Professor Aygün Attar: Qarabağ Zəfəri hər birimizə nəsib olan ən ali mükafatdır
Prezident İlham Əliyev tərəfindən “Dostluq” ordeni ilə təltif edilməyimi böyük qürur hissi ilə qarşıladım. Can Azərbaycana xidmət etmək hər zaman həyatımın mənası olub. Həmişə hesab etmişəm ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə, qəhrəman şəhid və qazilərimizin qanı hesabına qazanılan Qarabağ Zəfəri hər birimizin həyatına nəsib olan ən ali mükafatdır.
Bu fikirləri Türkiyə Prezidenti yanında Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü, Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun rəhbəri professor Aygün Attar AZƏRTAC-a açıqlamasında ifadə edib.
Ümummilli lider Heydər Əliyevin “Bir millət, iki dövlət!” ifadəsini xatırladan professor Aygün Attar azərbaycançılıq ideologiyasının uğurla davam etdirilməsinin əhəmiyyətinə, şanlı Zəfər sayəsində Azərbaycanın səy göstərdiyi regional sülh prosesinin tarixi missiya olmasına və sair mühüm məsələlərə toxunaraq Şuşanın 2023-cü ildə türk dünyasının mədəniyyət paytaxtı elan edilməsini milli qürurumuzun yüksəlişi kimi dəyərləndirib.
Xatırladaq ki, Prezident İlham Əliyevin 2022-ci il 15 aprel tarixli Sərəncamı ilə professor Aygün Attar Azərbaycan ilə Türkiyə arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafında xüsusi xidmətlərinə görə “Dostluq” ordeni ilə təltif edilib.