Vüqar Rəhimzadə: Ermənistanın Avropa İttifaqına qarşı riyakarlığı | 1news.az | Xəbərlər
Siyasət

Vüqar Rəhimzadə: Ermənistanın Avropa İttifaqına qarşı riyakarlığı

16:28 - 20 / 05 / 2022
Vüqar Rəhimzadə: Ermənistanın Avropa İttifaqına qarşı riyakarlığı

“Azərbaycanın hərbi-siyasi Qələbəsinin və Ermənistanın kapitulyasiyasının təsdiqi olan 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın imzalanmasından ilyarımdan artıq vaxt keçsə də Ermənistan sənəddə əks olunmuş və sonrakı bəyanatlarla bir daha möhkəmləndirilmiş öhdəliklərini pozmaqda davam edir.

Diqqət çəkən məqam yenə də işğalçı dövlətin bu mövqeyinin dünya gücləri tərəfindən laqeydliklə qarşılanmasıdır. Bu baxımdan ki, dünyanın aparıcı dövlətləri, nüfuzlu beynəlxalq təşkilatlar regionda sülhün və təhlükəsizliyin təmin edilməsi üçün Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılmasına dəstək verməyə hazır olduqlarını bildirsələr də hələ ki, Avropa İttifaqından başqa hansısa qurumun, dövlətin konkret addım atdığını görmək mümkün deyil. Azərbaycan sülh müqaviləsini təklif etməklə yanaşı, onun qısa zamanda imzalanmasının vacibliyini ən yüksək tribunalardan bəyan edir. 30 illik işğal dövrünün reallıqlarından fərqli olaraq hazırkı mərhələdə Azərbaycan qalib ölkə kimi diktə edən tərəf olaraq bu çağırışı edir ki, sülh təklifi uzun müddət masa üzərində qala bilməz. Bu, Ermənistan üçün son şansdır. Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə bu ilin aprel ayının 6-da Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistanın baş naziri Nikol Paşinyanın Brüssel görüşündə qəbul olunan sənəddə ölkəmizin irəli sürdüyü 5 prinsip işğalçı dövlətin rəhbərliyi tərəfindən dəstəklənmişdir. Əslində başqa cür də ola bilməzdi. Çünki bu təkliflər ötən ilyarım ərzində Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılmasına xidmət edən addımlardır. Bu reallığın fonunda sual olunur: Ermənistan sülh müqaviləsinin imzalanmasına səy göstərirmi? Ermənistanda cərəyan edən son hadisələr, həmçinin baş nazir Nikol Paşinyanın sərsəm bəyanatları işğalçı dövlətin sülh müqaviləsinin imzalanmasında maraqlı olmadığını ortaya qoyur. Ermənistan kommunikasiyaların açılmasını, sərhədlərin delimitasiyasını gecikdirir, Birinci Qarabağ müharibəsində əsir düşmüş minlərlə azərbaycanlının taleyi və kütləvi məzarlıqlar barədə məlumat verməkdən, vaxtilə işğal altında saxladığı ərazilərin mina xəritələrini təqdim etməkdən boyun qaçırır. UNESCO-nun Ermənistandakı Azərbaycan tarixi irsinin monitorinqini sabotaj edir, Zəngəzur dəhlizi məsələsini uzadır.”

1news.az xəbər verir ki, bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

Vüqar Rəhimzadə vurğulayıb ki, Ermənistan sərhədlərin delimitasiyası və sülh müqaviləsinə dair Avropa İttifaqının vasitəçiliyi ilə əldə olunmuş razılaşmaları açıq-aşkar pozur: “Dövlət başçısı İlham Əliyev ölkəmizdə səfərdə olan Litva Prezidenti Gitanas Nauseda ilə birgə mətbuata bəyanatında bu fikri xüsusi qeyd etmişdir ki, biz Cənubi Qafqazı sülh, əməkdaşlıq və qarşılıqlı fəaliyyət bölgəsi kimi görmək istəyirik. İkinci Qarabağ müharibəsindən sonra bu əməkdaşlıq formatını yaratmaq üçün imkan var. Postmünaqişə vəziyyətinə gəldikdə, müəyyən nikbinlik var. Ermənistan rəsmi olaraq sülh müqaviləsi ilə bağlı Azərbaycan tərəfindən irəli sürülən beş əsas prinsipi qəbul etmişdir. İkinci Qarabağ müharibəsi qurtaran kimi Azərbaycan açıq şəkildə sülh müqaviləsinin bağlanmasını və sərhədlərin delimitasiyasına dair birgə komissiyanın yaradılmasını dəstəkləməyə başlamışdır. Bu, Ermənistan tərəfindən müsbət qarşılanmadı. Sonra Azərbaycan beş prinsipi dəqiqləşdirdi. Hansı ki, bunlar beynəlxalq hüququn əsas prinsipləridir, BMT Nizamnaməsi, Helsinki Yekun Aktı və yaxşı beynəlxalq təcrübə və davranışlara uyğundur. Ölkə Prezidenti ümid etdiyini ifadə etmişdir ki, Ermənistan həmin prinsipləri qəbul etdiyini ehtiva edən ilkin mövqeyinə sadiq qalacaq və bu, sülh sazişi üçün əsas olacaq.

