Ukrayna Rusiyanı Moskvaya cavab zərbəsi ilə hədələyib
Zelenski administrasiyası Rusiya Müdafiə Nazirliyinin Kiyevdəki hökumət binalarına zərbə endirəcəyi ilə bağlı təhdidlərinə cavab verib, Moskvaya cavab zərbəsi ilə hədələyib.
1news.az UNİAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisinin rəhbərinin müşaviri Aleksey Arestoviç müsahibəsində bildirib ki, Ukrayna belə vəziyyətə hazırdır.
“Üstəlik, onların xarakterini bildiyim üçün heç şübhəm yoxdur ki, onlar sülh sazişinin bağlanmasına son gündə zərbə vuracaqlar, bu, Kremldir. Amma onlar həm də qərarların qəbul olunduğu rəhbər orqanlara zərbə vuracaqlarını bildiriblər. Ukraynanın hüquq-mühafizə orqanlarının bütün mərkəzi aparatları, Ali Rada, bəlkə Nazirlər Kabinet, və ya Prezident Aparatı... Biz hər zaman buna hazırıq, vurun görək”, - o deyib.
Ukrayna Prezident Ofisinin rəhbərinin müşaviri Rusiyanın belə zərbələr endirəcəyi halda ona cavab veriləcəyini vurğulayıb və əlavə edib ki, Ukraynanın reaksiya vermək üçün “mükəmməl” imkanları var.
“Rusiyanı vurmaq üçün əla imkanlarımız var. Və hələ ki biz onlardan istifadə etmirik. Hər hansı bir müharibədə onun eskalasiya dərəcəsi var. Əgər eskalasiyanı artırmaq istəyirsinizsə, gəlin artıraq”, – Arestoviç bildirib.
1news.az