İlham Əliyevdən XƏBƏRDARLIQ - Qarabağda yaşayan ermənilər hansı nəticəni çıxarmalıdır? - Deputatdan ŞƏRH
Xəbər verildiyi kimi, aprelin 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə bu ilin birinci rübünün yekunlarına həsr olunan müşavirə keçirilib.
Dövlət başçısı müşavirədə bir çox məsələlərə toxunub. Eyni zamanda Prezident Qarabağda ermənilərin yaşadıqları yerlərdə qaz xəttində nasazlığa görə bir neçə gün qazın kəsilməsi məsəsinə toxunub. Ermənilərin Naxçıvan qazını 15 il kəsib kəsili vəziyyətdə saxladığını bildirən İlham Əliyev dünyanın buna səssiz qaldığını vurğulayıb.
Ermənilərin yalanlarına dərhal reaksiya verən dünya Azərbaycanın haqlı işində niyə susurdu? Dövlət başçısının müşavirədə söylədiklərindən ermənilər hansı nəticəni çıxarmalıdırlar?
Məsələ ilə bağlı 1news.az-a danışan Mili Məclisin deputatı Naqif Həmzəyev deyib ki, həmişə Azərbaycana və müsəlman-türk dünyasına qarşı ikili standartlar olub.
“Çox təəssüflər olsun ki, Birinci Qarabağ savaşı zamanı da Azərbaycanın haqq savaşına dünya ictimaiyyəti tərəfindən yetərincə dəstək olunmadı, Birləşmiş Millətlər Təşkilatının 4 qətnaməsi yerinə yetirilmədi. Nəticə etibarı ilə həmin dövrdə Azərbaycan torpaqlarının 20 faizi işğal edildi və 1 milyona yaxın Azərbaycan vətəndaşı məcburi köçkün və qaçqın oldu.
Qarabağ savaşı zamanı Naxçıvan Muxtar Respublikası blokada şəraitində qaldı. O vaxt ulu öndər Heydər Əliyevin böyük qəhrəmanlığı və fitri istedadı nəticəsində qısa bir müddətdə Türkiyə ilə yeni körpü tikildi. Türkiyənin də dəstəyi ilə Naxçıvan müəyyən qədər bu çətinlikləri aradan qaldıra bildi. Daha sonra isə İranla yaradılmış əlaqələr nəticə etibarı ilə Naxçıvanın həmin vaxt vəziyyətini müəyyən qədər yüngülləşdirmiş oldu. Həmin vaxtlar Naxçıvana təbii qazın və elektlik enerjisinin verilməsində çox ciddi problemlər yaşanırdı. Təəssüflər olsun ki, dünya ictimaiyyəti və bu problemin həlli ilə məşğul olan təşkilatlar susurdu, Ermənistana qarşı heç bir təzyiq tətbiq edilmirdi”.
“Cənab Prezident İlham Əliyevin ötən gün 2022-ci ilin 3 ayının yekunlarına dair hesabat iclasında səsləndirdiyi fikirlərdə olduğu kimi Xankəndində qəza nəticəsində bir neçə gün qazın olmaması isə həmin qüvvələri narahat etdi” – deyə, deputat əlavə edib:
“Onlar haqlı və ya haqsız məsələyə münasibət bildirdilər. Azərbaycan güclü olduğu üçün bu gün yeni reallıqlar yarada bilir. Ancaq vaxtilə çox çətin durumda olan Azərbaycana həmin qüvvələr dəstək vermirdilər, əksinə, Ermənistanı dəstəkləyirdilər. Göründüyü kimi 44 günlük Vətən Müharibəsində zəfər çalan Azərbaycan humanist addım atdı, Prezident İlham Əliyev qarşı tərəfə sülh təklif etdi. Problemin kökündən həll edilməsi, dayanıqlı və davamlı sülhə, əmin-amanlığa nail olunması üçün konkret təkliflərlə çıxış edildi. Ermənistan nəhayət anlayır, dərk edir və Azərbaycanla sülh anlaşmasının imzalanmasına artıq isti yanaşır, Azərbaycanın 5 əsas şərtini qəbul etdiyini açıqlayır.
İstənilən halda unutmamalıyıq ki, Azərbaycanın məhz Xankəndiyə qazın verilməsini bərpa etməsi Azərbaycanın özünün seçimi, humanist addımıdır. Orada yaşayan erməni əsilli vətəndaşlar bunu düzgün qəbul etməli və anlamalıdırlar ki, onların xilaskarı və onların təhlükəsizliyini təmin edən, qayğısına qalan, sosial problemlərini həll edə biləcək yeganə dövlət Azərbaycan dövlətidir. Onlar bu münasibətləri düzgün təhlil edərək, təxtibatlara əl atmamalıdırlar. Onlar Azərbaycana sədaqət göstərməlidirlər. Əks təqdirdə onlar bu humanizmin daimi olmayacağını da görə bilərlər. Bu baxımdan da ermənilər regionda yaradılmış yeni reallıqlar fonunda Azərbaycanın gücünü və edə biləcəklərini düzgün dəyərləndirməlidirlər”.