Azərbaycanlı deputatlar İrəvanda Göy məsciddə olublar - FOTO
Ermənistanda səfərdə olan Azərbaycan Milli Məclisinin deputatları İrəvanda yerləşən Göy məsciddə olublar.
1news.az xəbər verir ki, bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili öz sosial şəbəkə hesabında paylaşım edib.
Tahir Mirkişili qeyd edib:
“Göy məsciddə olduq. Bildiyimiz qədər İrəvanda salamat qalan yeganə Azərbaycan abidəsidir.
Divarlarında başqa dövlətə aid yazılar olsa da, amma divarları, arxitekturası, ruhu sırf bizə aiddir. Biz bu doğmalığı hiss etdik, inanıram ki, məscid də.
İnanırıq ki, bu məsciddə əsl sahibləri tezliklə öz dualarını edə biləcəklər. Azərbaycanlıların duaları isə daim xeyirxah olur və yekunda da qəbul olunur!”
Qeyd edək ki, Milli Məclisin deputatları Tahir Mirkişili və Soltan Məmmədov AVRONEST Parlament Assambleyasının komitə iclasında iştirak etmək üçün İrəvanda səfərdədilər.
P.S: Göy Məscid Ermənistanın paytaxtı İrəvanda azərbaycanlılara məxsus islam dini məbədir. 1766-ci ildə İrəvan xanı Hüseynəli xanın əmri ilə tikilib və Azərbaycan memarlıq nümunələrindən biridir