının əsas hissəsini istismar müddəti 10 ildən artıq olan avtomobillər təşkil edir. Təbii ki, onların hamısını bir anın içində elektromobillərlə əvəz etmək mümkün deyil. Başa düşməliyik ki, yaxın gələcəkdə yanacaq keyfiyyətinin yaxşılaşdırılması ölkədə ekoloji vəziyyəti xeyli yaxşılaşdırsa da, problemi tam həll etməyəcək. Beləliklə, güman ki, ekoloji vəziyyətin və havanın keyfiyyətinin dayanıqlı yaxşılaşdırılmasına gedən yol gələcəkdə aşağı emissiya səviyyəsinə malik avtomobillərə üstünlük verilməsindən keçir.
- Ötən ilin fevral ayında bildirilirdi ki, Heydər Əliyev adına NEZ-də təmir işlərinin bir hissəsi tamamlandıqdan sonra 2022-ci ildən etibarən “Avro-5” ekoloji standartına cavab verən dizel istehsal ediləcək.
Qərb ölkələrində 2015-ci ildən etibarən “Avro-6” standartlarının tətbiq edildiyini və artıq “Avro-7” standartına keçidin planlaşdırıldığını nəzərə alsaq, belə çıxır ki, Azərbaycanda istehsal edilən dizelin yeni keyfiyyət standartı yenə də beynəlxalq normalardan geri qalacaq və yalnız ölkəmizdə istifadə edilən köhnə avtomobillər üçün yararlı olacaq, yeni istehsal ilinə malik maşınlar üçün isə yararsız olacaq.
Əgər bu, istənilən halda köhnə texnologiyadırsa, NEZ-də “Avro-5” standartlarına cavab verən məhsullar istehsal etmək qərarı nə ilə bağlıdır? Niyə daha yeni qurğular quraşdırılmır?
- Burada termin qarışıqlıqdan yayınmaq lazımdır: “Avro” standartları nəqliyyat vasitələrinin mühərriklərinə və istehsal edilən yanacağa nisbətdə fərqli təsnifatlara malikdir. Avtomobil standartları tez-tez dəyişir və Siz də qeyd etdiyiniz kimi, hazırda Avropada “Avro-6” və “Avro-7” emissiya səviyyələrinə malik avtomobillərdən söhbət gedir. Yanacağa gəlincə, “Avro-5” standartı yanacağın tərkibində kükürdün və digər substansiyaların səviyyəsinin məhdudlaşdırılması ilə bağlı aktual standartdır.
Ümumilikdə, nəqliyyatın texniki xüsusiyyətləri neft emalı zavodlarının konfiqurasiyasından daha tez-tez dəyişir. Fərqli mühərrik texnologiyalarına malik avtomobillərə eyni yanacaq vurulduqda, onların emissiya səviyyəsi fərqli olacaq. Bu səbəbdən, mühərriyin texnologiyasına tətbiq edilən standartlar bazarda mövcud olan yanacaqlara uyğun olaraq təkmilləşdirilir. Heydər Əliyev adına NEZ-də istehsal ediləcək “Avro-5” standartlarına cavab verən yanacağın xüsusiyyətləri aktual beynəlxalq standartlara uyğun olacaq.
- АI-95 və AI-98 markalı benzinin qiyməti dünya bazarındakı qiymət tendensiyalarına uyğun olaraq formalaşır. Yəni, qiymət sərbəst şəkildə tənzimlənir. Lakin qiymət daim artır, baxmayaraq ki, tənzimlənməyən məhsullar iqtisadi hadisələrə reaksiya verməli və qiymət dəyişikliyinə uğramalıdır. Bu tendensiyanı necə şərh edərdiniz? АI-95 və AI-98 markalı benzinin qiyməti nəyin əsasında formalaşır?
- “Premium” (AI-95) və “Super” (AI-98) markalı benzinlərin qiymətini bazar tənzimləyir. Həm də bu məhsulların Azərbaycana yeganə idxalçısı SOCAR deyil. Keçmişdə ölkədə bu markalı benzinlərin qiyməti artıb da, azalıb da. Bir qayda olaraq, bu qiymət neftin dünya bazarlarındakı qiymət səviyyəsinə mütənasibdir. Məsələn, 2020-ci ilin əvvəllərində “Premium” markalı bezninin 1 litrinin qiyməti 1,5 AZN təşkil edirdi. Lakin, dünya bazarlarında neftin kəskin ucuzlaşmasından sonra Azərbaycanda “Premium” markalı bezninin 1 litrinin qiyməti 2020-ci ilin mart ayında 1,2 AZN-ə, aprel ayında isə 1,1 AZN-ə düşmüşdü. İyul ayında qiymət 1,2 AZN, avqust ayında isə 1,25 AZN səviyyəsində idi. Daha sonra neftin qiymətinin artması ilə əlaqədar “Premium” markalı benzinin qiyməti də artmağa davam etdi.
Bununla əlaqədar qeyd etmək lazımdır ki, ölkədə istehsal edilən yanacağın (AI-92 markalı benzin və dizel) qiyməti neftin dünya bazarlarındakı qiymətindən birbaşa asılı deyil, belə ki, onların tarifləri dövlət tərəfindən tənzimlənir.
