Azərbaycan güləşçiləri Bolqarıstanda 2 medal qazanıblar
Bolqarıstanın Veliko Tırnovo şəhərində güləş üzrə Dan Kolov - Nikola Petrov xatirə turnirinə start verilib.
1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, ilk yarış günündə 4 təmsilçimiz xalça üzərinə çıxıb.
İntiqam Vəlizadə (61 kq) startda uğursuzluqla üzləşib. Həmyerlimiz amerikalı Qabe Taunsellə görüşdə zədələnərək mübarizəni başa vurub.
Əşrəf Aşırov (79 kq) ilk görüşdə gürcü Temuri Beruaşviliyə sonuncu xal (3:3) prinsipinə əsasən qalib gəlib. Ancaq dörddəbir finalda dördqat dünya və ikiqat Avropa üçüncüsü Əli Şabanova (Belarus) məğlub olub.
Osman Nurməhəmmədov (92 kq) əvvəlcə bolqarıstanlı İliya Xristov (13:2), daha sonra isə iranlı Mehdi Hacılueyanmurafah (9:2) üzərində inamlı qələbə qazanaraq yarımfinala yüksəlib. Finalın bir addımlığında Ahmed Batayevə (Bolqarıstan) 4:6 hesabı ilə məğlub olan güləşçimiz bürünc medal uğrunda güləşib. Şimali Makedoniya təmsilçisi Recep Haydariyə heç bir şans tanımayan (10:0) millimizin üzvü fəxri kürsünün 3-cü pilləsinə yüksəlib.
Mübarizəyə dörddəbir finaldan qoşulan Elis Manolova (65 kq) macarıstanlı Viktoriya Felhonu "tuşe" ilə üstələyib. Ancaq yarımfinalda amerikalı Mallori Velteyə (0:8) uduzan E.Manolova da ümidini bürünc medala bağlayıb. Yığmamızın üzvü sonuncu görüşündə rumıniyalı Amina Kapezanı 4:0 hesabı ilə məğlub edərək bürünc medalı boynundan asıb.