Onu da qeyd edək ki, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin iştirakı ilə aprelin 6-da Brüsseldə əldə olunan razılaşmaya görə, aprelin 29-na qədər hər iki tərəf sülh müqaviləsinin bağlanması və sərhədlərin delimitasiyasına dair işçi qrupu yaratmalı, müvafiq görüşlər keçirilməli və əməli fəaliyyətə başlanmalı idi.”

YAP Xətai rayon təşkilatının sədri vurğulayıb ki, Azərbaycan işçi qrupunu vaxtında yaratsa da, Ermənistan tərəfindən real hərəkətlilik müşahidə edilmir. “Bütün hallarda hələ də mövcudluğu inkar edilməyən ikili standartlara əsaslanan siyasət öz sözünü deyir. Bu baxımdan ki, görünür Azərbaycan Ordusunun 44 günlük İkinci Qarabağ müharibəsində göstərdiyi qəhrəmanlıq, işğalçı dövlətə verdiyi dərs unudulub. Dünyanın bəzi gücləri zamanında Ermənistana nümayiş etdirdiyi destruktiv mövqeyə görə sanksiyalar tətbiq etsəydilər, hər halda İkinci Qarabağ müharibəsi baş verməyəcəkdi. Beynəlxalq hüququn norma və prinsiplərinin vahid mexanizm əsasında tətbiqini apxa plana keçirən bəzi dünya gücləri bunun yaratdığı faciələri artıq tarixin arxivinə atılmış Dağlıq Qarabağ münaqişəsinin timsalında gördü. 30 il işğalçıya dəstək olub torpaqlarımızın unudulacağı ilə bağlı özlərində əminlik yaradan Ermənistan və ona havadarlıq edən dövlətlər Azərbaycanın dəyişməz mövqeyi fonunda hazırkı durumun yaşanacağından xəbərdar idilər. Çünki rəsmi Bakı dəfələrlə ən yüksək tribunalardan bəyan edirdi ki, bir qarış torpağımız belə düşmənə verilməyəcək. Sülh danışıqları səmərə verməyəcəyi təqdirdə hərb variantı istisna edilmir. 44 günlük İkinci Qarabağ müharibəsi bunun təsdiqidir. Bu gün bəzi dünya güclərinin yenə eyni mövqeni sərgilədikləri müşahidə edilir. Azərbaycan ədaləti bərpa etdi, Dağlıq Qarabağ münaqişəsini tarixə qovuşdurdu, münasibətlərdə yeni səhifənin açılmasında maraqlı olduğunu bəyan etdi. Amma Ermənistan konstruktiv mövqe ortaya qoymur, dünya yenə də seyrçi mövqedə dayanır. Konkret addımlar atmağın, Ermənistanı sülh müqaviləsini imzalamağa məcbur etməyin zamanıdır.”

Vüqar Rəhimzadə bu məqama da diqqəti yönəldib ki, Ermənistan sərhədlərin delimitasiyasına dair ilk görüşün iki ölkənin sərhədində keçirilməsi barədə təklif irəli sürmüşdü və Azərbaycan da bu təklifi dəstəkləmişdi: “Amma Ermənistan artıq aprelin 29-na razılaşdırılmış görüşü ləğv etdi, daha sonra isə 7-11 may tarixlərində sərhəddə yeni görüşün keçirilməsi barədə razılaşmanı icra etmədi. Ermənistanın bu gün atdığı addımlar bizi 30 illik işğal dövründə nümayiş etdirdiyi mövqeyi yada salır. Məsələ burasındadır ki, münaqişənin həlli ilə bağlı prezidentlər səviyyəsində görüşün vaxtı təyin olunan kimi Ermənistan tərəfi bu görüşdən yayınmaq üçün müxtəlif bəhanələrə əl atırdı. Daha çox istifadə edilən taktika atəşkəsi pozmaq idi. Bu gün də həmin ssenariyə uyğun addımlar atılır. Atəşkəs pozulur, Ermənistanın baş naziri qatıldığı tədbirlərdə sülh müqaviləsinə kölgə salacaq sərsəm bəyanatlar səsləndirir.”

