Rəhman Hacıyev: Öz inkişafında maraqlı olan hər bir peşəkar “Yüksəliş” müsabiqəsinə qatılmalıdır – VİDEO
Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev “Yüksəliş” müsabiqəsində iştirak üçün çağırış edib.
1news.az-ın verdiyi xəbərə görə, Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev gəncləri və peşəkar kadrları “Yüksəliş” müsabiqəsində iştirak etməyə səsləyib:
“Əziz dostlar, hər birinizi salamlayıram. Məlumdur ki, “Yüksəliş” müsabiqəsinin ikinci dövrünün qeydiyyat mərhələsi hazırda davam edir. Bu fürsətdən istifadə edərək hər birinizi bu müsabiqəyə qatılmağa dəvət edirəm. Bildiyiniz kimi, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin öz çıxışlarında dəfələrlə səsləndirdiyi fikir məhz ondan ibarətdir ki, biz qara qızılı insan kapitalına çevirməliyik və “Yüksəliş” müsabiqəsi bu missiyaya xidmət edən təşəbbüslərdən biridir. Müsabiqə iştirakçıları təcrübəli idarəçilərlə görüşmək, o cümlədən, öz potensiallarını inkişaf etdirib yeni sahələrdə özlərini doğrultmaq imkanları əldə edirlər. Bu səbəbdən hesab edirəm ki, öz inkişafında maraqlı olan, özü üçün yeni imkanlar və fürsətlər axtarışında olan hər bir peşəkar “Yüksəliş” müsabiqəsinə qatılmalıdır”.
Qeyd edək ki, 17 fevral tarixindən etibarən ikinci "Yüksəliş" müsabiqəsinin qeydiyyat mərhələsinə start verilib. Qeydiyyat 31 mart tarixinə kimi davam edəcək. 21–51 yaş arasında olan, ali təhsilli, ən azı 2 il idarəçilik təcrübəsinə malik Azərbaycan Respublikasının vətəndaşları qeydiyyatdan keçərək müsabiqədə iştirak edə bilər.
Qeydiyyat “Yüksəliş” müsabiqəsinin saytı (www.yukselish.az) vasitiləsilə həyata keçirilir.
“Yüksəliş” müsabiqəsinin 20 qalibini 1 il ərzində idarəçi rəhbərlərdən - iri şirkətlərin top-menecerlərindən və dövlət xadimlərindən fərdi karyera məsləhətləri almaq imkanı, kadr ehtiyatı bankına daxil edilmə və 20.000 AZN dəyərində pul mükafatı gözləyir.
Qeyd edək ki, "Yüksəliş" müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin 26 iyul 2019-cu il tarixində imzaladığı Sərəncamla intellektual səviyyəsi və idarəçilik bacarıqları yüksək olan perspektivli rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə təsis olunub.