Sevinc Fətəliyeva: Azərbaycan və Birləşmiş Krallıq arasında münasibətlərin inkişafı yüksələn xətlə davam etməkdədir
Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biri Avropa regionunda və bütövlükdə qlobal siyasi və iqtisadi-ticarət münasibətlərində xüsusi rola malik, BMT Təhlükəsizlik Şurasının daimi üzvü, “Böyük Yeddilik” və “Böyük İyirmilik” qruplarının və digər çoxtərəfli təsisatların aparıcı üzvü olan Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı olub.
Birləşmiş Krallıq Azərbaycanın dövlət müstəqilliyini 1991-ci il dekabrın 31-də tanıyıb. Ölkələrimiz arasında diplomatik münasibətlər isə 1992-ci il martın 11-də qurulub. Bu il Azərbaycanla Birləşmiş Krallıq arasında diplomatik münasibətlərinin qurulmasının 30 illiyi ən yüksək səviyyədə qeyd olunur.
1news.az-ın verdiyi xəbərə görə, bu fikirləri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib.
Deputat bildirib ki, Böyük Britaniyanın Baş naziri Boris Consonun Azərbaycan Prezidenti İlham Əliyevin ünvanına göndərdiyi təbrik məktubu ölkələrimiz arasında dostluq və əməkdaşlıq münasibətlərinin ən yüksək səviyyəsini səciyyələndirməklə yanaşı, Birləşmiş Krallığın ali rəhbərliyinin dövlətimiz və onun başçısına ayırdığı yüksək hörmət və diqqətin göstəricisidir. Onun sözlərinə görə, B.Conson məktubunda ölkələrimiz arasındakı əlaqələrə verdiyi əhəmiyyəti qeyd edib, onların mühüm strateji tərəfdaşlığın inkişafı naminə birgə çalışdığını, keçən 30 il ərzində müxtəlif sahələrdə münasibətlərin genişlənərək getdikcə daha böyük dəyər qazanan əməkdaşlıq səviyyəsinə yüksəldiyini vurğulayıb. O, Böyük Britaniyanın Azərbaycanın sarsılmaz və dəstək verən tərəfdaşı olduğunu bildirib və bundan sonra da olacağını və bu tərəfdaşlığın davamlı şəkildə inkişaf edəcəyinə dair ümid ifadə edib.
“Azərbaycan Prezidenti İlham Əliyev isə Baş nazir Boris Consona göndərdiyi təbrik məktubunda ölkəmizin Birləşmiş Krallıqla dostluq və əməkdaşlığa xüsusi əhəmiyyət verdiyini bildirib, son otuz ildə iki ölkə arasındakı qarşılıqlı inam və dəstəyə əsaslanan siyasi, iqtisadi, humanitar və digər sahələrdə əlaqələrimiz dinamik şəkildə inkişaf etdiyini vurğulayıb. Bu dövr ərzində iqtisadi sahədə əldə olunan nailiyyətlərin məmnunluq doğurduğu, Birləşmiş Krallığın bu günədək Azərbaycan iqtisadiyyatına böyük həcmdə sərmayələr yatırdığını, Azərbaycanın ən iri ticarət tərəfdaşlarından biri kimi Birləşmiş Krallığı təmsil edən 600-ə yaxın şirkətin Azərbaycanda bir sıra vacib layihələrə cəlb olunduğu və uğurla fəaliyyət göstərdiyini qeyd edib. Prezident İlham Əliyev məktubunda ölkələrimiz arasında enerji sahəsində sınaqdan çıxmış çoxillik strateji tərəfdaşlıq münasibətlərini xüsusilə qeyd edərək bildirib ki, 1994-cü ildə “Əsrin müqaviləsi” ilə əsası qoyulmuş bu sahədəki əməkdaşlığımızın bu gün də müvəffəqiyyətlə davam etməsi səmərəli işgüzar əlaqələrimizin və qarşılıqlı etimadın təzahürüdür. O, Cənub Qaz Dəhlizinə Birləşmiş Krallığın verdiyi dəstəyi yüksək qiymətləndirib və layihənin inşasının uğurla başa çatması münasibətilə təbriklərini çatdırıb. Dövlətimizin başçısı, həmçinin Birləşmiş Krallığın şirkətlərinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin minalardan təmizlənməsinə verdiyi töhfəni alqışlayıb, bu ərazilərin yenidən qurulması və bərpası işlərində yaxından iştirakını təqdir edib”, - deyən S.Fətəliyeva qeyd edib ki, Birləşmiş Krallıq Azərbaycanın beynəlxalq məsələlərdə artan rolunu, həmçinin kimyəvi silahların istifadə olunmasına qarşı mübarizədə və narkotik vasitələr qaçaqmalçılığının qarşısının alınmasında dəstəyini, Qoşulmama Hərəkatında sədrliyini və Əfqanıstandan beynəlxalq qüvvələrin çıxarılması zamanı Kabil hava limanının təhlükəsizliyinin təmin olunmasında öz qoşunlarının göstərdiyi köməyi alqışlayır.
“Bütövlükdə, Azərbaycan və Birləşmiş Krallıq arasında dostluq və əməkdaşlıq münasibətləri davamlı şəkildə inkişaf edir, tərəfdaşlığımız daha da genişlənir. Bu amil ən ali səviyyədə mütəmadi şəkildə vurğulanır. Təkcə onu qeyd etmək kifayətdir ki, ali səviyyədə məktub mübadilələri ilə yanaşı Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə nəticələnmiş Vətən müharibəsindən sonra 2021-ci il ərzində Birləşmiş Krallıqdan ölkəmizə xarici işlər nazirinin müavini, beynəlxalq ticarət nazirinin ixrac üzrə müavini və Birləşmiş Krallıq Parlamentinin Böyük Britaniya-Azərbaycan Dostluq qrupunun sədrinin rəhbərlik etdiyi nümayəndə heyətlərinin səfərləri baş tutub. Qarşılıqlı təmaslar və səfərlərin intensivliyi Birləşmiş Krallığın ölkəmizə və onun əldə etdiyi nailiyyətlərə verdiyi böyük əhəmiyyətin göstəricisidir. İki dövlət arasında münasibətlərin inkişafı yüksələn xətlə davam etməkdədir”, - deyə komitə sədrinin müavini vurğulayıb.