“Qeyd etdiklərimiz göstərir ki, Ermənistan daim öhdəlikləri yerinə yetirməyən, Azərbaycan isə hər zaman vədinə sadiq qalan ölkə kimi diqqət çəkib. Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, aprelin sonuna qədər görüşə hazır olduğumuzla bağlı Avropa İttifaqı Şurasının Prezidentinin iştirakı ilə söz vermişdik və biz vədimizə sadiq idik. Lakin biz eyni münasibəti Ermənistan tərəfindən də görməliyik”, - deyə YAP Xətai rayon təşkilatının sədri bildirib.

Vüqar Rəhimzadə qeyd edib ki, öhdəliklərini addımbaşı pozan Ermənistanın bu hərəkətləri məsuliyyətsizlik və sabotajdır. Azərbaycan tərəfi artıq tarixə qovuşmuş Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçilik missiyasını Ermənistana xidmətdə görən ATƏT-in Minsk qrupunu tarixin arxivinə göndərdiyi halda, işğalçı dövlət hələ də bu vasitəçiliyin bərpasına ümid edir. Avropa İttifaqının neytral mövqe sərgiləyərək vasitəçiliyini davam etdirməsinə Ermənistan üzdə narazılığını bildirməsə də sülh müqaviləsinin imzalanması ilə bağlı ATƏT-in Minsk qrupundan təklif gözləməsi bir çox qaranlıq məqamların açıqlanmasında yardımçıdır. Digər tərəfdən, bütün razılaşmaları pozan Ermənistan Xarici İşlər Nazirliyinin gözlənilmədən Rusiyanın TASS agentliyinə sərhədlərin delimitasiyası və sülh danışıqlarına dair görüşün Moskvada keçirilməsinə hazır olduqlarını bəyan etməsi də səbəbsiz deyil və çoxsaylı sualların yaranmasına rəvac verir.”

Vüqar Rəhimzadə bildirib ki, baş verənlər növbəti dəfə Ermənistanın riyakarlığını göstərir: “Belə ki, əvvəlcə görüşün Rusiyanın iştirakı olmadan sərhəddə keçirilməsini təklif edən rəsmi İrəvan sonradan Moskvanın təzyiqi altında görüşün Rusiyada keçirilməsinə hazır olduğunu bildirir. Bununla əvvəlcə Moskvanı kənarda qoymaq istəyən Ermənistan sonradan təzyiq qarşısında Avropa İttifaqını prosesdən kənarlaşdırmağa çalışır. Müstəqilliyi formal xarakter daşıyan Ermənistan yenə də Rusiyadan asılılığını təsdiqləyir”.

YAP Xətai rayon təşkilatının sədri vurğulayıb ki, mayın 22-də Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyan arasında növbəti görüşün keçiriləcəyi gözlənilir: “Hər bir görüş postmünaqişə dövrünün reallıqlarının beynəlxalq səviyyədə qəbul edilməsinin təqdimatıdır. Baxmayaraq ki, Ermənistan hələ də Azərbaycanın döyüş meydanında və informasiya cəbhəsində qazandığı böyük uğurları, tarixi Zəfərimizi həzm edə bilmir, amma reallıqlar ona diktə edir ki, yalan təbliğatın, siyasətin ömrü uzun ola bilməzdi. Bu cür siyasətin son nəticədə haqqın, ədalətin qarşısında diz çökəcəyi gün uzaqda deyildi. Bunun üçün dünya ədalət deyilən prinsipin mövcudluğunu qəbul etməli, işğalçını adı ilə çağırmalı idi. Necə ki, 44 günlük Vətən müharibəsində buna nail olduq. Azərbaycan bu gün də sülh gündəliyinə sadiqdir və ümid edirik ki, Ermənistan nəhayət, ona verilən son şansdan yararlanacaq”.

1news.az

Paylaş:
274

Son xəbərlər

Ədalət Verdiyev həbs edildi25 / 11 / 2024, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıb25 / 11 / 2024, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşüb25 / 11 / 2024, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaq25 / 11 / 2024, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanır25 / 11 / 2024, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”25 / 11 / 2024, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdür25 / 11 / 2024, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcək25 / 11 / 2024, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏT25 / 11 / 2024, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEO25 / 11 / 2024, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildi25 / 11 / 2024, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıb25 / 11 / 2024, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandı25 / 11 / 2024, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib25 / 11 / 2024, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilib25 / 11 / 2024, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHI25 / 11 / 2024, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAM25 / 11 / 2024, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıb25 / 11 / 2024, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıb25 / 11 / 2024, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”25 / 11 / 2024, 13:37
Bütün xəbərlər