Siyavuş Novruzov: “Bakı Böyük Şəhər bələdiyyəsinin yaradılmasına baxıla bilər”
“80 milyon əhalisi olan Türkiyədə 1397 bələdiyyə var, Azərbaycanda isə 1606 bələdiyyə var”
1news.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib.
Deputat bildirib ki, Türkiyədə 1397 bələdiyyənin 30-u böyük şəhər bələdiyyəsində birləşib. “Azərbaycanda 1606 bələdiyyə var. İşğaldan azad edilmiş ərazilərdə bələdiyyələr formalaşsa, daha 500-ə yaxın yeni bələdiyyə artacaq. Ona görə də təklif edirik ki, bu say azaldılsın. Bələdiyyə üzvlərinin sayının azaldılmasını da təklif edirik. İlkin olaraq, Gəncə və Sumqayıtda şəhər bələdiyyələrinin vahid bələdiyyə sistemi yaradılmalıdır. Effektli olarsa, Bakı Böyük Şəhər Bələdiyyəsinin yaradılması məsələsinə baxıla bilər. Böyük şəhərlərdə vahid bələdiyyə sistemi qurulsa, yaxşı olar”.
S.Novruzov onu da qeyd edib ki, bələdiyyə torpaqlarının xəritəsi bir çox rayonlarda bələdiyyələrə təqdim olunmur: “Buna görə də bələdiyyələr bu torpaqlardan vergi toplaya bilmir”.