Japarov: “Dövlətlərarası şura əməkdaşlığın daha da genişlənməsinə şərait yaradacaq”
“Hörmətli İlham Heydər oğlu, Sizin fikrinizə şərikəm ki, bizim ticari-iqtisadi sahədə əməli əməkdaşlıq üçün geniş imkanlarımız var. Bu gün biz iqtisadiyyatımızın liberallaşdırılmasına yönəlmiş addımlar atırıq”.
1news.az xəbər verir ki, bunu aprelin 20-də Qırğız Respublikasının Prezidenti Sadır Japarov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə geniş tərkibdə görüşdə deyib.
O bildirib ki, investisiya qanunvericiliyi təkmilləşdirilir, bununla əlaqədar Qırğız Respublikasının digər ölkələrlə investisiya əməkdaşlığı fəallaşır.
“Odur ki, biz Azərbaycanın biznes dairələrini bizim ölkədə investisiya imkanlarını fəal öyrənməyə və azad iqtisadi zonaların, güzəştli vergi və gömrük rejimlərinin öyrənilməsinə diqqəti artırmağa dəvət edirik. Şübhəsiz, bu, ölkələrimiz arasında işgüzar əməkdaşlığın fəallaşmasına kömək edəcək.
Fəal mədəni-humanitar əməkdaşlıq vasitəsilə ölkələrimizin xalqlarının qarşılıqlı zənginləşməsini qeyd etməyə şadam. Mədəniyyət xadimləri müntəzəm mübadilələr edir, xalqlarımız arasında əsl dostluq körpülərinin möhkəmlənməsinə kömək edirlər. Bundan əlavə, ölkələrimiz BMT, ATƏT, Türk Dövlətləri Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı, MDB və Qoşulmama Hərəkatı kimi beynəlxalq təşkilatlar çərçivəsində çoxtərəfli formatda sıx qarşılıqlı fəaliyyət göstərir. Qırğızıstan Şanxay Əməkdaşlıq Təşkilatında Azərbaycanın statusunun müşahidəçi səviyyəsinə qədər artırılmasını hərtərəfli dəstəkləyir.
Hörmətli İlham Heydər oğlu, bu gün bizim qarşılıqlı münasibətlərimizin keyfiyyətcə yeni səviyyəyə çatdırılması üçün hər cür şərait yaranıb. Bununla əlaqədar, Qırğızıstanın iki dövlət arasında strateji tərəfdaşlıq münasibətləri qurulması barədə təşəbbüsünü dəstəklədiyinizə görə Sizə səmimi qəlbdən təşəkkür edirəm. Əminəm ki, bu gün yaradılan dövlətlərarası şura hökmən ölkələrimiz arasında əməkdaşlığın daha da genişlənməsinə və möhkəmlənməsinə şərait yaradacaq”, - Sadır Japarov vurğulayıb.