- Azərbaycan özünü АI-95 markalı benzinlə təmin etməyə başlayanda, bu, onun qiymətinə təsir edəcək?
- İndiyədək “Premium” və “Super” markalı benzin daxili bazarda istehlak edilən yanacağın cəmi 2%-ni təşkil edirdi. Bununla belə, son illərdə “Premium” markalı benzinə olan tələbat artır. Bu səbəbdən, NEZ-in yenilənməsi çərçivəsində bu benzin növünün istehsalına başlamaq planlaşdırılıb. Plana görə, gələn ildən etibarən ölkədə istehsal edilən və “Avro-5” standartlarına cavab verən “Premium” markalı benzin satışa çıxarılmalıdır.
Yerli istehsala başlanıldıqdan sonra “Premium” markalı benzinin qiymətinin necə dəyişəcəyinə və qiymətin tənzimlənmə üsuluna gəlincə, bu məsələlər SOCAR-ın səlahiyyətləri çəerçivəsində deyil və çox güman ki, dövlət səviyyəsində həll ediləcək.
- Ötən il yanacaqdoldurma məntəqələrində (YDM) avtomobil yanacağının keyfiyyəti ilə bağlı problemlər aşkara çıxmışdı. Bununla əlaqədar olaraq, yeni standart elan edilmişdi. Bu standart istehsal və ya idxaldan tutmuş istehlakadək yanacağın keyfiyyətinə bütün nəzarət prosesləri əhatə edirdi. Bu standartın hazırlanması hansı mərhələdədir? Onun tətbiqi yanacağın keyfiyyətinə nəzarəti gücləndirməyə imkan verəcək?
- Burada ilk növbədə bazar iqtisadiyatı subyektlərinin funksiyalarını və səlahiyyət çərçivələrini müəyyən etmək lazımdır. Bazarda yanacaq istehsal edən və satan şirkətlər var. SOCAR da bu şirkətlərdən biridir. Eyni zamanda, bazar iqtisadiyyatı şəraitində şirkətlər bir-birinə nəzarət etmək səlahiyyətinə malik deyil. Hər bir şirkət özünə cavabdehdir və digər şirkətlərinin işlərinə qarışa bilməz. Lakin bazardakı bütün şirkətlərin fəaliyyətinə nəzarət etmək, həmçinin pozuntu aşkarlandığı təqdirdə ayrı-ayrı şirkətlərə qarşı sanksiyalar tətbiq etmək səlahiyyətinə malik dövlət qurumları da fəaliyyət göstərir.
SOCAR istehsal etdiyi, həmçinin şirkətin yanacaqdoldurma məntəqələrində satılan yanacağın keyfiyyətinə mütəmadi nəzarət edir, lakin yanacaq satışı həyata keçirən bazasrdakı digər şirkətlər üçün hər hansı standartlar müəyyən etmək səlahiyyətinə malik deyil. Bazardakı bütün subyektlərə qarşı standart və qaydaları yalnız istehsalçı və satıcı olmayan səlahiyyətli dövlət qurumları tətbiq edə bilər. Bu, həmin qurum tərəfindən bazardakı bütün şirkətlərə qarşı nəzarətin neytrallığını və obyektivliyini şərtləndirən amillərdən biridir.
- YDM-lərdə yanacağın saxlanması şərtlərini Dövlət Neft Şirkəti tənzimləmir. Pis saxlanma şəraiti yanacağın keyfiyyətinə nə dərəcədə mənfi təsir edir? Ümumiyyətlə, yanacağın keyfiyyətinə daha nə mənfi təsir göstərə bilər?
- Yanacağın saxlanma şəraiti onun keyfiyyətinə təsir edə bilər. Buna görə də, SOCAR-ın YDM-lərdə benzinin saxlandığı çənlər mütəmadi olaraq təmizlənir. Digər operatorların yanacaqdoldurma məntəqələrində bu prosesin necə həyata keçirildiyi bizə məlum deyil. Dediyim kimi, SOCAR bazarın koordinatoru yox, bazar subyektlərindən biridir.
- SOCAR-ın balansına daxil olmuş torpaq sahələri neft hasilatı üçün yararsız olmaları səbəbindən Bakı şəhər İcra Hakimiyyətinin balansına qaytarılıb? SOCAR hansı hallarda torpaq sahələrini dövlətə qaytarır?
- SOCAR dövlət şirkəti olduğundan dövlət şirkətin mülkiyyəti üzərində istədiyi kimi sərəncam verə bilər. Elə hallar olub ki, dövlət əvvəllər karbohidrogen kəşfiyyatı üçün ayrılmış torpaq sahələrinin təyinatını sonradan başqa məqsədlər üçün dəyişib. Bir qayda olaraq, bu cür hallarda söhbət aktiv neft və ya qaz hasilatı həyata keçirilməyən torpaq sahələrindən gedir.
