Mikayıl Cabbarov Səngaçal terminalında olub - FOTO
İqtisadiyyat naziri, SOCAR-ın Müşahidə Şurasının sədri Mikayıl Cabbarovun rəhbərlik etdiyi nümayəndə heyəti Səngaçal terminalına səfər edib.
SOCAR-dan 1news.az-a verilən məlumata görə, səfər neft və qazın qəbulu, texnoloji emalı və ixracı üzrə dünyanın ən böyük terminallarından biri hesab olunan və beynəlxalq standartlara cavab verən bu obyektin işinə yerində baxış keçirmək, mövcud və perspektiv optimallaşdırma imkanlarını müzakirə etmək məqsədi daşıyıb.
Səfərin gündəliyi terminalın tarixi, cari əməliyyatlar, terminaldakı qurğuların funksiyaları və həyata keçirdiyi proseslər barədə təqdimatlardan və perspektiv imkanların müzakirəsindən ibarət olub.
Terminalda nümayəndə heyətinin bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Cons və bp-nin regional rəhbərliyinin nümayəndələri ilə işgüzar görüşü keçirilib.
Sonra Azəri-Çıraq-Günəşli (AÇG) və Şahdəniz texnoloji qurğular ərazisi, Cənubi Qafqaz Boru Kəmərinin (CQBK) birinci kompressor stansiyası, Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəmərinin birinci nasos stansiyası, Mərkəzi Dispetçer Məntəqəsi, SOCAR-ın ölçü məntəqəsi və digər obyektlərə tur təşkil edilib.