Qaradağ GES-in istismara veriləcəyi müddət açıqlanıb
230 meqavatt gücündə Qaradağ günəş elektrik stansiyasının (GES) 2023-cü ilin birinci yarısının sonunadək istismara verilməsi planlaşdırılır.
1news.az Trend-ə istinadən bildirir ki, bunu Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Təbriz Əmmayev Qaradağda media-tur zamanı deyib.
Onun sözlərinə görə, Qaradağ(GES) 110 minə yaxın evi elektrik enerjisi ilə təchiz edəcək.
"Elektrik stansiyasının ərazisi 550 hektar təşkil edəcək. Bu ərazidə 500 mindən çox günəş panelinin quraşdırılması planlaşdırlır", - deyə o bildirib.
T.Əmmayev əlavə edib ki, layihənin investisiya dəyəri 225 milyon dollar təşkil edir və bu vəsait BƏƏ-nin "Masdar" şirkəti tərəfindən ayrılacaq.
Qeyd edək ki, martın 15-də Bakıda Azərbaycanla "Masdar" şirkəti (BƏƏ) arasında bərpa olunan enerji mənbələri sahəsində əməkdaşlıq üzrə dörd anlaşma memorandumu imzalanıb.
İmzalanan sənədlər çərçivəsində yaxın 1,5 il ərzində Bakının Qaradağ rayonunda 230 meqavatt gücündə günəş elektrik stansiyasının tikintisi planlaşdırılır.
1news.az