Şəmkirdən tutmuş Abşeronadək Azərbaycan ərazisinin böyük hissəsində neft və qaz yataqları var. Bəzən neft kənar müdaxilə olmadan belə yer səthinə çıxır. Lakin bəzi regionlarda yataqların həcmi o qədər kiçikdir ki, hazırki məqamda orada işlərin aparılması rentabelli deyil. Digər tərəfdən neft və qaz hasilatı, həmçinin iqtisadi şərait daim dəyişir. Bu o deməkdir ki, işlənməsi uzun müddət rentabelli olmayan bu və ya digər geoloji struktur gələcəkdə rentabelli yatağa çevrilə bilər. Bu səbəbdən, dövlət ərazilərin təyinatını məqsədəuyğun hesab etdiyi şəkildə dəyişə bilər.
SOCAR-ın balansında elə ərazilər var ki, borunun mühafizə xəttinə düşür, yaxud eləlləri də var ki, orada aktiv neft hasilatı aparılır. Bu torpaqların təyinatı, bir qayda olaraq, spontan olaraq dəyişmir, sənaye təyinatlı ərazilərdə insanların yaşaması isə ilk növbədə elə həmin insanların özləri üçün böyük risk yaradır. Bu səbəbdən, SOCAR-ın və əməkdaşlıq etdiyimiz mühafizə şirkətlərinin əməkdaşları insanları sənaye zonalarında məskunlaşmamağa çağırırlar. Bununla belə, ara-sıra məlumatsız vətəndaşlar dələduzların qurbanına çevrilir. Belə ki, bu dələduzlar qanunsuz ələ keçirilmiş və qısa müddətə tikinti işləri ararılmış sahələri nisbətən aşağı qiymətə vətəndaşlara satır. Bu isə son nəticədə işlərin məhkəməyə gedib çıxmasına səbəb olur.
- Avtomobil sahibləri və ekspertlər iddia edirlər ki, Azərbaycanda Aİ-92 benzininin keyfiyyəti aşağıdır. Bu yanacaq markasının keyfiyyətinin yaxşılaşdırılması üçün hansı işlər görülür?
- Benzinin keyfiyyətini yaxşılaşdırmaq üçün Heydər Əliyev adına NEZ-də yenilənmə işləri aparılacaq. Yeni qurğuların işə salınması ilə ilin ortalarında “Avro-5” standartı üzrə dizel istehsalına başlanılacaq. Növbəti il yeni qurğuların işə salınması ilə istehal edilən benzinin keyfiyyəti tədricən yaxşılaşacaq, 2023-cü ilin ortalarında isə “Avro-5” standartına çatacaq. “Avro-5” standartına uyğun yeni yanacaq tədricən pərakəndə satışa çıxacaq. Bu, YDM-lərdə və neft bazalarında yeni qurğular işə salınmamışdan əvvəl istehsal edilmiş yanacaq ehtiyatları tükəndikcə baş verəcək.
İstehsal edilən yanacağın keyfiyyətini yaxşılaşdırmaqdan savayı onun saxlanma və daşınma standartına da riayət etmək lazımdır. Bu gün Azərbaycana bütün dizel markaları və AI-92 markalı benzin bir mənbədən – SOCAR-ın Heydər Əliyev adına NEZ-dən daxil olur. Əgər müxtəlif YDM komplekslərində təklif olunan yanacağın keyfiyyətində fərq varsa, buna görə istehsalçı deyil, YDM şəbəkələrinin operator şirkətləri cavabdehdir. SOCAR Azərbaycanda YDM şəbəkələrinin operatorlarından biri, lakin başqa operatorlar da var. SOCAR öz təşəbbüsü ilə özünün yanacaqdoldurma məntəqələrində satılan yanacağa, habelə öz neft emal zavodunda yanacağın istehsal prosesinin keyfiyyətinə mütəmadi nəzarət edir.
- SOCAR-ın işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı işlərə verdiyi töhfə barədə danışardınız.
- SOCAR təkcə ölkəmizin ən böyük vergi ödəyicisi deyil. Şirkət həmçinin sabit şəkildə dövlətə geniş miqyaslı sosial layihələr formasında əhəmiyyətli dividendlər gətirir. Bu layihələr ölkənin bütün regionlarında həyata keçirilir. Ölkədəki bir çox xəstəxanalar, məktəblər, universitetlər, yollar, parklar və digər ictimai obyektlər SOCAR-ın korporativ sosial məsuliyyət layihələri çərçivəsində tikilib və ya təmi edilib.
Biz, ilk günlərdən etibarən Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpasında və yenidən qurulmasında iştirak edirik. Burada söhbət ilk növbədə, infrastrukturun yaradılmasından, yolların çəkilməsindən, qazpaylayıcı şəbəkələrin layihələndirilməsindən və qurulmasından gedir. Bütün bunlar son bir neçə onillikdə Azərbaycan ərazilərinin hərbi işğalı nəticəsində öz yurd-yuvalarından didərgin düşmüş mülki vətəndaşların, yüz minlərlə insanın geri qayıtmasına hazırlıq üçün lazımdır. Böyük qayıdış layihəsi inkişaf etdikcə, SOCAR dövlətin müəyyən etdiyi məqsədə uyğun olaraq layihənin bütün mərhələlərində öz töhfəsini verməkdə davam edəcək.