Ceyhun Bayramov: “Ermənistan tərəfinin təqdim etdiyi sənəd Azərbaycanın təkliflərinə reaksiya formasında idi”
Azərbaycanın mövqeyini bilirsiniz və Azərbaycan təməl prinsiplərini bəyan edib. Azərbaycan o təməl prinsipləri əsasında danışıqları davam etdirməyə və sülh müqaviləsi üzərində işləməyə hazırlığını bildirib.
1news.az-ın Trend-ə istinadən məlumatına görə, bunu xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib.
C.Bayramov bildirib ki, Azərbaycan tərəfi hələ fevral ayında Ermənistana sülh müqaviləsinin təməl prinsipləri üzrə 5 baza prinsipini təqdim etmişdi, Ermənistan isə bu prinsiplərin onlar üçün uyğun olmadığını bildirmişdi.
“Ancaq maraqlısı bundan ibarətdir ki, hər kəs Ermənistanın qəbul etdiyi sənədi görüb. Sənədə baxarkən görünür ki, bu, təkliflər adlandırıla bilməz. Ermənistan tərəfinin təqdim etdiyi sənəd Azərbaycanın təkliflərinə reaksiya formasında idi. Mən o 6 bənddən ibarət reaksiyanın bir neçəsini sadalaya bilərəm və siz də qənaətə gələ bilərsiniz ki, bunu nə qədər təklif adlandırmaq olar”, - deyə nazir əlavə edib.