Elxan Məmmədova FIFA-da vəzifə verilib
AFFA-nın sabiq baş katibi və hazırkı icraçı vitse-prezidenti Elxan Məmmədov mayın 1-dən FIFA-nın Avropa Milli Assosiasiyaları üzrə direktoru fəaliyyətinə başlayacaq.
1news.az xəbər verir ki, FIFA Elxan Məmmədovun Avropa Milli Assosiasiyaları üzrə direktoru vəzifəsinə təyinatından məmnunluğunu ifadə edir.
E.Məmmədov 2022-ci il mayın 1-dən müxtəlif regionlar üzrə FIFA Forward layihəsinin icrası, FIFA-nın Avropadakı 55 üzv ölkəsində futbolun inkişafı üçün lazımi layihələri müəyyən etmək, onların müxtəlif spesifik tələblərinin təhlilini aparmaq və bu layihələrin FIFA-nın iş prinsipi çərçivəsinə uyğunluğunu təmin etmək fəaliyyətinə başayacaq.
Məmmədov AFFA-da 10 ildən çox öncə baş katib, daha sonra isə icraçı vitse-prezident vəzifələrində çalışıb. Yeni vəzifəsində o FIFA-nın İdarəetmə və Strateji layihələr üzrə direktoru Nodar Axalkatsini əvəzləyəcək.
“Elxanın FIFA komandasına qoşulması bizim gücümüzə güc qatır. Onun futbolun dayaqlarını möhkəmləndirmək üçün götürdüyü öhdəliklər Azərbaycanda idman üçün faydalı olub. Məmmədovun öz təcrübəsini bütövlükdə Avropa futboluna da tətbiq edəcəyini düşünürəm və ona FIFA komandasına xoş gəlmisən deyirəm”, – FIFA prezidenti Canni İnfantino bildirib.
Elxan Məmmədov AFFA-da fəaliyyətə 2007-ci ildə başlayıb və o vaxtdan Azərbaycanda idmanın miqyasının genişlənməsində mühüm rol oynayıb. O FIFA “Fair Play and Social Responsibility” komitəsinin üzvü olmaqla yanaşı 2012-ci ildə Bakıda keçirilən FIFA Qadınlarası U-17 Dünya çempionatının Yerli təşkilat komitəsinin sədri, 2015-ci ildə Bakıda keçirilən Avropa oyunları, 2019 UEFA Avropa Liqasının finalı və UEFA AVRO 2020-nin 3 qrup mərhələsi oyunu və 1/4 final məhərləsi qarşılaşması kimi tədbirlərin təşkilində rəhbər şəxslərdən biri olub.
FIFA-nın Paris ofisində fəaliyyət göstərəcək Elxan Məmmədov: “FIFA-ya qoşulmaq çox xüsusi bir haldır. Bunu məsuliyyət və şərəflə qəbul edirəm. FIFA hazırda futbolu dünyanın hər nöqtəsində əhatə edən lokomotivdir. FIFA komandasıyla və üzvlərimizlə birlikdə əminəm ki, həm qadın, həm də kişi futbolunun inkişafı üçün yeni ideyaların həyata keçirilməsini davam etdirəcəyik”.
“Futbolun idarəedilməsi və davamlı inkişafı mənim üçün ən maraqlı sahələrdəndir və bu mövzuda FIFA və onun prezidenti cənab İnfantino ilə məqsədlərimiz ortaqdır. Son 15 ildə AFFA-da fəaliyyətim mənə idman sahəsində mühüm təcrübə qazandırıb. AFFA prezidentinə və komandamıza uzun və xoş əməkdaşlığımıza, effektiv idarəetmə qurduğumuza, kütləvi futbolun inkişafına və möhtəşəm tədbirlərin təşkilinə görə təşəkkür edirəm. Bu təcrübəni yeni mövqeyimdə daha geniş miqyasda tətbiq etmək üçün əlimdən gələni edəcəyəm”.
Qeyd edək ki, Elxan Məmmədov AFFA-da fəaliyyətini İcraiyyə Komitəsinin üzvü və ictimai əsaslarla vitse-prezident olaraq davam etdirəcək.