Milli Məclisin deputatı Cənub-Şərqi Avropa ölkələrinə səfər edəcək
Milli Məclisin deputatı, ATƏT PA-da parlament nümayəndə heyətinin rəhbəri, ATƏT PA-nın vitse-prezidenti və Cənub-Şərqi Avropa üzrə xüsusi nümayəndəsi Azay Quliyev qurumun bir sıra üzv ölkələrinə səfər edəcək.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən 1news.az-a bildirilib ki, deputat ATƏT Parlament Assambleyasının Cənub-Şərqi Avropa üzrə xüsusi nümayəndəsi qismində mayın 8-dən 10-dək Şimali Makedoniyanın paytaxtı Skopye şəhərində, mayın 10-11-də Albaniyanın paytaxtı Tiranada, mayın 11-dən 13-dək isə Monteneqronun paytaxtı Podqoritsada səfərdə olacaq.
Səfər çərçivəsində bu ölkələrin dövlət rəsmiləri ilə bir sıra görüşlərin keçirilməsi nəzərdə tutulub.
Səfər zamanı ölkələrin hazırkı vəziyyəti təhlil ediləcək, regionda mövcud durumun qiymətləndirilməsi aparılacaq.