İndiyədək Şuşa adından istifadə edənlərə qarşı hansısa tədbir görüləcək? - Birinci vitse-spikerdən CAVAB
“Azərbaycanın mədəniyyət paytaxtı - Şuşa şəhəri haqqında" qanuna dəyişiklik bu heç nəyi qadağan etmir, tənzimləyir” .
1news.az xəbər verir ki, bunu Milli Məclisin birinci vitse-spikeri Əli Hüseynli deyib.
Ə.Hüseynli deyib ki, “Bu qanun Şuşa adından istifadə iki istiqamətdə tənzimlənir.
Birinci istiqamət ondan ibarətdir ki, qanuna uyğun olaraq və müvafiq qurumun müəyyən etdiyi hallarda Şuşa adından istifadə etmək olar. İkinci forma isə razılıq əldə etməklə mümkün olacaq”.
Birinci vitse-spiker deyib ki, formasından asılı olmayaraq, indiyə qədər Şuşa adından istifadə edənlər Şuşanı yaşatmaq məqsədi ilə ediblər.
“Dövlətin və dövlət orqanlarının bu formata qarşı tədbir görmək niyyəti yoxdur. Qanundan əvvəl Şuşa adından istifadə edənlərə qarşı hansısa tədbir görülməyəcək, qanunun geriyə qüvvəsi yoxdur. Qanun qüvvəyə mindikdən sonra isə müəyyən edilən hallar içərisində Şuşa adı ya istifadə edilməlidir, ya da bunun üçün razılıq alınmalıdır. Digər hallar artıq məsuliyyətə səbəb ola bilər”, - deyə Ə.Hüseynli bildirib.