Əlaqələndirmə Qərargahının tərkibi genişləndirilib
Prezident İlham Əliyev “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 24 noyabr tarixli 2303 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə” sərəncam imzalayıb.
1news.az-ın məlumatına görə, sərəncama əsasən, Əlaqələndirmə Qərargahının üzvləri sırasına Baş nazirin müavini Şahin Mustafayev, Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin müdiri Natiq Əmirov, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, mədəniyyət naziri Anar Kərimov, energetika naziri Pərviz Şahbazov, Minatəmizləmə Agentliyinin İdarə Heyətinin sədri Vüqar Süleymanov daxil edilib.
Eyni zamanda Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri olmuş Ramin Quluzadə rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevlə, səhiyyə naziri olmuş Oqtay Şirəliyev yeni səhiyyə naziri Teymur Musayevlə əvəzlənib. “Azərkosmos” Açıq Səhmdar Cəmiyyətinin sədri və mədəniyyət nazirinin birinci müavini isə Əlaqələndirmə Qərargahının üzvləri sırasından çıxarılıb.